Əlaqə Arxiv
news Image
2018.02.15
09:30
| A A A
Ermənilər yenə terrora qucaq açır
Nazim Cəfərsoy: “PKK terrorçularına əlindən gələn dəstəyi vermək ermənilərin ənənəvi siyasəti olub”

Türkiyə Silahlı Qüvvələri tərəfindən başladılan Afrin əməliyyatından sonra PYD/PKK terrorçuları Ermənistana qaçır.  “Jamanak” qəzeti xəbər verir ki, türkiyəli hərbçilərlə toqquşmalardan qaçan PYD/PKK terrorçuları Türkiyə-Ermənistan sərhədini keçirlər. Ermənistan-Türkiyə sərhəddini qoruyan rus hərbçilər onların ölkəyə girişinə mane olmurlar. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Cəfərsoyun fikrincə, Ermənistanın PYD-PKK terrorçularına sığınacaq verməkdə davam etməsi ermənilərin həyat tərzindən, onların eyni baxış tərzinə malik olmasından qaynaqlanır: “Ermənistanın PKK terrorçularına sığınacaq verməsi onların baxışlarının eyni olması və İrəvanın bölgədə həyata keçirdiyi avantürist siyasətilə bağlıdır. Ənənəvi olaraq Ermənistan yarandığı dövrdən bölgədə qeyri-stabil vəziyyət yaradan aktyor rolunda çıxış edib. Ermənistan Qafqazda əsasən məhz destruktiv mövqe sərgiləyib. Bu destruktiv siyasətin əsasında da ermənilərin türklərə olan nifrəti dayanır. Ona görə də Türkiyə və Azərbaycan əleyhinə çıxmaq, bu istiqamətdə destruktiv fəaliyyət göstərmək artıq Ermənistan siyasilərinin tərzinə çevrilib. Türkiyənin maraqlarına zidd davranmaq, ona qarşı çıxmaq və bu fonda da PKK terrorçularına əlindən gələn dəstəyi vermək ermənilərin ənənəvi siyasəti olub. Hətta sadəcə, PKK-nı dəstəkləməklə kifayətlənməyərək, ermənilər zaman-zaman bu terrorçu qruplaşmanın bölgədə həyata keçirdiyi proseslərdə aktiv rol alıb. Ermənilər PKK-ya həm siyasi, maliyyə dəstəyi göstərib, həm də militan fəaliyyətlərində aktiv olublar. Bu mənada da Ermənistan PKK-ya davamlı dəstək və qol-qanad verib. 
Son zamanlar həmin proses daha geniş vüsət alıb və Ermənistan artıq dövlət olaraq həmin prosesdə yer almağa, dolayı PKK-ya dəstək olmağa başlayıb. Bu dəstəyi də mümkün qədər gizli etməyə çalışırlar. Amma getdikcə etdikləri əməlləri üzə çıxır. PKK terrorçularının Ermənistanda bazalarının olduğu, burada onların təlimlər keçdiyinə dair şahid ifadələri var. PKK tərkibində həmçinin ciddi bir erməni varlığı da mövcuddur. Hətta bununla bağlı müxtəlif maraqlı müqayisələr də aparılır. Deyirlər ki, bunlar əslində, bir medalın iki fərqli üzüdür,  yəni “ASALA getdi, əvəzində PKK başladı”. 
Digər tərəfdən, əslində, Abdulla Öcalanın erməni olduğu barədə də ciddi iddalar səslənir. Həmçinin, ələ keçirilən, öldürülən PKK terrorçularının bəzilərinin müsəlman olmadığı faktları üzə çıxıb. Habelə, PKK-nın siyasi sözçülüyünü yapan qruplar içərisində ermənilərin fəallığı diqqətdən qaçmır. Yəni, Ermənistanın yaradılması məqsədi, bu ölkənin regionda destruktiv mövqe tutması, türklərə qarşı xüsusi nifrəti, terrorçu qruplara bel bağlamaları fonunda onların PKK-ya da nədən dəstək verdiklərinin səbəbləri aydınlaşır. Azərbaycanda da baş verən terror hadisələrinin arxasında ermənilərin dayandığını bilirik. Bununla bağlı aparılan cinayət işlərində müxtəlif faktlar açıqlanıb. Ermənistanın PKK terorçularına dəstrək verməsi ilə bağlı məsələni düşünürəm ki, əldə olan sübutları toplamaqla daha ciddi şəkildə beynəlxalq qurumlar qarşısında qaldırmaq lazımdır. Çünki hazırda beynəlxalq siyasətdə terrorla mübarizə aktual məsələdir. Terrora dəstək verənlər ciddi şəkildə qınağa tuş gəlir və hətta sanksiyalarla üzləşirlər. Belədə Ermənistana münasibətdə siyasi və hüquqi mənada ciddi təzyiq mexanizmləri gündəmə gələ bilər”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz