Əlaqə Arxiv
news Image
2018.01.23
09:48
| A A A
Qarabağda növbəti müharibə xəbərdarlığı
Araz Aslanlı : “Münaqişənin həll olunmaması onun hər an alovlanma riskini özündə saxlayır” Fikrət Sadıxov: “Azərbaycan danışıqların tərəfdarı olaraq müharibəni də heç vaxt istisna etmir”

“Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində insidentlər adi hal olaraq qalır və genişmiqyaslı hərbi əməliyyatların hər an alovlanma riski var”. Bunu ABŞ-ın Kentukki Universitetinin diplomatiya və münaqişələrin nizamlanması üzrə professoru, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano deyib. K.Kavano Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri səviyyəsində dialoqun bərpa olunması faktını müsbət qiymətləndirsə də, qeyd edib ki, tərəflər hər hansı bir irəliləyişə nail olmayıblar. Politoloqların da fikrincə, söylənilən risk qalmaqdadır. Bunu şərtləndirən bir sıra amillər var.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlının fikrincə, əslində, atəşkəs sazişinin imzalanması prsoesinin özündən etibarən alovlanma riski qalır: “Atəşkəsin imzalanmasında belə beynəlxalq hüququn əsas prinsiplərinə yox,  status-kvoya, real gücə əsaslanma məqsədi olduğu üçün nə ədalətli atəşkəs sazişi imzalandı, nə də hazırda ədalətli sülhün bərpası üçün geniş təşəbbüslər var. Bu da münaqişənin alovlanması riskinin daim yüksək qalmasına səbəb olur. 
Region bir halda sığortalana bilər ki, bura ədalətli sülh gəlsin. Əks təqdirdə münaqişənin alovlanma riski daim yüksəkdir. Bu, ən azından iki səbəblə mümkündür. Birinicisi, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Münaqişə də dinc yolla həll olunmasa, Azərbaycan öz ərazilərini hərbi yolla azad etmək hüququnu daim özündə saxlayır. İkincisi də münaqişənin ədalətli şəkildə həll olunmadan qalması işğalçını həvəsləndirir. İşğalçı dövlət cəzalanmırsa, o da bundan cəsarət alır. Öz aləmində yeni fürsətlər gözləyir. Azərbaycanın da imkanları 1990-cı illərə nisbətən artıb. Ancaq münaqişənin həll olunmaması onun hər an alovlanma riskini özündə saxlayır. Eyni zamanda digər məqamlar da var. Məsələn, atəşkəs mütəmadi pozulur. Bəzi hallarda atəşkəs hətta müharibənin başlaması həddinə çatıb. Keçmişdə belə məqamlar olub. 
Digər tərəfdən, region sabit deyil. Yayılma effekti adlanan anlayış var. Bir regiondakı münaqişələr alovlananda başqa regionlara da təsir edir. Bu cür risklər qalmaqdadır.  Odur ki, Kerri Kavano xəbərdarlığında haqlıdır. Keçmiş həmsədr haqlı olaraq bunu daha yaxşı başa düşür”. 
Digər politoloq Fikrət Sadıxov da keçmiş həmsədrin fikirləri ilə razıdır: “Nəzərə alaq ki, Azərbaycanın torpaqları işğal altındadır. Kerri Kavano həmsədr olan zamanı nələrsə etməli idi ki, münaqişənin həll istiqamətində müəyyən irəliləyiş baş versin. Burada mürəkkəb məsələ yoxdur. Sadəcə, beynəlxalq hüquq çərçivəsində Ermənistana təzyiqlər göstərilməlidir ki, Azərbaycan torpaqlarını azad etsin. Ancaq işğal faktı davam etdikcə, müharibənin alovlanma riski yüksək olaraq qalacaq. 
Azərbaycan danışıqların tərəfdarı olaraq müharibəni də heç vaxt istisna etmir. Həmçinin nəzərə alaq ki, Azərbaycan onların təxribatlarına cavab verir. Ermənistan bir tərəfdən Azərbaycan torpaqlarını işğal edib, digər tərəfdən isə dinc əhaliyə atəş açır. Azərbaycan da buna seyrçi mövqedən baxa bilməz. Adekvat cavablar isə müharibənin hər an başlamasına səbəb ola bilər. Bunu dünyanın aparıcı dövlətləri başa düşməlidirlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz