Əlaqə Arxiv
news Image
2018.02.20
14:15
| A A A
Dünya silah bazarında Azərbaycan məhsullarına tələb xeyli artacaq
Elşən Manafov: “Yüngül silahlar sahəsində yarana biləcək boşluğu Azərbaycan müdafiə sənayesi doldura bilər” Elçin Mirzəbəyli: “Rusiya hərbi sənayesinə ABŞ tərəfindən qoyulan yeni sanksiyalar fonunda Azərbaycanın istehsal etdiyi yüngül silahlara dünya bazarında tələbatın artacağı gözləniləndir”

Son illərdə Azərbaycan hərbi təyinatlı məhsulların ixracını əhəmiyyətli dərəcədə artırıb. İndi Rusiyaya, xüsusən də onun hərb sənayesinə qarşı ABŞ-ın tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar fonunda Azərbaycanın xaricə ixrac etdiyi yüngül silahlara tələb daha da arta bilərmi?

Politoloq Elşən Manafov bildirdi ki, Azərbaycanın istehsal etdiyi silah-sursata dünya bazarında tələbat günü-gündən yüksəlir: “Azərbaycanın xaricə ixrac etdiyi silahlara tələbatın müəyyən dərəcədə artacağı gözləniləndir. Bu da təbii ki, Azərbaycan silahına ehtiyacı olan müəyyən şirkət və dövlətlərlə əldə ediləcək razılıqlardan asılı olacaq. 
Bütün hallarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yüngül silahlara, dünya dövlətlərində, xüsusən də üçüncü ölkələrdə müəyyən maraq var. Məsələn, “İstiqlal” silahı dünya silah  bazarında artıq ad çıxarıb. Bu silahımız rəqabət qabiliyyəti olan silahlar içərisində mühüm yeri tutur. Rusiyaya münasibətdə ABŞ-ın tətbiq etdiyi növbəti sanksiyalar bildiyiniz kimi, şimal ölkəsinin hərbi sənaye kompleksindən və onunla bu istiqamətdə əməkdaşlıq edən şirkətlərdən də yan keçməyəcək.  Rusiya ilə əməkdaşlığı davam etdirmələri fonunda həmin şirkələr də ABŞ-ın sanksiyalarına məruz qala bilər. Belə olan halda onların ABŞ-dan və onun təsiri altında olan beynəlxalq maliyyə kredit institutlarından kredit almaq imkanları məhdudlaşacaq. Həmin şirkətlərin xaricdə olan bank hesabları dondurula bilər. Bundan çıxış edərək indiyə kimi Rusiya ilə silah alveri məsələsində müəyyən imkanlara malik olan tərəflər sanksiyalardan sonra Moskva ilə münasibətlərə daha təmkinlə və daha ehtiyatlı şəkildə yanaşacaqlar. 
Bütün hallarda etiraf etmək lazımdır ki, Rusiyanın istehsal etdiyi silahlara, “Kalaşnikov” avtomatına,  ağır texnikaya, tanklara dünya bazarında həmişə böyük ehtiyac olub. Bu silahlar hədəfi daha dəqiq vurmaq qabiliyyəti və daha az məsrəflə başa gəlməsinə görə həmişə dünya silah bazarında özünəməxsus yer tutub. Bu baxımdan düşünürəm ki, Rusiyaya qoyulan növbəti sanksiyalar fonunda bu ölkənin silah ixracında müəyyən problemlər yaranacaq. Belədə prosesin gedişində yüngül silahlar sahəsində yarana biləcək boşluğu Azərbaycan müdafiə sənayesi doldura bilər. 
İndiyə kimi, Bakıda Müdafiə Sənayesi Nazirliyinin xəttilə Azərbaycanın istehsal etdiyi silahların bir neçə dəfə sərgisi baş tutub. Həmin sərgilər zamanı da Azərbaycan silahlarına olan maraq özünü qabarıq şəkildə büruzə verib. Bu əsasda istehsal etdiyimiz silahları almaq niyyətini bildirən şirkətlərin adları da bəlli olub. Ona görə də güman edirəm ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar Moskvaya opponentlik edən və yarana biləcək boşluqdan istifadə edib, mənfəət qazanmaq istəyən dövlət və məlum şirkətlərin diqqətindən yayınmayacaq. Atalar misalında deyildiyi kimi, “Müqəddəs yer heç zaman boş qalmır”. Həmin boşluğu dolduqmaq istəyən və buna qadir olan dövlətlərin sırasında sözsüz ki, Azərbaycan da var”.  
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də qeyd etdi ki, Rusiya hərbi sənayesinə ABŞ tərəfindən qoyulan yeni sanksiyalar fonunda Azərbaycanın istehsal etdiyi yüngül silahlara dünya bazarında tələbatın  artacağı gözləniləndir: “Lakin Azərbaycan silahına artan tələbat təkcə Rusiya silahına qoyulan qadağalarla bağlı deyil. Azərbaycan məhsulları kifayət qədər keyfiyyətli olduğundan artıq bir sıra ölkələrin silah arsenalına daxil edilib. Bütün bu proseslə sözsüz ki, Azərbaycan müdafiə sənayesinin güclənməsinə də öz təsirini göstərəcək. 
Ancaq məsələyə daha çox Azərbaycanın daxili konteksindən yanaşsaq, daha doğru olardı. Təbii ki, Rusiya hərbi sənayesinə tətbiq olunan sanksiyalar artıq bu ölkəyə öz təsirini kifayət qədər ciddi şəkildə göstərməkdədir. Rusiyanın bu istiqamətdə ixrac imkanları günü-gündən məhdudlaşır. Belə olan təqdirdə, Azərbaycan daha çox özünü hərbi texnika və silahla təmin etmək barədə düşünməlidir. Bu baxımdan qənaətimə görə, müdafiə sənayesinin inkişafı ilk növbədə daxili tələbatımızın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, dünyanın ən gəlirli sahəsi olan bu sektor ixracın artması ilə Azərbaycana da kifayət qədər gəlir gətirə bilər. Qənaətimə görə, Azərbaycan bu istiqamətdə kifayət qədər ciddi addımıar atır”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz