Əlaqə Arxiv
news Image
2018.01.20
09:00
| A A A
Krakov görüşündə Qarabağ münaqişəsi üzrə kreativ ideyalar
Vəli Əlibəyov: “Görüşdən hələlik ciddi nəticələr gözləmək olmaz” Natiq Miri: “Əgər danışıqlarda predmetlər üzrə müzakirələr başlayacaqsa, ilk növbədə Dağlıq Qarabağ ətrafı beş rayonun boşaldılması hədəf olacaq”

Yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında növbəti görüş keçirilib. Polşanın Krakov şəhərində keçirilən ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub. 

Görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüldüyünü bildirib. Ancaq konkret təkliflər açıqlanmasa da, həmsədrlərin  bəyanatından yenə də şablonçuluq sezilir. Siyasilərin fikrincə də, bu görüşdən Qarabağ probleminin həllində müsbət nəticələr gözləmək ehtimalı azdır. 
Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyovun fikrincə, görüşdən hələlik ciddi nəticələr gözləmək olmaz: “Qarabağın işğalçılardan danışıqlar yolu ilə azad olunması üçün bu işğala dəstək verən tərəfin yəni, Rusiyanın mövqeyində ciddi dəyişikliklər olmalıdır. Rusiya geosiyasi doktrinasını və münaqişəyə rəvac verən obrazını dəyişməli, və ya həddən artıq zəifləməlidir ki, Ermənistan işğal etdiyi ərazilərimizdən geri çəkilsin. 
Təəssüf ki, bu gün qeyd edilən şərtlərdən heç birini müşahidə etmirik. Başqa bir tərəfdən, Azərbaycan elə zəif deyil ki, düşmənlərimiz bizi maraqlarımıza zidd sülhə razı sala bilsinlər”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, görüş yalnız həmsədrlərin bəyanatları əsasında şərh oluna bilər: “Bəyanatlardan da görünür ki, hələ də əsas müzakirə predmeti atəşkəs mexanizmlərinin yaradılması, ATƏT-in nümayəndəsi Anjey Kaspirşikinin ofisinin böyüdülməsi ilə bağlı razılıq məsələləridir. Düzdür, digər məsələlər də müzakirə obyekti olub. 
Ermənistanda mart ayında seçkilər keçiriləcək. Bu seçki hərbi xunta üçün çox önəmlidir. Bundan başqa, növbəti parlament seçkiləri vasitəsi ilə hökumətə gələcək şəxsin müəyyənləşməsi Serj Sarkisyan klanı üçün əhəmiyyətlidir. Çünki Serj Sarkisyan klanı konstitisiya dəyişikliyinə uyğun olaraq baş nazirlik postuna iddialıdır. Bununla da Qarabağ klanını davam etdirmək istəyir. Belə olduğu təqdirdə danışıqlar masasına konkret təkliflərlə gəldiyini iddia Edvard Nalbadyanın səmimiyyətinə inanmaq mümkün deyil. Əgər danışıqlarda predmetlər üzrə müzakirələr başlayacaqsa, ilk növbədə Dağlıq Qarabağ ətrafı beş rayonun boşaldılması hədəf olacaq. İndiki seçki dönəmində isə Serj Sarkisyan rejimindən bu cür güzəştləri gözləmək olmaz. Ona görə də Ermənistan yeni təkliflərlə masaya oturmaq görüntüsü yaradır. Əsas məsələ zaman qazanmaqdır. Çünki Ermənistan narahatdır S. Sarksiyan klanı üçün həssas olan məqamda Azərbaycan lokal hərbi əməliyyatlar keçirərək erməni ordusuna sarsıdıcı zərbə vurmaqla bir neçə məntəqəni azad edə bilər. Bu da  S. Sarksiyan klanının Ermənistan üzərində hakimiyyətinə son qoyacaq”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz