Fevralın 6-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığın perspektivlərini müzakirə edilib. Həmçinin hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub. Mütəxəssislərin fikrincə, Türkiyə və Pakistandan sonra daha bir güclü müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanının Azərbaycanla hərb müstəvisində əməkdaşlığa başlaması ölkəmizə düşmən qarşısında ciddi üstünlüklər qazandıracaq.
Hərbi məsələlər üzrə ekspert İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan öz müdafə potensialını gücləndirmək istiqamətində dünyanın ən inkişaf etmiş ölkələrilə ciddi hərbi əməkdaşlıq edir: “Biz bir dövlət olaraq bu əməkdaşlığın əhatə dairəsindən kifayət qədər razıyıq. Yəni, ordunu modernləşdirmək, Silahlı Qüvvələrin müdafiə qüdrətini daha da artırmaq, davamlı müsbət dinamikaya nail olmaq məqsədilə qısa müddətdə ölkəmizdə faydalı addımlar atılıb.
Bugünkü durumda ordumuz öz döyüş imkanlarına görə artıq bir çox ölkələri xeyli arxada qoyur. Böyük zəhmət, gecəli-gündüzlü axtarışlar, o cümlədən, faydalı beynəlxalq hərbi əməkdaşlıq razılaşmaları hesabına əldə olunan bu uğurlara görə sevinmək bizim halal haqqımızdır”.
Ekspert əlavə etdi ki, Türkiyə və Pakistandan sonra daha bir güclü müsəlman ölkəsinin - Səudiyyə Ərəbistanının Azərbaycanla hərb müstəvisində əməkdaşlığa başlaması isə daha çox psixoloji üstünlük baxımından diqqəti çəkir: “Bu, həm də bir növ müsəlman dövlətlərinin eyni cəbhədə birləşməsi anlamına gəlir. Əslində, dünyada və regionda cərəyan edən siyasi və hərbi qarşıdurmalar ayrı-ayrı güclərin vahid mərkəzdə cəmləşməsini zərurətə çevirib. Bütün bunlar isə hazırkı məqamda əzələ nümayişindən çox, ayaq altında yox, ayaq üstündə qalmaq anlamına gəlir. Hər halda, istənilən hərbi əməkdaşlıq yeni perspektivlər üçün əsas motiv rolunu oynaya bilər. Bu əməkdaşlığın gələcək taleyi isə onun hansı dərəcədə rentabelli olmasından asılıdır. Yəni, Səudiyyə Ərəbistanının Azərbaycanla hərb müstəvisində əməkdaşlığa başlaması müsbət dinamikadır, çünki faydalı olacağı şübhə doğurmur”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, istənilən dövlətlə hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın hərbi diplomatiyasında bir irəliləyişdir: “Nə qədər çox dövlətlərlə hərbi əməkdaşlıq etsək, bir o qədər ikitərəfli nailiyyətlər əldə edə bilərik. Səudiyyə Ərəbistanı böyük dövlətdir və güclü ordusu var.
Hadisələr göstərir ki, bu ölkə keçirdiyi döyüşlərdə mövqeyini bərkidə bilir. Antiterror əməliyyatlarında uğurla iştirak edir. Bu baxımdan Azərbaycan da Səudiyyə Ərəbistanının təcrübəsindən bəhrələnə bilər. Həmçinin təcrübə mübadilələri də mümkündür. Bundan başqa zabitlərin hazırlığından söhbət gedə bilər. Tədris, hərbi kəşfiyyat, hərbi texnika mübadiləsi Azərbaycan üçün mühüm rol oynayır”.
Mübariz BAYRAMOV