Əlaqə Arxiv
news Image
2018.01.20
10:00
| A A A
Vaşinqtondan Ankaraya qarşı məkrli mövqe
Elşən Manafov: “Yaranan gərginliyin yeganə səbəbkarı ABŞ, onun yanlış mövqeyidir” Elman Nəsirov: “ABŞ-ın Ankaranı təkləməsi müttəfiqlik münasibətlərinə sağalmaz zərbə vura bilər”

“ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTürk”ə müsahibəsində deyib. "Bizim Suriyada  opponentimiz ABŞ-dır. Ancaq narahat olduğumuzu hamı, Fransa da bilir. Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq. Ancaq ABŞ-ın da səmimi olması lazımdır".  ABŞ nədən Suriyada Türkiyəyə qarşı terrorçularla əməkdaşlıq edir? Nədən Türkiyə kimi bir mütəffiqini itirəcək addımlar atır?

Politoloq Elşən Manafov bildirdi ki, Ankaranın müstəqil siyasət həyata keçirməsi Ağ Evi qıcıqlandırır. Ona görə də, ABŞ bir çox hallarda maraqları Türkiyə ilə üst-üstə düşməyən səhv addımlar atır: “Məsələ ondadır ki, ABŞ-la Türkiyə arasında yaşanan gərginliyin səbəbkarı gerçəkdən elə Vaşintonun özü, daha doğrusu indiki adminstrasiya və şəxsən Donald Trampın özüdür. 
Bilirsiniz ki, Türkiyə uzun müdətdir ABŞ-dan raketdən müdafiə sistemləri olan raketlərin satılması təkliflərilə çıxış edib. Bu da normal haldır. Çünki NATO üzvü olan digər dövlətlər ABŞ-dan bu tip silahları alıb. Ancaq nədənsə Vaşinqton Türkiyəyə həmin silahları satmağa qısqanclıqla yanaşır. Bu azmış kimi, Tramp adminstrasiyası açıq-aşkar Türkiyənin dövlət təhlükəsizliyi, ərazi bütövlüyü üçün ciddi təhlikə təşkil edən PKK-nın Suriyadakı məlum qanadı PYD-ni silahlandırır, ona maliyyə dəstəyi verir. Baxmayaraq ki, prezident Rəcəb Tayyip Ərdoğanla olan məlum danışıqlarda ABŞ həmin məsələni götür-qoy edəcəyini, PYD-yə silah və maliyyə dəstəyi verməkdən imtina edəcəyini bəyan etmişdi. 
Görünür, ABŞ-ı qıcıqlandıran amil Ərdoğanın müstəqil və Türkiyə dövlətinin maraqlarına uyğun siyasət yürütməsidir.  Ərdoğan ölkəsinin NATO üzvü olmasına baxmayaraq, Yaxin və Orta Şərqlə bağlı olaylara heç də ABŞ-ın yeni dünya nizamı ilə bağlı siyasəti kontekstində yanaşmır. Bu da ABŞ-ın siyasi rəhbərliyini qıcıqlandırır. Halbuki, Ərdoğana qədər Türkiyənin siyasi elitası birmənalı olaraq ABŞ-ın Yaxın və Orta Şərqlə bağlı siyəsətinin yedəyində gedirdi. Yəni, Türkiyə Ərdoğana qədər belə bir müstəqil mövqe sərgiləməmişdi. Bu da təbii ki, ABŞ-ı ciddi şəkildə narahat edir. 
Vaşinqtonla Ankara arasında yaşanan gərginliyin digər səbəbi isə Ağ Evin Fətullah Güləni təhvil verməkdən imtina etməsi və Ərdoğan iqtidarını nəyin bahasına olursa-olsun hakimiyyətdən kənarlaşdırmaqla bağlı sərgilədiyi qeyri-adekvat mövqeyidir.  Ankaranın israrlı mövqeyinə baxmayaraq, ABŞ hələ də çevrilişə cəhddə ittiham olunan Güləni təhvil verməkdən imtina edir. Uzun müddətdir, Avropa Birliyi də Türkiyəni quruma qəbul etmir. Halbuki, bu müddət ərzində Türkiyə AB-nin ünvanladığı bütün tələb və təklifləri birmənalı şəkildə yerinə yetirərək, ölkənin məhkəmə və siyasi sistemində müvafiq islahatlar aparıb. Türkiyəni sıxışdırmaq, onu küncə sıxmaq, məlum mövqeyilə hesablaşmamaq istəyi təbii ki, Ərdoğanı ABŞ-ın əsas rəqibi olan Rusiya ilə yaxınlaşmağa məcbur edib. Ərdoğanın Rusiyadan S-400 raketləri almaqla bağlı razışalması da Vaşinqtonu əməlli-başlı özündən çıxartdı.
Digər tərəfdən, Türkiyəyə münasibətdə Trampın düşmən mövqeyi seçməsinə Ankaranın Qüdslə bağlı sərgilədiyi doğru mövqe də səbəb oldu. Məhz Türkiyənin dəstəyilə bu məsələdə beynəlxalq birlik BMT çərçivəsində ABŞ-ın mövqeyinə qarşı açıq şəkildə əks mövqe ortaya qoydu. Habelə, Suriya məsələsində Ərdoğanın Rusiya və İranla əməkdaşlığı da Ağ Evi narahat edib. ABŞ-ın Suriyanı parçalamaq və bu ölkə və İraqın ərazisində kürd dövləti yaratmaqla bağlı məlum layihəni dəstəkləməsi Türkiyənin milli maraqlarına zidd olduğundan, Ankara bu istiqamətdə də Vaşinqtonun əleyhinə çıxış edir. Bütün bu deyilənlər ondan xəbər verir ki, yaranan gərginliyin yeganə səbəbkarı ABŞ, onun yanlış mövqeyidir. Belə vəziyyət sonda Türkiyəni NATO-dan uzaqlaşmağa və Rusiya ilə bir müstəvi üzərində addımlar atmağa sövq edə bilər”.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov da qeyd etdi ki, Ağ Ev Ankaranın müstəqil siyasət yürütməsini həzm edə bilmir: “NATO üzrə müttəfiq olaraq bir sıra məsələlərdə ABŞ-la Türkiyə ümumən ortaq mövqedən çıxış edirlər. Lakin bir çox məsələlərdə isə onlar arasında ciddi fikir ayrılığı mövcuddur. Uzun müddət Bəşər Əsədin hakimiyyətdən getməsi məsələsində Vaşinqtonla Ankara ortaq mövqe ortaya qoydular. Lakin sonrakı mərhələdə, İŞİD-lə mübarizə kontekstində bir çox hallarda mövqelər dəyişdi. Türkiyə terrorçu hesab etsə də, Suriyanın şimalında Amerikanın dəstəyilə möhkəmlənən  PKK qanadı PYD-i Vaşinqton terror təşkilatı hesab etmir. Bir yandan ABŞ PKK-ı terror təşkilatı kimi tanıyır, amma onun Suriyadakı qanadını bu sıraya aid etmir. Türkiyə heç bir halda özünün cənub sərhədində terrorçu dəstələrin güclənməsinə imkan verməyəcək və bununla bağlı önləyici addımlar atacaq. Türkiyə XİN rəhbərinin bu müstəvidə ABŞ-ı terrorizmdə ittiham etməsi də yuxarıda qeyd etdiyim amillərlə bağlıdır. Bu da iki ölkə arasında münasibətlərdə çatların əmələ gəlməsinə gətirib çıxarsa da, ciddi və əsaslı ittihamlardır. Bundan sonra Türkiyə ABŞ münasibətlərinin bərpası ancaq bir halda mümkündür. ABŞ PKK qanadı PYD terror qrupuna qarşı məsələdə Ankaranın yanında olmalıdır. ABŞ Türkiyəni bunun əksinə getməklə bir müttəfiq olaraq itirə bilər. Türkiyə NATO-nun cənub qanadını təşkil edir. Qurumun cənub perimetrində təhlükəsizlik məsələləri birbaşa Türkiyədən asılıdır. Həmçinin, Türkiyə Yaxın və Orta Şərqdə sabitləşdirici funksiyanı həyata keçirir. Bu fonda da NATO üzrə müttəfiq kimi, Türkiyə qurumdakı tərəfdaşlarının mənafeyinə uyğun olan siyasət həyata keçirir.  
Belə olan halda, Türkiyənin milli marağına təhdid olan bir məsələdə ABŞ-ın Ankaranı təkləməsi nəticə etibarı ilə müttəfiqlik münasibətlərinə sağalmaz zərbənin vurulmasına gətirib çıxara bilər.  Bu halda da NATO-nun cənub dəhlizi ciddi təhlükə ilə üz-üzə qalacaq. İkinci bir tərəfdən də ABŞ Türkiyənin Yaxın və Orta Şərqdəki sabitləşdirici rolundan yararlana bilməyəcək. Bütövlükdə, bölgədə vəziyyət arzuolunmaz ssenari üzrə inkişaf edə və ABŞ-ın marağına zidd proseslərin getməsinə, Türkiyənin digər strateji güc mərkəzlərinin yanında yer alması kimi məsələlər aktuallaşa bilər. Buna görə də məsuliyyət ABŞ başda olmaqla NATO-nun üzərinə düşəcək”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz