Əlaqə Arxiv
news Image
2018.02.17
11:20
| A A A
Düşmən ölkədə terrora yeni dəstək
Vüqar Zifəroğlu: “Söhbət terrora qarşı mübarizədən gedirsə, Qarabağdakı terror qruplaşmalarının da təmizlənməsi gündəmə gətirilməlidir” Adıgözəl Məmmədov: “Orada tək PKK -nın deyil, digər terror təşkilatlarının da yerləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır”

Son dövrlər Ermənistanın PKK-a dəstək verməsi haqqında mütəmadi məlumatlar yayılır. Ancaq bu dəfə isə dəstək daha açıq formada gəldi. Belə ki, Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov Türkiyə ilə müharibədə Ermənistanın PYD/YPG-yə dəstək verməli olduğunu bildirib. Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu deyib: “Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir. Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”. Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, PKK və PYD/YPG liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq. Siyasilərin sözlərinə görə, belə  vəziyyət Türkiyənin, Azərbaycanla birgə Ermənistana qarşı antiterror əməliyyatlarına başlamasına zəmin yaradır. 

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, ermənilər tarix boyu həmişə türkün əleyhinə fəaliyyət göstəriblər: “İstər terror təşkilatlarının yaradılmasında, istər Osmanlı dönəmində qiyamlarda ermənilər aktiv rol oynayıblar. Hər zaman da bu funksiyalarına görə Qərb tərəfindən dəstəkləniblər. 20-ci əsrin əvvəlindəki anlaşmalarda da ermənilərə Osmanlı torpaqlarının hesabına dövlət yaradılması vəd edilmişdi. Ancaq bu məsələnin gerçəkləşməsi sonradan xəyal olaraq qaldı. Bu səbəbdən də hazırda ermənilərin Türkiyə əleyhinə fəaliyyət göstərən terror qruplaşmalarına yardım göstərməsi təbii haldır. 
Hətta 1980-ci illərdə ASALA terror təşkilatı Qərbi Avropada olan türk diplomatlarına qarşı bir sıra terror aktları həyata keçirdi. Ancaq ASALA terror təşkilatının kökü kəsiləndən sonra dərhal PKK terror təşkilatı aktivləşməyə başladı. Bu gün YPG və PYG-nin əsasını təşkil edən PKK-nın yaranmasında ermənilərin böyük rolu var. Bu mənada özlərinin yaratdıqları terror təşkilatlarına yardım etmələri təbii haldır. Azərbaycan isə işğal altındakı ərazilərdə terror təşkilatları üçün münbit şəraitin yarandığını həmişə bəyan edib. Onlar orada təlim keçirlər, həmin ərazilərdən narkotrafik, çirkli pulların yuyulması məqsədi ilə istifadə olunur. Təəssüf ki, bu gün ermənilərin sayəsində işğal altındakı ərazilərimiz terrorun bəslənməsi üçün mayak rolunu icra edir. Qərb bu həqiqəti qəbul etmək məcburiyyətindədir. Söhbət terrora qarşı mübarizədən gedirsə, Qarabağdakı terror qruplaşmalarının da  təmizlənməsi gündəmə gətirilməlidir”. 
Türk-slavyan hərəkatının sədri, politoloq Adıgözəl Məmmədov bildirdi ki,  Semyon Baqdasarovun fikirlərinə diqqət etmək lazım deyil: “O, siyasi demaqoq  və avanturistin biridir. Rus cəmiyyətində ona qeyri - ciddi bir adam kimi baxırlar. Amma hərdənbir onun sərsəmləmələri rus kəşfiyyatının ictimai fikri kökləmək baxımından işlərinə yarayır. 
Ümumiyyətlə,  Ermənistanın xarici siyasətində antitürk və ya antiazərbaycan xətti əsas təşkil edir. Hətta işğal olunmuş Azərbaycan ərazilərində PKK-nın təlim bazalarının olması barədə xəbərlər də var. Ona görə də bu tipli məlumatların təsdiqi və ya təkzibi üçün  bizim peyklərin və pilotsuz uçan aparatlarımızını üzərinə ciddi iş düşür. Belə hallar tam təsdiqin tapandan sonra beynəlxalq ictimayyətin nəzərinə çatdırılmalı və Ermənistanın terrorçu qrupları dəstəklədiyi, onların bazalarının  məhz işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirdiyi xüsusi qeyd edilməlidir. Bu da bizə öz ərazilərimizdə antiteror əməliyyatlarına başlamağımıza əsas verən arqumentlərdən biri olacaq. Bu zaman orada tək PKK -nın deyil, digər terror təşkilatlarının da yerləşdirilməsinə  xüsusi diqqət yetirmək lazımdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz