Əlaqə Arxiv
news Image
2018.01.23
09:30
| A A A
Azərbaycan ABŞ üçün mühüm ölkədir
ABŞ-ın ərazi və əhali sayına görə özündən qat-qat kiçik Azərbaycana ehtiyacı böyükdür

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bir neçə ay əvvəl keçirilmiş ABŞ-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib ki, Azərbaycan ABŞ üçün mühüm ölkədir. Bu baxımdan ABŞ Azərbaycanda sabitliyin olmasında maraqlıdır: “Rusiya və İranla sərhəd ölkə olması Azərbaycanı nəqliyyat sahəsində mühüm ölkəyə çevirir. Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik. Ümid edirəm ki, bu görüşdə biznes nümayəndələri əməkdaşlığımızı necə inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə necə kömək edə biləcəklərinin yollarını tapacaqlar”.

Səfir öz sözlərində heç bir sapmaya yol vermədən həqiqəti söyləyib. Düzdür, o, siyasi yox, iqtisadi əlaqələrin daha önəmli olduğunu bildirib və bununla sanki siyasi maraqların üstündən xətt çəkib. Amma əslində, bu, diplomatik manevrdir və təcrübə də, elm də çoxdan sübut edib ki, iqtisadi maraqlar siyasi maraqların kökündə dayanır. ABŞ-ın Azərbycanda tək iqtisadi yox, həm də siyasi maraqları var. 
Əvvələn, Azərbaycanın nəqliyyat şəbəkəsi tarixi Böyük İpək yolunun üzərində vacib komponentdir. Bu, həm böyük bir ərazini əhatə edən ənənəvi marşrutdur, həm ABŞ-ın iqtisadi rəqibi Çinin istifadə etdiyi yoldur, həm də ABŞ-ın siyasi rəqibi Rusiyadan yan keçən istiqamətdir. Maraqlıdır ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə bu yolu yenidən canlandırmaqla nəinki özünə iqtisadi dividentlər qazandırıb, həm də dünyanın nəhəng dövlətlərinin yanında yer almaqla özünə olan ehtiyacı yaradıb. 
Azərbaycan iqtisadi və hərbi qüdrəti ilə regionun lideridir. Yəni, Cənubi Qafqazın söz sahibliyi ölkəmizə məxsusdur. Bu həndəvərdə elə bir tutarlı layihə yoxdur ki, Azərbaycanın iştirakı və ya razılığı olmadan həyata keçirilə bilsin. Çünki, bütün bağlar bu ərazidə birləşir və ölkənin coğrafi koordinatları təbiətdən bəxşiş aldığı daha bir sərvət kimi çıxış edir. Zorən siyasi maraq doğuran faktlardan biri Xəzər dənizinin türk dövlətləri arasında birləşdirici faktora çevrilməsidir. ABŞ Orta Asiyaya məhz Azərbaycan vasitəsilə Xəzər dənizindən körpü salmaq şansını çətin ki anlamamış olsun.      
NATO-nun Əfqanıstandakı missiyasında Azərbaycan hərbçiləri bir neçə ildir ki, uğurla iştirak edirlər. Yeri gələndə maddi dəstək göstərməklə yanaşı, bizim hərbi kontingent hərbi mühafizə xidmətində vəzifələrini dəqiq və yerli əhali ilə anlaşıqlı şəraitdə yerinə yetirirlər. Azərbaycan Ordusunun əsgərləri hərbi hazırlığı, maddi təminatı və intellektləri ilə NATO standartlarına uyğundur və bu mənada ABŞ müsəlman azərbaycanlıların xidmətinə ehtiyac duyur. 
Hazırda ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya və İranla siyasi-iqtisadi əlaqələri böhran dövrünü yaşayır. Ortada Qərbin tətbiq etdiyi sanksiyalar tüğyan edir. Belə bir məqamda əməkdaşlıq üçün regionda Azərbaycandan sərfəli partnyor tapmaq çətin məsələdir. Həm də Azərbaycanın yürütdüyü balanlaşdırılmış siyasət ölkənin cazibə qüvvəsini artırır və eynilə ABŞ bu imkanı boş buraxmır. Əslində, amerikalılar üçün Azərbaycan bir çox məsələlərin həllində açar rolunu oynayır və ABŞ-la Rusiyanın yüksək çinli hərbçilərinin qarşıya çıxan problemlərin müzakirəsi üçün Bakını görüş yeri seçmələri təsadüfi sayıla bilməz. Siyasi və iqtisadi qərarlar, strateji məqsədlər və taktiki gedişlər hadisələrin bu yöndə cərəyan etməsini şərtləşdirir. Azərbaycan nəhəng ABŞ üçün Qafqazda maraq dairəsinin mərkəzində yer alır.
Ancaq Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini hər şeydən yüksək tutan ölkələrdəndir. Onun da öz maraq dairələri və müvafiq strategiyası var. Hazırkı zamanda ölkənin qarşısında duran ən mühüm siyasi məsələ Qarabağın işğaldan azad olunmasıdır. Buna görə də Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın bu istiqamətdə məhsuldar işləməsi, münaqişənin dinc, həm də beynəlxalq norma və hüquqlar müstəvisində həll yolunda ciddi çalışmasına Azərbaycanın ehtiyacı var. Güman ki, okeanın o tayındakı siyasətçilər bunu gözəl anlayır və həqiqətin nədən ibarət olduğunu bilirlər. Buna görə də iqtisadi və siyasi maraqlarının gerçəkləşməsi üçün Qarabağ probleminin həllində fəallıq göstərmək ABŞ yetkililərinin yalnız işinə kömək olar.
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz