Əlaqə Arxiv
news Image
2018.01.23
07:00
| A A A
Azərbaycan silah bazarında yerini möhkəmləndirir
Ədalət Verdiyev: “Silah bazarında önəmli yerlərə çıxmaq şansımız var” Azad İsazadə: “Açılan hər bir silah zavodu ölkənin digər istehsalçılardan asılılığını azaldır”

Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur. Bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda bildirilib. Qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Mütəxəssislərin fikrincə, hərbi təyinatlı məhsulların artan daxili istehsalı ilk növbədə xaricdən asılılığı azaldacaq. Hətta bu fonda ixrac imkanlarımızın genişlənməsi gündəmə gəlir. Bundan başqa, Qarabağ münaqişəsinin tənzimlənməsinə də təsirsiz ötüşməyəcək.
Həbiçi-ekspert Ədalət Verdiyev bildirdi ki, nazir Azərbaycanın istehsal edə biləcəyi silahların anonsunu verdi: “Bu, yüksək güclü elektromaqnit impulsa malik aviasiya bombalarının istehsalıdır. İkinci istiqamət isə elektormaqnit şüalanma yaratmaqla müxtəlif hərbi avadanlıqların elektron idarə edilməsi ilə sıradan çıxarılmasına yönəlik silhların istehsalıdır. 
Digər istiqamətdə 2017-ci ildə 120, 122, 130, 152 millimetrlik  Rusiya istehsalı olan artilleriya mərmilərinin, NATO standartında olan 155 millimetrlik  artilleriya mərmilərinin, 125 millimetrlik  tank mərmilərinin və RPQ-7 V2 üçün reaktiv tank əleyhinə qumbaraların istehsalı nəzərdə tutulur. Bundan başqa, Azərbaycanın yerli istehsalı “İstiqlal” sinfinə daxil olan “Yalquzaq”, “Vaşaq”, “İstiqlal” kimi atıcı silahların seriya istehsalına keçmək idi”.
Ekspert əlavə etdi ki, silah ixracatı sərfəli biznes növüdür: “Gəlirlik səviyyəsinə görə silah satışı ön sıralardan birini tutur. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yeni qurulmasına baxmayaraq, xeyli sayda məhsul istehsal edir. Nəzərə alaq ki, silah bazarında önəmli yerlərə çıxmaq şansımız var. Bu da ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərəcək. Odur ki, yerli istehsalın genişləndiriməsi gündəmə gəlir ki, belə potensialımız da var. Elmi mərkəzlər fəaliyyətlərini bərpa edib. Həm yeni ixtisaslı mühəndislər hazırlanır, həmçinin ehtiyatda olan hərbiçilərdən faydalanırıq. Bunların hamısı da sonda gözlənilən nəticəyə gətirib çıxardacaq”.
Hərbi məsələlər üzrə ekspert Azad İsazadə bildirdi ki, yerli istehsal bir çox vacib məsələlərdən xəbər verir: “İlk növbədə açılan hər bir silah zavodu ölkənin digər istehsalçılardan asılılığını azaldır. Nəzərə alaq ki, döyüş, eləcə də təlim vaxtı həddindən artıq sursatdan istifadə olunur. Silah-sursatın alınması daha baha başa gəlir və vaxt aparır. Bu baxımdan yerli istehsalın faydası böyükdür. Digər tərəfdən silah bazarında Azərbaycan rəqabət qabiliyyətini bir qədər artıracaq. Azərbaycan bazarlara daha geniş silah təqdim edə biləcək. Düzdür, super gücdə silah istehsalından və ya satışından söhbət getmir. Ancaq Azərbaycan da silah bazarında hansısa yeri tutub. Həmin bazarı itirmək yox, genişləndirmək lazımdır. Bu istiqamətdə də işlər həyata keçirilir”.
Ekspert əlavə etdi ki, silah istehsalı texnoloji sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafına gətirib çıxarır: “Bütün yeni texnologiylar ilk növbədə hərbidə istifadə olunur, sonra da mülki həyata gətirilib transfer edilir. Bu baxımdan da hərbi sənaye kompleksi dünyada yaşanan iqtisadi böhran dövründə iqtisadiyyatın inkişafına imkan verir. Digər tərəfdən yeni texnologiyaların ölkədə tətbiq olunmasına kömək edəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz