news Image
2013.03.19
17:22
| A A A
Xocalı soyqırımı ABŞ Konqresinə də çıxarılacaq
Elman Abdullayev : «Humanizmə, bəşəriyyətə qarşı törədilən bu cür cinayətlər təbii ki, Konqresin gündəliyində olmalıdır» Elxan Şahinoğlu: «ABŞ ştatlarının bir-birinin ardınca Xocalı soyqrımını tanıması çox uğurlu gedişatdır»

Martın 18-də ABŞ-ın Tennessi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu bildirilir.


Konqresmen Co Tauns tərəfindən hazırlanmış, konqresmenlər Hardavey və Kuperin dəstək verdikləri HR0048 nömrəli qətnamə layihəsi Nümayəndələr Palatasına təqdim edilmiş, 92 konqresmen layihənin lehinə səs verib. Bununla bağlı müvafiq qətnamədə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu bildirilir.


Xatırladaq ki, Tennessi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Massaçusets, Texas, Meyn, Nyu-Cersi, Corciya, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib. Təbii ki, ABŞ ştatlarının ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqrımını tanıması müsbət haldır. Ştatların bu soyqrımı tanıması həm də Azərbaycanın diplomatik qələbəsidir. Görəsən, tezliklə bu məsələ ABŞ Konqresinə çıxarıla bilərmi?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Xocalı soyqrımını ABŞ-ın 10 ştatının tanıması barədə Movqe.az-a aşağıdakıları bildirib: "Bu məsələ Amrerika cəmiyyəti tərəfindən qiymətləndirilən məsələdir. Bizim mesajımız ondan ibarətdir ki, Xocalı soyqrımı bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir. Belə cinayətə də yalnız və yalnız bəşəriyyətin özü cavab verəcəkdir. Azərbaycan tərəfinin vəzifəsi sadəcə olan həqiqətləri cəmiyyətə yaymaqdır. Artıq hansı cəmiyyətin tez və yaxud da gec reaksiya verməsini proqnozlaşdırmaq mümkün deyil. Bu zəncirvari bir reaksiya başlayıb və davam edir. Xocalı soyqrımı ilə bağlı Azərbaycan dövlətinin fəaliyyəti təkcə fevral ayında məhdudlaşmır. Azərbaycan xalqı, dövləti, təşkilatları, xaricdə yaşayan gənclərimiz bu məsələni yayırlar. Kim tez, kim gec reaksiya verəcək, bu, artıq onların öz iradəsindən, özlərindən asılıdır".

E.Abdullayev vurğulayıb ki, Xocalı soyqrımı bir gün mütləq ABŞ Konqresinə də çıxarılacaq: "Humanizmə, bəşəriyyətə qarşı törədilən bu cür cinayətlər təbii ki, Konqresin gündəliyində olmalıdır. Əlbəttə, bir gün bu məsələ mütləq Konqresə çıxarılacaq".

XİN-nin mətbuat rəhbəri ardıcıl olaraq ştatların Xocalı soyqrımını tanıması prosesi ilə bağlı daha sonra bildirib: "Məqsəd sadəcə Xocalı soyqrımının tanınmasıdır. Hər ştatın qanunverici orqanı o ştatın əhalisini təmsil edir. Əhalisi adından qərar verəcək olan bu qurumlar tərəfindən müvafiq reaksiyanın bildirilməsi bəşəriyyətin, insanların münasibəti deməkdir. Bizim üçün ən önəmli məqam bu məsələyə hüquqi və siyasi qiymətin verilməsidir. Ona görə də, bu gün Xocalı qurbanlarının xatirəsinin əziz tutulması, əbədiləşdirilməsi üçün əsas məqsəd beynəlxalq ictimaiyyət tərəfindən müvafiq reaksiyanın verilməsinə nail olmaqdır".


"Atlas" araşdırmalar mərkəzinin rəhbəri və analitiki Elxan Şahinoğlu isə məsələ ilə bağlı fikirlərini Movqe.az-a bildirib: "ABŞ ştatlarının bir-birinin ardınca Xocalı soyqrımını tanıması çox uğurlu gedişatdır. Çünki, Azərbaycan erməni lobbisinin çox yer aldığı ABŞ-da da artıq bu faciəni tanıdır. Artıq 10-cu ştatın qanunverici orqanı soyqrimi tanıdı. Amma düşünmürəm ki, ştatların Xocalı soyqrımını tanıması yaxın gələcəkdə Konqresin bu məsələyə münasibət bildirməsinə səbəb ola bilər. Çünki erməni lobbisinin təsiri çox güclüdür. Amma biz səylərimizi davam etdirməliyik. Qeyd etmək lazımdır ki, son illər bu işlər çox uğurla davam edir. Hansısa bir ölkədə bu məsələ soyuqqanlılıqla qarşılansa belə, bu bizim əlimizi soyutmamalıdır. Ermənilər mifik, 100 il bundan öncə baş vermiş və heç bir sübuta malik olmayan soyqrımı dünyaya sübut etməyə çalışırlar. Biz isə real, 20 il bundan öncə baş verən faktlarla, sübutlarla dünyayaya sübut etməyə çalışırıq. Düşünürəm ki, yekuna qədər uğurla davam etməliyik və Konqresin Xocalı soyqırımını tanımasına nail olmalıyıq.

Beynəlxalq aləm etiraf edir ki, 21 il bundan əvvəl bu soyqrım olub və 600-dən çox günahsız insan qətlə yetirilib. Bunu heç kim inkar etmir, edə də bilməz. Hətta Ermənistanda belə, Xocalı soyqırımını etiraf edən insanlar var. Konfranslarda mən ermənilərlə görüşdükdə onlar bu soyqrımı dəfələrlə etiraf edirlər, sadəcə dilə gətirməkdən çəkinirlər. Bizim əsas məqsədimiz isə bunu qanuniləşdirib, hüquqi qiymət verilməsinə nail olmaqdır. Beynəlxalq qurum bunu tanımalıdır ki, biz onları beynəlxalq məhkəməyə cəlb edə bilək".