news Image
2013.03.22
14:08
| A A A
Həmsədrlər Bakıya gəlib yenidən Xankəndinə qayıdacaqlar
Minsk Qrupu həmsədrləri Ermənistan prezidenti və xarici işlər naziri ilə danışıqları başa vurub. Lakin onların İrəvan görüşlərinin nəticələri məlum deyil. Erməni KİV-lərinin xəbərlərinə görə həmsədrlər münaqişənin bütün tərəfləri ilə danışıqlardan sonra açıqlama verəcəklərini bildiriblər. Xatırladaq ki, həmsədrlər martın 20-də axşam münaqişə regionuna səfərlərini birbaşa Qarabağdan başlayıblar, daha sonra İrəvana gediblər.
Martın 21-də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bir saatdan çox davam edən görüşdən sonra Ermənistan Xarici İşlər Nazirliyi öz rəsmi bəyanatında qeyd edib ki, həmsədrlər Xankəndində Dağlıq Qarabağ rəhbərliyi ilə görüşləri barədə məlumat verib və tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Həmin gün İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ) Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Ermənistan prezidentinin mətbuat xidməti "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və gələcək addımlarla bağlı məsələlər" müzakirə olunduğunu bildirir. Həmsədrlər Bakıda Azərbaycan rəhbərliyi ilə görüşdən sonra Minsk Qrupu adından bəyanatla çıxış edəcəklərini bildiriblər.Bakıya Minsk Qrupu həmsədrlərinin səfəri Novruz bayramından sonra, aprel ayının əvvəlində, gözlənilir. Qondarma "DQR" rejiminin təmsilçisi David Babayana istinadən yayılan xəbərlərə görə həmsədrlər Bakıda danışıqlar apardıqdan sonra yenidən Xankəndinə qayıdacaqlar.