Əlaqə Arxiv
news Image
2018.02.17
11:00
| A A A
Seçkilərin şəffaflığı və demokratikliyi tam təmin olunur
Apreldə keçiriləcək prezident seçkilərinin ən yüksək tələblərə cavab verməsi üçün hər cür şərait var

“Seçkilər hər bir ölkənin demokratik prinsiplərə nə dərəcədə malik olduğunun göstəricisidir. Biz çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”. Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. O qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün lazımi şərait yaradılıb. Seçki Məcəlləsinin tələbinə görə bu şəraitin yaradılması icra orqanlarının vəzifəsidir. İndiyədək keçirilən seçkilərin nəticələri göstərir ki, ölkəmizdə dairə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. 

İndi elə bir dövrdür ki, sadəcə seçki prosesində qanunların və ya prosedurun pozulması mümkün deyil, çünki, səsvermə prosesini minlərlə göz izləyir. Bu ifadə yerli və xarici müşahidəçilərin şəxsində özünü biruzə verir. Amma bundan başqa texniki vasitələr də aşkarlığın təminində əhəmiyyətli rola malikdir. Məsələn, Azərbaycanda seçki məntəqələrinin 20 faizi müşahidə kameraları ilə təmin olunub. Bundan başqa barmaq izlərinin götürülməsi ciddi nəzarət altında həyata keçirilir və bu prosedurun tətbiqi bütün məntəqələrdə təmin olunbur.
Üstəlik, KİV vasitələrini də unutmaq olmaz. M.Pənahov mətbuatın rolunun nə dərəcədə geniş olması haqda fikrini belə ifadə edib: “Cəmiyyətdə baş verən proseslərin güzgüsü mətbuatdır. Azərbaycanda artıq kifayət qədər məsuliyyətli və peşəkar mətbuat formalaşıb”.  Şübhəsiz ki, seçki prosesinin şəffaf və demokratik keçirilməsində KİV-in müstəsna rolunun olduğunu bilməyən yoxdur. Azərbaycanda isə mətbuatın bu prosesləri müşahidə edib materiallar hazırlanmasına heç bir məhdudiyyət yoxdur. Yəni, şəffaflıq olan yerdə mətbuata hər hansı qadağa qoymağın nə mənası var. Təbii ki, seçki prosesinə müdaxilə olmadan.
Ümumiyyətlə isə demokratiyanın təmini seçki qanunlarına tam əməl olunmasından keçir. Qanunların təmini üçünsə müvafiq hazırlıq tələb olunur. Əgər seçkini keçirən təşkilatın prosesin gedişi üçün müvafiq iş planı varsa, onda həmin seçkinin baş tutması daha asan və demokratik baş verir. Yəni, plansız, prosedur qaydalarının yerinə yetirilməsində baş verən çətinliklər mütləq qarnaqarışıqlıq yaradır və nəticə etibarilə pozuntulara yol açır. Lakin Azərbaycanın Mərkəzi Seçki Komissiyasının səlahiyyəti və maddi resursları bütün texniki hazırlıqları vaxtında və yüksək səviyyədə yerinə yetirməyə imkan verir ki, bu da seçki günü ahəngdarlığı, seçicilərin maniəsiz və sərbəst səs verməsini təmin edir. Hətta seçki məntəqəsinə gəlmək imkanı olmayanlar üçün də müvafiq tədbirlər görülərək səsvermə hüququndan istifadə etmək imkanı yaradılır. Təbii ki, insan amili ilə bağlı seçki prosesində yüzdə yüz nəticə hansısa kiçik bir məntəqədə qeydə alına bilər, amma praktiki nəticə əldə etmək obyektiv olaraq çətindir. Amma yüksək səviyyəyə iddia etmək olar ki, bu da Azərbaycanda var.
Seçicilər arasında təbliğat işinin ardıcıl və səmərəli qurulması builki prezident seçkilərində yüksək seçici fəallığının olacağını şərtləndirir. Görülən işlər hazırlığın düzgün istiqamətdə getdiyini göstərir və belə bir qəti əminlik yaradır ki, seçkilər mükəmməl və səhvsiz keçirilərək xalqın öz iradəsini ifadə etməyin təntənəsinə çevriləcək, ölkə daxilində və beynəlxalq aləmdə yüksək qiymətləndiriləcək.  

N.NOVRUZ

Sizin Reklam Yeriniz