Əlaqə Arxiv
news Image
2013.03.22
23:05
| A A A
Fələstinə dəstək, İsrailə təminat, Əsədə mesaj, İrana xəbərdarlıq
«Avtoritar liderlərlə anlaşma dövrü arxada qaldı» İsrail və Fələstinə səfər edən ABŞ prezidenti Barak Obama Qüdsdə əksəriyyəti tələbələr olan 2 min nəfərlik auditoriya qarşısında təsirli çıxışı ilə günə damğasını vurub.
Qüds Qurultaylar Mərkəzində çıxış edən Obama israillilərə müraciətlə, fələstinlilərin də öz dövlətlərini qurmaq haqqının olduğunu bildirib. "Özünüzü onların yerinə qoyun" deyə israillilərə xitab edən Obama İsrail-Fələstin münaqişəsinin həlli üçün sülh danışıqlarının bərpasına çağırıb. ABŞ prezidenti bəyan edib ki, İsrail məskunlaşma üçün apardığı inşaat işləri ilə sülh prosesinə zərər vurduğunu görməlidir.

Fələstinə dəstək

Obama vurğulayıb ki, sülhün əldə edilməsi üçün "iki xalqın iki ayrı dövləti qurulmalıdır". İsrailin yaşaması və müstəqil yəhudi dövləti olaraq çiçəklənməsi üçün yeganə yol müstəqil və möhkəm Fələstin dövlətinin qurulmasıdır. ABŞ prezidenti əlavə edib ki, belə bir sülh regionda baş verən son hadisələri, ərəb dünyasındakı inqilab dalğasını nəzərə alanda daha aktual və vacib görünür: "Regiondakı dövlətlərdə hökumətlərin xalqın iradəsi ilə formalaşdığı bir vaxtda İsrailin öz təhlükəsizliyini qorumaq üçün bir ovuc avtokratik rejimlə sülh əldə etdiyi dövrlər artıq arxada qalıb. Sülh xalqlar arasında əldə edilməlidir, hökumətlər arasında yox".

Fələstin xalqının da öz müqəddəratını təyin etmək haqqının və bu haqqın tanınmalı olduğunu təkrarlayan ABŞ prezidenti daha sonra deyib: "Özünüzü onların yerinə qoyun. Dünyaya onların gözü ilə baxın. Fələstinli uşaqların öz ölkələrində böyüməməsi, ömürlərini bütün həyatları boyunca hər hərəkətlərinə nəzarət edən yabançı bir orduyla keçirmələri haqsızlıqdır". Bu yerdə Obama əvvəlcədən hazırladığı mətndən kənara çıxaraq son vaxtlar tanış olduğu bir qrup fələstinli gənclə bağlı xatirələrini də bölüşüb və "Onlarla danışdıqca qızlarımdan fərqli olmadıqlarını gördüm. Sizin qızlarınızdan, oğullarınızdan da fərqli deyillər", - deyə bildirib.

İsrailə təminat

ABŞ prezidenti çıxışında İsrailin təhlükəsizliyi mövzusuna da toxunub. Obama İsrailin bölgədə onun varlığını qəbul etməyənlərlə çevrələndiyinə işarə edib və "bu səbəbdən İsrailin təhlükəsizliyi çox önəmlidir" deyib.

"İsrail dövlətinin varlıq haqqına qarşı çıxanlar ayaqlarının altınadakı torpaqları və başları üzərindəki göy üzünü də inkar edə bilərlər. Çünki İsrail yox olmayacaq. ABŞ durduqca yalnız deyilsiniz" deyə salona xitab edən Obama bununla belə, israillilərin gələcəyi baxımından "bir dost kimi" sülh tövsiyəsi verib. "Sülh lazımdır. Sülh gerçək təhlükəsizliyə aparan tək yoldur. İsrailliləri həqiqətən də qoruya biləcək tək şey savaşın olmamasıdır", - deyə o əlavə edib.
ABŞ prezidenti deyib ki, ölkəsi Qəzzadan İsrailə raket atılmasını, dinc sakinlərin öldürülməsini pisləyir, İsrailin təhlükəsizliyini dəstəkləyir, ona hərbi yardım edir, Həmasın İsrailin mövcudluq haqqını tanımasını istəyir.

Əsəd rejiminə mesaj

Ölkəsinin Suriya rejiminə kömək edən "Hizbullah"ı terrorçu təşkilat sayıdığını da xatırladan Barak Obama daha sonra Bəşər Əsədə və onun əmrinə tabe olanlara xəbərdarlıq ünvanlayıb: onlar kimyəvi silahdan istifadə etməsinlər. Amerika belə silahların nə xalqa qarşı istifadəsinə, nə də terrorçulara ötürülməsinə dözəcək.
"Dünyanın gözü sizdədir, əgər bu, baş versə, sizi buna görə cavab verməyə məcbur edəcəyik" deyən Obama bəyan edib ki, Suriyanın gələcəyə gedən yolu Əsədin hakimiyyətdən əl çəkməsindən keçir: "Suriyada sabitlik yalnız öz xalqı qarşısında cavabdehlik daşıyan hökumətin qurulması ilə reallaşa bilər".

İrana xəbərdarlıq

ABŞ prezidenti çıxışında İran mövzusuna da yer ayırıb. Bilidirb ki, soyqırıma məruz qalmış yəhudi xalqının İranın onu yer üzündən silmək barədə hədələrindən narahatlıq keçirməsi başa düşüləndir. Ona görə də ABŞ beynəlxalq koalisiya yaradaraq, İranı mübahisəli nüvə proqramından imtinaya məcbur etməyə çalışır və bunun təsiri də var: "İran təcrid olunub. Onun iqtisadiyyatı ağır vəziyyətdədir. Rəhbərliyində parçalanma var. Regionda və dünyadakı mövqeyi isə zəifləyib".
Obama bu məsələni həll etmək üçün ən yaxşı vasitənin güclü diplomatiya olduğunu desə də, başqa vasitələri də istisna etməyib. "İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və bunun üçün bütün vasitələrdən istifadə edə bilərik", - deyə o qeyd edib.

Xatırladaq ki, bu, prezident seçiləndən bəri Obamanın İsrail və Fələstinə ilk səfəridir.
Sizin Reklam Yeriniz