Əlaqə Arxiv
news Image
2018.01.23
09:00
| A A A
Qarabağ məsələsində substantiv danışıqlar dönəmi başlanır
Elman Məmmədov: “Həmsədr dövlətlərdən bu günə kimi xeyirli heç bir şey görməmişəm və bu gündən sonra da o ümiddə deyiləm”

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüblər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib: "Bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir". Nazirin bu açıqlaması fonunda demək olarmı ki, artıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə start verilə bilər?

Milli Məclisin deputatı Elman Məmmədov qəzetimizə açıqlamasında həmsədrlərin fəaliyyətində müsbətə doğru dəyişikliklərin olmadığına diqqət yetirdi: “Dağlıq Qarabağ münaqişəsinin həllilə əlaqədar irəli sürülən kreativ fikirlərin arxasında nə dayandığını, həmsədrlərin hansı kreativ təkliflərlə çıxış etdiklərini deyə bilmərəm. Onu təbii ki, xarici işlər nazirimiz Elmar Məmmədyarov bilir. 
İctimaiyyətə, o cümlədən mənə hələlik məlum deyil. Ancaq orada maraqlandıran və narahatedici bir məsələ var. Həmsədrlər həmişə olduğu kimi yenə də təkid edirlər ki, təmas xəttində nisbi sakitliyin olması, yəni atəşkəsə əməl edilməsi sevindirici haldır. Bu hal həmsədrləri, işğalçı Ermənistanı sevindirə bilər. Ancaq bir Azərbaycan vətəndaşı, məcburi köçkün kimi məni sevindirmir, əksinə, narahat edir. 
Erməni işğalçı qoşunları Azərbaycan ərazisində təmas xəttindədir. Belə olan halda atəşkəsin olması, təmas xəttində nisbi sakitliyin olması bizi niyə sevindirməlidir ki? Azərbaycan-Ermənistan sərhədində isə nisbi sakitlik, atəşkəs qoy olsun, bu normaldır. Ancaq işğalın davam etdiyi vəziyyətdə niyə təmas xəttində də buna can atmalıyıq ki? Əlbəttə ki, xarici işlər naziri danışıqları aparan şəxs kimi orada hansı təkliflərin olduğunu özü bilir. Bizdə isə bu istiqamətdə məlumat yoxdur. Ona görə də ümumən, həmsədr dövlətləri, onları təmsil edən və tez-tez dəyişən insanların 23-24 illik fəaliyyətinə əsaslanıb deyə bilərəm ki, onlardan Azərbaycan üçün xeyirli olan heç bir təklif gözləmirəm. Onlar da Ermənistan kimi bir məsələnin arzusundadır və ona sevinirlər ki, status-kvo vəziyyətin qorunub saxlanılsın, atəşkəs və sakitlik olsun. Onlar da maaşlarını alaraq dünyanın bütün ölkələrini gəzib, bahalı otellərdə kef çəksinlər. Həmsədr dövlətlərdən bu günə kimi xeyirli heç bir şey görməmişəm və bu gündən sonra da o ümiddə deyiləm”.  
Politoloq Elşən Manafov qeyd etdi ki, Minsk qrupu  həmsədr ölkələrinin iştirakı ilə Krakov görüşünün baş tutması və burada Azərbaycanın sərgilədiyi mövqe bir daha ölkəmizin münaqişənin danışıqlar, sülh yolu ilə beynəlxalq prinsiplər çərçivəsində  tənzimlənməsində maraqlı olduğunu göstərdi: “Erməni iqtidarı isə yenə də qeyri-səmimi mövqe sərgilədi. Krakov görüşündən sonra Azərbaycan xarici İşlər Nazirliyinin danışıqların kreativ xarakter daşıdığı barədə fikirlər göstərir ki, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli yaxın perspektivdə mümkündür. Amma mövcud reallıqları nəzərə alsaq, cari ildə münaqişənin həll olunacağını düşünmək qeyri-səmimi olar. Bu da ondan irəli gəlir ki, martda Ermənistanda parlamentin seçəcəyi prezident seçkiləri olacaq. 
Serj Sarkisyanın baş nazir olacağı isə bir daha onun göstəricisi olacaq ki, erməni iqtidarı yenə də danışıqları ancaq danışıqlar naminə aparmaqda davam edəcək. Hərçənd erməni iqtidarını güzəştə getməyə sövq edəcək amillər də göz önündədir. Krakov danışıqları göstərdi ki, ATƏT-in Minsk qrupu həmsədr dövlətləri belə problemin mövcud statusda qalmasında maraqlı deyillər. Problemin öz həllini tapmaması Cənubi Qafqazda sülh və sabitliyə, bölgə ilə bağlı perspektivdə olan siyasi və iqtisadi layihələrin həyata keçməsinə maneəçilik törədir. Ermənistanda ağırlaşmaqda davam edən sosial-iqtisadi, maliyyə durumu, baş qaldıran etiraz aksiyaları da göstərir ki, artıq erməni xalqı Qarabağ probleminin öz həllini tapmamasından usanıb. Bu amillər güman edirəm ki, sonda erməni iqtidarını güzəştə getməyə sövq edəcək. Azərbaycan və Rusiyada da cari ildə prezident seçkilərinin olduğunu nəzərə alsaq, 2019-ci ildə həll istiqamətində ciddi uğura imza atılmayacaq. Ancaq seçkilərdən sonrakı dönəmdə, köhnə, yeni siyasi elitaların problemə münasibətlərində həm məzmun, həm də xarakterik baxımından dəyişikliklərin olması istisma deyil. Bu mənada güman edirəm ki, cari ildə olmasa da, 2019-2020-ci illərdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün daha münasib şərait yaranacaq”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz