Əlaqə Arxiv
news Image
2018.02.21
08:00
| A A A
Azərbaycanın iştirakı ilə daha bir regional format yaranır
Ölkəmiz yenə də beynəlxalq əməkdaşlığın sınanmış formasındn istifadə dairəsini genişləndirir

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. “Yeni formatın yaranması bir daha sübut edir ki, Azərbaycanın iştirakı olmadan regional, beynəlxalq layihələr gerçəkləşdirilmir”, - deyə səfir vurğulayıb. Diplomat qeyd edib ki, məsləhətləşmələr zamanı üç ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. Bu formatda yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların, Xəzər və Qara dəniz hövzəsi ilə enerji resurslarının daşınmasının uğurla həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Buvaxtadək üçlük formatında regional əməkdaşlığın “Azərbaycan-İran-Rusiya”, “Azərbaycan-Türkiyə-Gürcüstan” kimi uğurlu nümunələri var. Beynəlxalq nəqliyyat dəhlizlərinin, iqtisadiyyatda mühüm rol oynayan neft və qaz kəmərlərinin layihələndirib tikilməsində bu üçlük formatlarının böyük rolu olub. Daha sonra isə iqtisadi əlaqələr üzərində inkişaf edən dostluq münasibətlərionin siyasi təmayülə trnsfer edilməsi formatların əhəmiyyətini yüksəldib. İndi isə daha bir formatın əsası qoyulur.
Ukrayna Respublikasının belə bir formata, həm də Türkiyə və Azərbaycanla qurulan rəsmi qrupa böyük ehtiyacı var. Mövcud şəraitdə bu 3 dövlət yaxınlaşmağa sövq edən siyasi və iqtisadi səbəblər kifayət qədərdir.  Ukrayna və Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olması, Türkiyənin terrorçu qruplarla təhdid edilməsi bu ölkələrin siyasi əlaqələrinin genişləndirilməsini ehtiva edir. Lakin iqtisadi əlaqələr daha aktualdır. Çünki, Ukrayna Rusiyanın caynağından birdəfəlik qopmaq üçün yeni bazarlar və idxal-ixrac mənbələri axtarır, Azərbaycan iqtisadi şaxələndirmə siyasəti yeridir və Ermənistanın təcavüzkar siyasətinə qarşı ona iqtisadi blokada tətbiq edir, Türkiyə iqtisaqdiyyatı ildən-ilə sürətini artırdığından etibarlı tərəfdaşlara ehtiyacı var. 
Qədim Böyük İpək yolunun müasir projesinin Türkiyə və Azərbaycan vasitəsilə bərpa edilməsi regionun inkişafında böyük rol oynayır və bu yolun zəngin resurslara malik olması heç kimdə şübhə doğurmur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa-Ərzrum qaz kəməri, “Cənub Qaz Dəhlizi” kəmərlər sistemi, Bakı-Tiflis-Qars dəmiryol xətti Azərbaycan-Türkiyə-Gürcüstan üçlük formatının innovasiyanın tələblərini yüksək səviyyədə ödəyən layihələrdir. Şübhə yoxdur ki, yaxın gələcəkdə bu üç dövləti birləşdirən əla şəraitli avtomagistralın tikilməsi ideyası ilə daha bir innovativ layihənin əsası qoyulacaq. “Şimal-Cənub” nəqliyyat dəhlizi “Azərbaycan-Rusiya-İran” formatının uğurlu nəticəsidir. Bu ölkələr arasında avtomagistralın tikilməsi də gündəmdədir və bu günlərdə Rusiya sərhəddindən başlayaraq Azərbaycanın öz ərazisində tikməyə başladığı yeni yol beynəlxalq dərəcənin tələblərinə cavab verməklə 3 dövləti birləşdirən yeni xəttə çevriləcək. 
Bu gün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və işlək olan layihələrə Ukraynanın ehtiyacı böyükdür. Çünki, ölkəmiz nəqliyyat qovşaqlarının mərkəzində qərar tutmaqla yanaşı öz təbii sərvətləri və uğurlu balanslaşdırılmış siyasəti ilə dünya arenasında əhəmiyyətli mövqeyə yiyələnib. Bu yükü ilə Azərbaycan bir çox ölkələrin rəğbətini qazanmaqla birgə həm də ölkələrarası münasibətlərin tənzimlənməsində vasitəçilik rolunu yerinə yetirməyi bacarır. Təkcə bu məqam yeni tandemin gələcək uğurunda həlledici addımlar ata bilər. Başqa sözlə, region yeni bir üçlük formatının astanasındadır və Azərbaycan bu formatın mərkəzi fiqurudur.
N.NOVRUZ   

Sizin Reklam Yeriniz