Əlaqə Arxiv
news Image
2018.02.14
09:00
| A A A
Erməniləri böyük qorxuya salan Bakının strateji hədəfləri
Azər Həsrət: “Prezident İlham Əliyev öz çıxışlarında davamlı olaraq bu məsələnin üzərinə gələrək ermənilərə xatırladır ki, hazırda onların yaşadığı, özlərinə dövlət qurduğu torpaqlar tarixi Azərbaycan torpağıdır və ölkəmizin həmin ərazilər üzərində hər zaman hüquqi var” Niyaməddin Orduxanlı: “Ermənilərin narahatlığı Azərbyacanın əlində olan və beynəlxalq hüquqa söykənən əsaslarla bağlıdır”

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında İrəvan, Zəngəzur, Göyçə mahalları barədə səsləndirdiyi fikirlər Ermənistanda ciddi təşvişə səbəb olub. Hətta erməni siyasi şərhçi Akop Badalyan bildirir ki, ortada Bakının strateji hədəfləri var və Azərbaycan rəhbərliyi bunu gizlətmir. Ermənilərin qeyd olunan xüsusda qorxusuna səbəb nədir və yaranmış vəziyyət Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, ermənilər bir gün hazırda Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarının da azad ediləcəyindən qorxuya düşdüklərindən belə təşviş keçirirlər: “Ermənistanda ictimai rəyə belə fikir yeridilir ki, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə, Azərbaycana digər tarixi torpaqlarımız barədə danışmağı unutdura bilərlər. Yəni, ağlı başında olan hər bir erməni başa düşür və əmindir ki, İrəvan da daxil olmaqla bütövlükdə Ermənistan qədim Azərbaycan torpaqlarıdır. Hər kəs tarixi açıqlayıb vərəqləmək, çar Rusiyasının arxivlərinə göz gəzdirməklə görəcək ki, İrəvanın özü də daxil bütün Ermənistan ərazisində həmişə türklər millət olaraq say üstünlüyünə malik olublar. Ermənilər isə ya ümumiyyətlə, olmayıb, ya da 3-10 faiz civarında olublar. Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçü də əsasən Rusiyanın Cənubi Qafqazı işğalından sonra baş verib. Rusiyanın İranla bağladığı müqavilələr nəticəsində xaricdən ermənilər gətirilərək Dağlıq Qarabağ, indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqları və digər ərazilərimizdə yerləşdiriliblər. Ermənistan hökumətinə isə bu cür tarixi faktların unudulması lazımdır. Ona görə də Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə düşünürlər ki, Azərbaycanın başı məhz bu istiqamətə qarışacaq, ona görə də tarixi Azərbaycan torpaqları barədə heç bir fikir səsləndirməyəcəklər. Amma cənab Prezident İlham Əliyev öz çıxışlarında davamlı olaraq bu məsələnin üzərinə gələrək ermənilərə xatırladır ki, hazırda onların yaşadığı, özlərinə dövlət qurduğu torpaqlar tarixi Azərbaycan torpağıdır və ölkəmizin həmin ərazilər üzərində hər zaman hüquqi var. Bu fikir isə əlbəttə ki, erməniləri qorxutmalı, onları təşvişə salmalıdır. 
Üstəlik, ermənilər özləri də başa düşür ki, onlar bu coğrafiyaya gəlmədir, yerli xalq deyillər. Belədə onlar iynə üstündə oturanlar kimi gözləyir ki, Azərbaycan və Türkiyə Ermənistanla haqq-hesabı çürüdəcək.  Ona görə də narahatdırlar. Prezidentimizin bu sözləri qətiyyətli şəkildə, cəsarətlə, eyni zamanda xüsusi vurğu ilə dilə gətirməsi ermənilərdə artıq Prezident İlham Əliyevin zarafat etmədiyi barədə fikirlərin hasil olmasına səbəb olub. Artıq onlar başa düşür ki, Azərbaycan Prezidenti söz xatirinə söz demir. Sadəcə olaraq, tarixi faktları dilə gətirir, Ermənistana xatırladır ki, hazırda oturduqları torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Günün birində həmin torpaqlara haqqımız çatdığı üçün iddia edə bilərik. Bu baxımdan düşünürəm ki, Ermənistanda ağlı başında olan insanların ölkələrindəki ictimaiyyəti bir qədər maarifləndirmələri gərəkdir. Onlar Dağlıq Qarabağ və işğal etdikləri digər ətraf torpaqlarımızdan nə qədər tez çıxsalar, bir o qədər onların xeyrinədir. Əks təqdirdə, düşmənçiliyin uzanması və münasibətlərin gərgin qalacağı halda, getdikcə güclənməkdə olan Azərbaycanın qarşısında nəinki Dağlıq Qarabağda, hətta Ermənistanın özündə belə ermənilər duruş gətirə bilməyəcəklər”.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı vurğuladı ki, Ermənistanın sözügedən narahatlığı qədim Azərbaycan torpaqları ilə bağlı Azərbaycanın əlində olan hüquqi əsaslarla əlaqədardır: “Azərbaycan Prezidentinin Göyçə, Zəngəzur və İrəvan barədə səsləndirdiyi fikirlər dövlət, Bütöv Azərbaycan maraqlarına xidmət edir. Ona görə də təqdir olunası haldır və yüksək qiymətləndirirəm. 
Bilirsiniz ki, Azərbyacanın ərazisi Cümhuriyyət dönəmində indikindən həddən artıq çox olub. Amma rəsmi sənədlərlə o dövrdə Azərbaycanın qədim torpağı olan İrəvanı məcburiyyət qarşısında qalmaqla Ermənistana vermişik. Bu mənada Azərbaycan Prezidenti dediyi fikirləri elə-belə deməyib, istinad nöqtəsi, birbaşa hüquqi baza var, deyilən həmin fikirlər beynəlxalq əsasa söykənir. Ona görə də tam haqlı olaraq İrəvan, Göyçə və Zəngəzurun Azərbaycan torpaqları olduğu vurğulanır. Zəngəzurla, Göyçə mahalı isə sovet işğalı dönəmində Azərbaycanın iradəsinə zidd olaraq bolşevik Rusiyası tərəfindən alınıb Ermənistana verilib. Hansı ki, bir əsr bundan öncə həmin torpaqlar Azərbaycanın ərazisi olub. Bu mənada Azərbaycan Prezidentinin tarixi Azərbaycan torpaqları barədə səsləndirdiyi fikirlərdən Ermənistanın narahatlıq keçirməsi təbiidir. Onlar başa düşürlər ki, Azərbaycan artıq hüquqi əsasa söykənməklə beynəlxalq səviyyədə növbəti bir mərhələni həyata keçirəcək. Bu hüquqi əsasla bütün dünyaya sübut edə bilərik ki, bir əsr öncə indi Ermənistan adlanan ölkə ərazisinin çox hissəsi Azərbaycan dövlətinin ərazisi olub. Tarixi sənədlərə istinad etməklə tarixi torpaqlarımızın geri qaytarılmasını tələb edə bilərik. Ermənilərin bu fonda narahatçılığı Azərbyacanın əlində olan və beynəlxalq hüquqa söykənən əsaslarla bağlıdır. 
Qarabağ münaqişəsinin həllində yeganə yol isə Rusiya ilə aparılan danışıqlardır. Çünki, Qarabağı ermənilər məhz Rusiyanın hərbi dəstəyi hesabına işğal edib. Bütün dünya yaxşı bilir ki, torpaqlarımızı Rusiya işğal edib. Ona görə də danışıqları Rusiya ilə aparıb onu razılığa gətirməliyik ki, ərazilərimiz erməni işğalçılarından boşaldılsın. Rusiyanın razılığını aldıqdan sonra isə bir neçə aya bütövlükdə İrəvanı da azad edə bilərik”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz