Əlaqə Arxiv
news Image
2018.01.24
09:30
| A A A
Qarabağda ildırımsürətli antiterror əməliyyatı
Akif Nağı: “Azərbaycan da düşməni darmadağın etmək üçün antiterror əməliyyatına başlamalıdır” Elman Nəsirov: “Torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycanın da Ermənistana qarşı antiterror əməliyyatı aparması mümkündür”

Türkiyə Afrində terrorçu qüvvələrin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatalara başladı. Dünyanın böyük əksəriyyəti də bunu dəstəkləyir. 

Azərbaycanda uzun illərdir ki, terrorla üz-üzədir. Ermənistan  terrorçuları Azərbayan ərazisinin bir hissəsini hələ də işğal altında saxlayır. Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesi də məhz Ermənistanın qeyri-konstruktivliyi üzündən heç bir nəticə vermir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu fonda İrəvana hər hansı bir təzyiq göstərmirlər. Belədə, hələ də Azərbaycan torpaqları düşmən tapdağı altında qalmaqda davam edir. Qardaş Türkiyənin timsalında görürük ki, bu ölkə özünün ərazi bütövlüyünə təhlükə yaranan kimi, dərhal həmin təhlükənin aradan qaldırılması üçün hərəkətə keçdi. Bu fonda  Azərbaycan da Qarabağda antiterror əməliyyatlarına start verə bilərmi? Özü də bu məsələdə Türkiynəin də iştirakı mümkün sayılır. 

Türkiyənin Afrində həyata keçirdiyi uğurlu anti-terror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı qorxuya salıb. Belə ki, Ermənistan Milli Elmlər Akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini hesab edir. Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: “Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişəni Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”.

Erməni politoloq daha sonra bildirir: “Əgər Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin Ermənistanın əleyhinə dəyişəcəyi ilə nəticələnəcək. Çünki bölgədə güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin tezliklə həllini tələb edəcək. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan özlüyündə güclüdür. Lakin Türkiyənin güclənməsi Rusiyanın və digər böyük ölkələrin də Ermənistanın əksinə olan cəbhədə yer almasına səbəb ola bilər. Biz o təhlükəni istisna etməməliyik ki, Bakı və Ankara Qarabağda “ildırımsürətli” əməliyyata əl atacaqlar”. 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildiri ki, Azərbaycan da ləngimədən Qarabağda antiterror əməliyyatlarına başlamalıdır: “Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlarını bir ictimai təşkilat olaraq tam dəstəkləyirik. Türkiyə tam doğru addım atıb. Türkiyə bu addımı ilə öz maraq və gücünü müdafə etməyi bacardığını göstərdi. 
Bu qardaş ölkə başqa dövlətin ərazisi olsa da, öz marağını müdafiə etməyi bacarır. Əks təqdirdə, Türkiyə üçün böyük təhlükələr hazırlana bilərdi. ABŞ sərhəd qrupları hazırlamaq adı ilə əslində, kürd dəstələrini silahlandırır. Bu fonda da Türkiyə ciddi təhlükə qarşısında idi.     Ona görə də Türkiyə hərəkətə keçərək əməliyyata başladı və əminəm ki, bu əməliyyat uğurla başa çatacaq. Azərbaycan da Türkiyənin bu addımından nümunə götürməli və işğalçı erməniləri torpağımızdan qovmaq üçün hərəkətə keçməlidir. 
Suriyadakı kürdlər görürsünüz ki, Türkiyənin hücumunun dayandırılması üçün Rusiyaya müraciət etsə, də Moskva onların bu çağırışına reaksiya vermir. Aprel döyüşlərində də ermənilər Rusiyaya bu səpkili müraciət etmişdilər. Azərbaycan aprel döyüşləri ilə düşmənə gücünü göstərdi. Azərbaycan artıq düşməni darmadağın etmək üçün antiterror əməliyyatına start verməlidir. Həddən artıq çox vaxt keçib. Türkiyənin hərəkətinə dünyanın münasibətini gördük. 
Bu günlərdə Afrin olayları BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Inanmıram ki, orada da Türkiyəyə qarşı hansısa qərar qəbul olunsun. Dövlət öz marağını müdafiə etməyə başlayanda hamı onunla hesablaşır. Bu mənada Azərbaycanda nümunə götürərək, Qarabağda antiterror və antiişğal əməliyyatlarına başlamalıdır. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub”.  
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov isə qeyd etdi ki, prosesin reallaşmasına maneə olan faktorları hesablayıb, onları neytrallaşdırdıqdan sonra Azərbaycanın Qarabağda işğalçıya qarşı antiterror əməliyyatlarına başlaması mümkündür: “Türkiyənin Afrində həyata keçirməyə başladığı hərbi əməliyyat ilk növbədə məhz terrorizmə qarşı yönəlmiş əməliyyatdır. Bu nöqteyi-nəzərdən də Türkiyənin həmin addımı anlaşılandır. 
Bu günlərdə Fransa prezidenti Emmanuel Makron hətta BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb, Türkiyəni bu addımları dayandırmağa çağırış etdi. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə birmənalı mövqe ortaya qoyaraq bildirdi ki, Paris belə bir addım atmaqla terrorçuların yanında olduğunu, rəsmən terrorrizmi dəstəklədiyini göstərəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə özünün dövlət maraqlarından çıxış edərək, kimin nə deməsindən asılı olmayaraq, sözügedən istiqamətdə fəaliyyətini davam etdirəcək. 

Azərbaycanda bu prosesdə Ankaranın yanındadır, onu müdafiə edir. Azərbaycanda terrorizm təhlükəsinə tuş gələn ölkələrdəndir. Artıq 200 ildən artıqdır ki, Azərbaycan Ermənistanın həyata keçirdiyi terrorizm siyasətinin hədəfindədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra da Ermənistanın dövlət terrorizmi siyasətinin birbaşa hədəfinə çevrilib. Bu nöqteyi-nəzərdən ara-sıra belə informasiyalar mətbuatda da yer alır ki, Azərbaycan Ermənistanla üzləşdiyi münaqişəyə son qoymaq üçün antiterror əməliyyatları keçirmək hüququna malikdir. Faktlar göstərir ki, Azərbaycan birbaşa olaraq Ermənistanın dövlət terrorizmi siyasətinin hədəfindədir. 

Hüquqi baxımdan həmin terror siyasətinə son qoymaq üçün hərəkətə keçə bilərik. Amma onun reallaşması üçün gərəkdir ki, beynəlxalq konyuktura da uyğun olsun, bu məsələdə maraqlı tərəflərin mövqeyi də Azərbaycanın mövqeyilə üst-üstə düşsün. Məsələn, Türkiyə Afrində antiterror əməliyyatı keçirməmişdən əvvəl bu istiqamətdə Vaşinqtonla məsləhətləşmələr aparıb. Hər halda həmin məsləhətləşmələrin nəticəsidir ki, Türkiyə Afrində məlum addımları atmağa başlayıb. Xüsusilə də Türkiyə baş qərargah rəisinin yanvarın 18-də Rusiyada olaraq bu ölkənin müdafiə naziri ilə apardığı danışıqlar prosesin start götürməsinə rəvac verib. Bu mənada hesab edirəm ki, torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycanın da Ermənistana qarşı antiterror əməliyyatı aparması mümkündür. Beynəlxalq hüquq da buna imkan verir. Beynəlxalq presedentlər də var,  uzağa getməyək, Türkiyənin son addımları. Sadəcə olaraq, burada digər maneə olacaq faktorları hesablamaq lazımdır. 
Bu hesablamalar Azərbaycanın xeyrinə olacağı təqdirdə, antiterror əməliyyatlarına başlamaq olar. Risq böyük olacağı təqdirdə isə, gözləmə mövqeyi tutmaq daha düzgündür”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz