Əlaqə Arxiv
news Image
2018.02.15
09:40
| A A A
Düşmən ölkədə Qarabağ etirafları
Tofiq Abbasov: “Erməni iqtidarı proseslərin həllində rasional mövqe tuta bilmir” Əhəd Məmmədli: “Qarabağ probleminin həllinin bir yolu var”

“Ermənistan dalana dirənmiş vəziyyətdədir”. Bunu “Vestnik Kavkaz” saytına müsahibəsində Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan söyləyib: “Ermənistan hazırda regional dövlətlərarası iqtisadi əlaqələrdə heç bir yeri tutmur. Bütün regional və beynəlxalq xəttlər bizim yaxınlığımızdan keçir. Ermənistan təkcə siyasi blokadada yox, həm də iqtisadi mühasirədədir. O, hər tərəfdən qapalı vəziyyətdədir və heç bir regional layihədə iştirak etmir. Hətta bizim hökumət də regional proqramlarda iştirak etmək istəmir. Yəni biz Qafqazda sadəcə mövcud deyilik və bu situasiya artıq 20 ildən çoxdur davam edir. Bu illər ərzində bizim yaxınlığımızdan çoxlu layihələr – Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmiryolu, “İpək yolu”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçdi”. 

Onun sözlərinə görə, Qarabağ konfliktinin həll edilməməsi Ermənistanın inkişafına maneə yaradır: “Müharibə heç bir halda dövlətin inkişafına yardım edə bilməz. İnkişaf və artım üçün sakit, stabil daxili və xarici siyasi vəziyyət tələb edilir. Bizdə isə konflikt ucbatından beləsi yoxdur. Ermənistan üçün ən böyük problem Qarabağın həll edilməməsidir. Bu problemi həll etmək lazımdır və bizim partiya artıq bunu özünün siyasi proqramına daxil edib. Yalnız bizim partiya konfliktin həlli ilə bağlı proqramla çıxış edir”. 
Qeyd edək ki, Qarabağ konfliktinin həll edilməməsinin Ermənistanın inkişafına maneə yaratması zaman-zaman  etiraf olunur. Bunu indiki erməni hakimiyyəti də bilir, ancaq  real addımlar atmır. Getdikcə isə Ermənistan vəziyyət daha da gərginləşir. Bu fonda erməni iqtidarının mövqeyində hansısa dəyişiklik daha real görünür. Ancaq bu məsələdə siyasi analitiklərin fikri fərqlidir. 
Politoloq Tofiq Abbasov bildirdi ki, bu həqiqət Serj Sarksiyana, ümumiyyətlə ermənilərin hamısına məlumdur: “Sadəcə, əvvəllər bu məsələni heç kim dilə gətirmirdi. Düşünürdülər ki, Ermənistan siyasi elitası vəziyyəti dəyişə bilər. Ancaq zaman keçdikcə həmin ümidlər puça çıxdı. İndi isə müxtəlif səviyyələrdə məlum mətləb, həqiqət dilə gətirilir. Bu isə Ermənistanın dövlət, regiondakı subyekt kimi rolunun azalmasının təzahürüdür.
Ermənistan üçün vəziyyət pisdən pisə doğru yuvarlanmaqdadır. Bu etirafı özü də Ermənistanın yavaş-yavaş qırmızı xəttə dirəndiyinin vacib göstəricidir. Ona görə də həyəcan təbili anlamına gələn etiraflardır. Bunun da ağırlığı ilk növbədə Ermənistan hakimiyyətinin üzərinə düşür. Son həddə olmaq Ermənistan üçün yaxşı nəsə vəd etmir. Bu kimi açıqlamalar Serj Sarkisyan üçün bir xatırlatmadır. 
Erməni iqtidarı proseslərin həllində rasional  mövqe tuta bilmir. Düzdür, nəsə dəyişikliyə ehtiyacın olduğunu anlayır. Ancaq onları etməyə qorxur. Çünki vəziyyətin düzəlməsinin yeganə yolu qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasından və güzəştlərdən keçir. Ermənistan bunları etməyəcəksə, daha ağır vəziyyətə düşəcək. Bu, Ermənistan üçün siqnal olmalıdır”. 
Digər siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Erməni Milli Konqresi Partiyasının sədri Levon Ter-Petrosyandan sonra Ermənistan hakimiyyətinə «Qarabağ klanı» gəldi: “İndiyə kimi də Ermənistanı onlar idarə edir. Ancaq hamı da bilir ki, həmin Qarabağ klanının arxasında Rusiya dayanıb. 
Hazırda Ermənistanda Rusiyanın hərbi bazası var. İqtisadi baxımdan da Ermənistan tam Rusiyadan asılıdır. Bu amillər davam edəcəyi müddət ərzində  Ermənistanın Qarabağ siyasətinin dəyişməsi mümkün deyil. Ermənistan Qarabağ siyasətinə dəyişikliyə cəhd edərsə, Rusiya onu mütləq cəzalandıracaq. Odur ki,  Ermənistanda müxalifət zaman-zaman bu cür çıxışlar etsə   də, «Qarabağ klanı» Rusiyanın dəstəyi ilə onların qarşısını alacaq. Yəni Dağlıq Qarabağ probleminin həllinin bir yolu var. Bunun üçün Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Heç olmasa, bir neçə rayonu azad edəndən sonra Ermənistan əhalisi ayağa qalxa bilər. Onlar ortaya iradə qoyarlarsa, «Qarabağ klanı» hakimiyyətdən gedə bilər ki,  daha sonra liberal qüvvələrlə Qarabağ problemini masa arxasında həll etmək olar”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz