Əlaqə Arxiv
news Image
2018.01.20
09:30
| A A A
İrəvanda böhranlı situasiya
Yuxarılar idarə edə bilmir, aşağılar itaətsizliyə məcburdur

Yanvarın 19-dan Ermənistanda hakimiyyət əleyhinə yeni kütləvi aksiyalar başlanıb. Bəzi eksperlər belə iddialar səsləndirir ki, aksiyalar hakimiyyətin dəyişməsi ilə nəticələnə bilər. Bu mümkündürmü və  belə olarsa Qarabağ məsələsində hansı yeniliklər gözləmək olar? 

Mitinqlər parlamentin müxalif “Yelk” fraksiyasının çağırışı ilə başlanmalıdır. Hələlik əsas səbəb kimi yeni ilin ilk günlərindən başlanmış bahalaşmaya qarşı mübarizə göstərilir. Ancaq ölkədəki vəziyyətin təhlili göstərir ki, iqtisadi tələblərin inkişafı gedişində siyasi tələblərin də səsləndrilməsi baş verəcək. Təşkilatçıların məqsədi hələlik yalnız xalqı meydanlara çıxarmaqdır. Ancaq bəzi qruplar artıq mitinqlərə qoşulmaq barədə qərarlarını açıqlamağa başlayıblar. “Sağ sükan” vətəndaş təşəbbüs qrupu “Yelk” fraksiyasının mitinq qərarına qoşulan ilk dəstədir. Fəallar hesab edirlər ki, hakimiyyətə qarşı mübarizə daha mütəşəkkil və səmərəli olacaq. Təşəbbüs qrupunun əlaqələndiricisi Qevorq Açemyan mətbuata açıqlmasında deyib: “Biz artıq bildirmişik ki, mübarizə cəbhəmizi genişləndiririk və təkcə sağsükanlı avtomobillər üçün yox, həm də qiymətlərin artmasına qarşı mübarizə aparırıq. Biz “Yelk” fraksiyasının nümayəndələrinin elan etdikləri mitinqə qoşuluruq, çünki avtomobillərin də qiymətləri qalxacaq, bu isə xalqın acınacaqlı vəziyyətini daha da ağırlaşdıracaq”. Onun fikrincə, hökumət qiymətləri süni şəkildə qaldırır. 
Əgər parlamentdəki müxalif fraksiya siyasi partiyanı təmsil edirsə, “Sağ sükan” qrupu sadə vətəndaşların mənafeyini müdafiə edir. Bu mənada mitinqlərdə siyasi və iqtisadi narazılıqların birləşməsi gözlənilir ki, bu da hakimiyyətə böyük zərbə olacaq. 
Mitinqlərin başlaması ərəfəsində erməni siyasi hakimiyyətnə və ümumiyyətlə, erməni xalqına daha bir zərbə rus politoloq Stanislav Tarasovdan gəlib. Politoloqun Rusiya-Ermənistan münasibətlərinin xarakterinə aid söylədiyi fikirlər hamının bildiyi, amma İrəvanda heç də hamının dilə gətirmədiyi həqiqətlərdir. Bu isə vəziyyətin acınacaqlı olduğunu göstərməklə yanaşı həm də erməniləri öz günlərinə ağlamağa məcbur edir. Bu haqda “ArmenianReport” saytı təhlil aparıb və həqiqəti söylədiyinə görə rus politoloqa təşəkkür edib: “Həqiqətə görə sağ olun, cənab Tarasov”. Bəs, nədir bu həqiqət?!  Tarasov deyir ki, Sarkisyanın və Karapetyanın xeyrinə olan başlıca “arqument” onlardan birincisinin Putinə, ikincisinin isə Medvedyevə yaxın olmalarıdır. Kremldə erməni xalqının nə fikirdə olması haqda düşünmək belə istəmirlər. Saytın yazdığına görə, bu məsələlər Ermənistanın gələcək taleyinin necə olacağına aiddir. Çünki, Tarasov bildirir: “Moskvada hazırkı prezident Serj Sarkisyanla baş nazir arasında fərq qoymurlar”. Romella Mnasakyan yazır ki, “təsadüfən və ya bilərəkdən Tarasov bizə məlum olan həqiqəti səsləndirib”.  
Yazarın fikrincə, bütün dünya bilir ki, Ermənistan Rusiyanın təsir zonasındadır. Gürcüstan və Ukraynanın timsalında sübut olunub ki, onun təsir dairəsindən çıxmaq istəyənin başına nə gəlir. Hələlik, bu hədə Tarasov kimi politoloqların dili ilə edilir. 
Göründüyü kimi, Ermənistanda vəziyyət çox xaotik olduğundan və hakimiyyət real hakimiyyətə malik olmadığından mitinqlərdə nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bir tərəfdən də deyildiyi kimi, Serj Sarkisyan güruhunun əlindən heç nə gəlmir. İndi məsələ burasındadır ki, əgər mitinqlərdə məqsədə nail olunsa, siyasi tələblər irəli sürülərək hakimiyyət dəyişikliyinə nail olunsa və Ermənistanın müstəqilliyini daha önəmli sayan siyasətçi hakimiyyətə yiyələnə bilsə, onda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun açılmasını gözləmək olar. Çünki, ağıllı siyasətçi gözəl anlayır ki, bu münaqişə həll olmdan Ermənistan gələcəyə baxa bilməyəcək.
N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz