Əlaqə Arxiv
news Image
2018.02.20
13:21
| A A A
Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsait məlum olub

Prezident İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Prezident təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli Sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Prezidentin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 12 556 şəhid ailəsinə şamil olunacaq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, sərəncamla şəhid ailələrinə Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10% artırılacaq və bu artımın həyata keçirilməsi üçün  dövlət büdcəsindən ilin sonunadək 2,9 mln. manat  əlavə vəsaitin ayrılması təmin olunacaq.

 

Prezident İlham Əliyevin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncamı 20 744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14 134 nəfərini Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3 363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2 902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Prezident təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 mln. manata yaxın əlavə vəsait  ayrılacaq.

 

Növbəti Sərəncam - “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Sərəncam isə 307 nəfərə şamil olunacaq və onlara Prezident təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək.

 

Qeyd olunan üç Sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvarəlillərindən ibarət olmaqla ümumilikdə  33,6 min nəfəri əhatə edəcək və həmin Sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün  dövlət büdcəsindən ilin sonunadək təqribən 6 mln. manata yaxın əlavə vəsait ayrılacaq.

 

Prezident İlham Əliyev tərəfindən imzalanan və müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət qayğısının artırılmasını nəzərdə tutan hər üç Sərəncamın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam şəkildə təmin ediləcək.

 

Qeyd edək ki, müharibə əlilləri və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə  Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə bərabər, əlilliyə görə aylıq əmək pensiyası və ya əmək pensiyası hüququ olmadıqda aylıq sosial müavinət də ödənilir. Müharibə əlillərinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin  və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət verilir. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinətlə təmin edilirlər.

 

Eyni zamanda, Prezident İlham Əliyevin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin respublikanın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının  təhsil müddəti ərzində təhsil haqqı  da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

Bu təbəqələrdən olan insanlarla bağlı mühüm sosial proqramlardan biri də onların mənzillə təminatına yönəlib. Ümumilikdə indiyədəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 min əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 92,2%-i Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, digərləri İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir.  Ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilənlərin 73 nəfəri də  20 Yanvar əlilləri və 20 Yanvar şəhidlərinin ailələri olub.

Sizin Reklam Yeriniz