Əlaqə Arxiv
news Image
2018.02.21
11:00
| A A A
Mircəfər Bağırov və Cənubi Azərbaycan

Əvvəli ötən sayımızda:http://www.movqe.az/news/siyaset/113357.html

                                      http://www.movqe.az/news/siyaset/113357.html

 

AZƏRB. SSR
DÖVLƏT TƏHLÜKƏSİZLİK
XALQ KOMİSSARI  
POLKOVNİK                                       / KƏRİMOV/

29 sentyabr 1945-ci il

F№1, siy. № 89, iş № 95
Tam məxfi

Təbrizdə daşnak silah anbarının aşkar olunması haqqında 
ARAYIŞ

1945-ci il iyul ayının ortalarında Təbrizdə erməni məktəbinin zirzəmisində daşnak silah anbarının mövcudluğu haqqında məlumat daxil oldu.
İlkin yoxlama zamanı bu məlumatlar təsdiqləndi və müəyyən olundu ki, daşnak silah anbarının mövcudluğundan hələ 1944-cü ildə daşnak Bakdalyan və Xalq Partiyasının üzvü David Gevorkyan erməni məktəbinin təmiri zamanı xəbər tutmuş və guya qorxudan heç kimə deməmək qərarına gəlmişdir.
Dindirmə zamanı David Gevorkyan erməni məktəbinin zirzəmisində daşnak silah anbarının olmasını təsdiq edərək bildirib ki, o, bu barədə heç kimə xəbər verməyib və bu silahı Xalq Partiyasının üzvlərinin silahlandırılması üçün istifadə etməyi nəzərdə tutub.
Anbar istənilən vaxt onu başqa yerə köçürmək imkanına malik olan daşnakların nəzarəti altında idi və onlar, sözsüz ki, silahın Xalq Partiyasının əlinə keçməsinə yol verməzdilər.
Həmin il iyul ayının 20-nə keçən gecə əməliyyat keçirilmiş və bizim əməkdaşlar yeri qazıb anbarı aşkar etmişlər. Nəticədə 50.000-dən artıq tüfəng və digər silah üçün patronlar, 4 top panoraması, 19 tüfəng, 23 “Naqan” və “Mauzer” sistemli tapança, 500 kq partlayıcı maddə, 3.000 kapsul-fitil, 25 qumbara və bir sıra top hissələri çıxarılıb götürülmüşdür.
Bəzi məlumatlara görə, bütün bu silahlar 25 il bundan qabaq əldə olunmuş, daşnak hökumətinə məxsus olmuş və Təbrizdəki erməni məktəbi binasının zirzəmisində gizlədilmişdir.
Müəyyən olunub ki, silah anbarının mövcudluğu arxiyepiskop Məlik-Taqiyana da məlum imiş və o, sonradan bizim əməkdaşlarımıza sistematik olaraq daşnakları himayə etdiyini, həmçinin silah və döyüş sursatının saxlanmasında onlara kömək göstərdiyini şəxsən təsdiqləmişdir. Məlik-Tanqiyan son zamanlaradək yeparxiya idarəsinin binasında İraqdan qaçan daşnakarın qoyub getdiyi daşnak ədəbiyyatı kitabxanasına saxlayırmış. 1929-cu ilin məlumatlarına görə, Məlik-Tanqiyan ingilis kəşfiyyatı ilə əlaqəli imiş.
Yuxarıda göstərilən anbarın aşkar olunması ilə əlaqədar olaraq, yerli milliyyətçi dairələr iranlılar və ermənilər arasında milli ədavətin qızışdırılmasına  yönəlmiş hər cür mümkün dedi-qodular yaymağa başladılar. Mövcud məlumatlar əsasən, bəzi mollalar erməni kilsəsinin həyətində guya iranlılara qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuş silah anbarının aşkar olunmasına bildirmişlər. Bu zəmində ermənilərin döyülməsi və onların ünvanına hədə-qorxu halları baş vermişdir. 
Erməni əhalisi silah anbarının qeyri-qanuni saxlanmasında günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edərək, daşnakları, xüsusilə də bu silah və döyüş sursatlarını gizlədib saxlayan yeparxiya şurasının rəisi arxiyepiskop Nerses Məlik-Tanqiyanın, zərgər Aykak Kosoyanın, direktor Hayk Əcəmyanın, erməni  məktəbinin keçmiş gözətçisi, hazırda tacir olan Ovanes Qabrielyanın və onun oğlu Andronik Qabrielyanın simasında onların Təbrizdə qalan rəhbərlərini ittiham edir.

AZƏRB. SSR
DÖVLƏT TƏHLÜKƏSİZLİK 
XALQ KOMİSSARI 
POLKOVNİK                                                     /KƏRİMOV/

1 oktyabr  1945-ci il

Artıq oktyabrın 16-da M.Bağırovun təkidi ilə polkovnik Kərimov İran erməniləri və Sovet rəhbərliyinin maraqlarını ifadə edən  “Tudə” Partiyasına deyil, Demokrat Partiyasına üstünlük verməyə və yeni məlumatlar ötürməyə başlayır.


F №1, siy. № 89, iş № 95
Tam məxfi

İran ermənilərinin yeni yaradılan Azərbaycan Demokrat 
Partiyasının münasibəti haqqında
ARAYIŞ

“Ramkavar” partiyasının üzvü Torqosyan bildirmişdir:
“Demokrat Partiyası kifayət qədər dəyərli ideya daşıyır. Əgər o öz tələblərinin həyata keçirilməsinə nail olarsa, ermənilərin vəziyyəti kəskin şəkildə yaxşılaşacaq”.
İri sərvət sahibi Budaqyan demişdir:
“Bir halda ki, Demokrat Partiyası Azərbaycanın muxtariyyəti məsələsini qoyur, şübhəsiz, biz buna hər cür yardım göstərməliyik”.
Bununla yanaşı həmçinin bəzi mənfi fikirlər də qeydə alınmışdır. Belə ki:
İngilis bankının işçisi, İngiltərə vətəndaşı Tovmasyan öz fikrini belə açıqlamışdır:
“Ruslar öz qoşunlarının çıxarılması ilə bağlı olaraq İranda nüfuzlarının zəifləməsinin qaçılmazlığını əvvəlcədən görərək “Tudə” Partiyasının adını dəyişib Demokratik Partiya qoydular, onların bu partiya ilə əlaqəli olması fikrinə əsas verməmək və Azərbaycanda öz nüfuzlarını qoruyub saxlamaq üçün bura bəzi tacir və mülkədarları da daxil etdilər”.
Tanınmış daşnak Kosoyan deyib:
“Ruslar gördülər ki, “Tudə” Partiyası öz hərəkətləri ilə özünün hörmətdən salıb, buna görə də onu Demokrat Partiyası adlandırdılar və bura varlıları da cəlb etmək, bununla da hökumətin diqqətini özlərindən yayındırmaq üçün proqrama bəzi dəyişikliklər etdilər. Hər halda bu partiyanın tələbləri kifayət qədər ədalətlidir və onların həyata keçirilməsində biz ermənilər  də maraqlıyıq”.
İngilis bankının direktor müavini Ter-Ovanesyan demişdir:
“Ermənilərin yəni Demokrat Partiyasına qoşulması səhvdir. Bu partiyaya Azərbaycan ermənilərinin adından göndərilmiş təbrik məktubu siyasi nöqteyi-nəzərdən təhlükəli addımdır. Bizim ermənilər və milli azlıq olaraq vəziyyətimiz qeyri-müəyyəndir. Biz bütün bunları dərk etməli və özümüzü loyal aparmalıyıq. Öz iştirakımızla biz Demokrat Partiyası üçün yaxşı heç bir şey edə bilməyəcəyik, çünki say baxımından heç nəyə dəymərik, ermənilər üçünsə biz ən pis vəziyyət yaradacağıq. Hətta elə ola bilər ki, gələcəkdə Demokrat Partiyası özü də “gənc türklər” kimi ermənilər üçün dəhşətli qılınca və onları təqib edən qüvvəyə çevrilsin”.
Marağada yaşayan daşnak Rostomyan deyirdi:
“Biz ermənilər üçün belə partiyalarda iştirak etmək çox təhlükəlidir. Biz Demokrat Partiyasına daxil olsaq, İran hökuməti onun bütün fəaliyyətini bizim ayağımıza yazacaq və bizə divan tutmağa başlayacaq. Ərdəşir Ovanesyanın başına nə gətirdiklərini görürsünüzmü? “Tudə” Partiyasının hərəkətlərində yalnız onu ittiham edir və hesab edirlər ki, bu partiyanın bütün işinə təkcə o rəhbərlik edir və bu ancaq ona görə baş verir ki, o ermənidir. Biz öz mövcudluğumuzu qoruyub saxlamaq üçün bütün partiyalardan kənarda durmalıyıq. Bizim İrandakı mövqeyimiz onsuz da çox möhkəm deyil”.
Təbrizdə dərc olunan “Antifaşist” erməni qəzeti Demokrat Partiyasının orqanı olmasa da, sistematik olaraq öz səhifələrində Azərbaycan Demokrat Partiyasını təbliğ edir.


AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK 
XALQ KOMİSSARI 
POLKOVNİK                                                     /KƏRİMOV/

16 oktyabr 1945-ci il


Bütün bunlarla əlaqədar olaraq, M.Bağırov 21 oktyabr 1945-ci il tarixdə Bakı hərbi dairəsinin komandanı, ordu generalı İ.İ.Maslennikovla bərabər L.P.Beriyaya yenidən məktub yazaraq və öz narahatlığını bildirir. M.C.Bağırov Türkiyə ərazilərinin sovet Ermənistanına birləşdirilməsinin məqsədəuyğun olmadığını qeyd edərək, İraqdakı neft yataqlarına Cənubi Azərbaycan və İran Kürdüstanı vasitəsilə Mosula çıxmağın daha əlverişli olduğunu vurğulayır. O, bu xətti yeritməklə dünya ermənilərinin Türkiyə torpaqlarına iddialarının qarşısını aldı və onların fəaliyyətini neytrallaşdırdı.

 
F № 1, siy. № 89, iş № 95
Tam məxfi
SSRİ Daxili İşlər Xalq Komissarı Sovet İttifaqı marşalı 
L.P.Beriya yoldaşa

ÜİK (b) P MK-nın İran Azərbaycanı və Şimali Kürdüstan məsələsi ilə bağlı 8 oktyabr 1945-ci il tarixli qətnaməsinin icra olunması məqsədilə tərəfimizdən aşağıdakılar həyata keçirilmişdir:
Azərbaycan SSR DİXK və DTXK-nin İran Azərbaycanında muxtariyyətçilik hərəkatının inkişafına mane olan şəxs və təşkilatların (jandarmlar, polislər, İran ordusunun zabitləri və s.) məhvi üzrə işi təşkil etmək iqtidarında olan 21 təcrübəli əməliyyat işçisi ayrılmışdır. Bu yoldaşlar həmçinin yerli əhalidən silahlı partizan dəstələri təşkil etməlidirlər.
Əməliyyat işçilərinə yardım üçün kənd təsərrüfatı işçiləri və kolxoz aktivi sıralarından uzun müddət DİXK-DTXK orqanları ilə bağlı olmuş və bir sıra konkret döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olaraq yoxlanılmış 75 döyüşçü seçilmişdir.
Əməliyyat işçiləri və döyüşçülər qruplarla ilk növbədə Təbriz, Ərdəbil, Miyanə, Rezaiyyə və Marağa şəhərlərinə yollanacaqlar, digər rayonlara isə sonralar göndəriləcəklər.
Konspirasiya məqsədilə əməliyyat heyəti yerlər bizim İran Azərbaycanı şəhərindəki hərbi komendantlarımızın müavinləri kimi, döyüşçüləri isə həmin komendaturalarda sıravi kimi yerələşdiriləcəklər.
Yerlərə göndərilməzdən əvvəl ayrılmış işçilər Bakı şəhərində siyasi, hərbi və sosial hazırlıq keçəcəklər.
Azərbaycan SSR DİXK və DTXK-nin göstərilən işçilərinin (siyahı əlavə  olunur) nəzərdə tutulmuş tədbirləri həyata keçirmək üçün ezam olunmasına sərəncam vermənizi xahiş edirik. 96 nəfərdən ibarət əməliyyatçı və döyüşçülərin İran Azərbaycanında uzun müddət qalması zərurətini nəzərə alaraq, onların saxlanması üçün ayda 100.000 rial vəsait ayrılması haqqında göstəriş vermənizi xahiş edirik.
Bakı hərbi dairəsinin komandanı Ordu Generalı (İ.İ.Maslennikov)


Azərbaycan K(b)P MK-nın katibi
(M.C.Bağırov)

Bakı şəhəri, 21 oktyabr 1945-ci il
№ 273

Bu müraciət L.P.Beriya tərəfindən müsbət həll olunmuşdu. M.C.Bağırov özünün növbəti addımlarını regionda real vəziyyəti nəzərə almaqla atır, tədbirlər görür və öz strategiyasını formalaşdırırdı. Bundan başqa, M.C.Bağırovun tapşırığı ilə yerli İran mətbuatında siyasi vəziyyətlə bağlı dərc olunan istənilən məqalə dərhal tərcümə olunurdu. Bütün bunlar vəziyyətə kor-koranə baxmamağa, analitik düşünərək, vəziyyti idarə etməyə çalışırdı.
16 noyabr 1945-ci ildə Təbriz qubernatorunun vəzifələrini icra edən Həsən Dövlətşahi, diviziya komandiri general Daraşahi, jandarmeriya rəisi Humayu İran Azərbaycanındakı vəziyyəti teleqrafla Tehrana çatdırdılar. Həmin gecə İran hökuməti növbədənkənar iclas çağırdı və hərbi nazir general Riyazi tərəfindən Azərbaycanda baş verən hədisələr haqqında məlumat dinlənildi. Hərbi nazir öz çıxışında əhalinin Sovetlər tərəfindən silahlandırılması və hazırlanan üsyan haqqında xəbər verdi. 
İranın keçmiş baş naziri Mürtəza Bayat Təbrizə yeni qubernator təyin etdi və İran ordusuna tam hərbi hazırlıq əmri verildi.
Noyabrın 18-də SSRi-nin İrandakı səfirinin səlahiyyətlərini icra edən Əhəd Yaqubov İranın baş naziri Həkimi ilə görüşdü. Görüş zamanı Həkimi Sovet səfirinə yeni təyin olunmuş qubernatorun Təbrizdəki Sovet zonasına 2 piyada batalyonu və 1 jandarm qrupu ilə daxil olmasına köməklik etməyi və ümumilikdə isə II Dünya müharibəsinin sona çatması ilə əlaqədar olaraq Sovet Ordusu hissələrinin İran Azərbaycanı və İran Kürdüstanı ərazisindən çıxarılmasını xahiş etdi. Həkimi xahişinin yerinə yetirilməyəcəyini başa düşüb, noyabrın 19-da İran Xarici İşlər Nazirliyi vasitəsilə Tehrandakı Sovet səfirliyinə etiraz notası göndərdi. Notada Tehran Sovet hökumətini İranın daxili işlərinə müdaxilədə ittiham edirdi. Sovet İttifaqı Xarici işlər xalq komissarı notaya ertəsi gün cavab verdi. Notaya cavabda deyilirdi:
“Sovet hökuməti İranın daxili işlərinə müdaxilə etmir və Azərbaycanda baş verənlər İranın daxili işidir. Sovet qoşunlarının İrandan çıxarılması məsələsi isə gündəlikdə durmur”. 
Noyabr ayından başlayaraq, M.C.Bağırov hər gün Moskvaya – Stalinə, Molotova, Beriyaya və Malenkova məlumatlar verirdi. Bu məlumatları isə Bağırova əsasən İranda səfir vəzifələrinin icraçısı Ə.Yaqubov, DT komissarı S.Yemelyanov və Azərbaycanı Təbrizdə təmsil edən üçlük (M.İbrahimov, H.Həsənov, A.Atakişiyev) ötürürdü.
Noyabrın 18-də Təbrizdə 20 min nəfərlik mitinq keçirildi. Mitinqdə Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya və İlhami çıxış edərək polislərə, jandarmlara, əsgərlərə müraciət etdilər: “Siz Azərbaycan xalqının oğulları və bizim qardaşlarımızsınız. Satqın adamlara qulaq asmayın, öz xalqınıza əl qaldırmayın”. 
Eyni zamanda Təbriz və Azərbaycanın digər şəhərlərində SSRİ-dən gətirilmiş silahla yerli sakinlər silahlandırılır və üsyançı dəstələr yaradırdılar. Bakı “üçlüyündən” Bağırova üsyançıların silahlandırılması üçün 10 min vahid hərbi sursat göndərilməsi xahişindən ibarət məktublar göndərilirdi.
1945-ci il noyabr ayının ikinci yarısında xalq yığıncaqları vasitəsilə Azərbaycan Milli Konqresinə 687 nümayəndə seçilir.
1945-ci il noyabr ayının 20-də saat 10-da Şiri-Xurşid teatrında Azərbaycan Milli Konqresi öz işinə başladı. Demokrat Partiyasının sədri Seyid Cəfər Pişəvəri və Səttarxanın qardaşı Hacı Əzimxan Milli Konqresin işini açıq elan etdilər. Konqresdə Azərbaycanın muxtariyyətinin və Milli Məclisə seçkilərin əsası qoyuldu. 
Milli Konqres iştirakçıları tərəfindən Müəssislər Məclisi elan olundu. Eyni zamanda Milli heyət təsis edildi və tezliklə Milli hökumətin yaradılması planlaşdırıldı.
Noyabrın 23-də Milli Konqres Məhəmmədrza şaha, İran Məclisinin sədri Təbatəbaiyə və baş nazir İbrahim Həkimiyə müraciət ünvanladı. Müraciət 7 bənddən ibarət idi. I,VI və VII bəndlərdə deyilirdi:
I. Azərbaycan xalqı öz milli xüsusiyyətlərinə malikdir. Bu, xalqın dili, ənənələri, hüquqi və tarixi inkişaf yolundadır. Bu xüsusiyyətlər bizə İranın tamlığı və ərazi bütövlüyünə xələl yetirmədən “Atlantika xartiyası” əsasında millətin öz müqəddaratına təyin etmə hüququna malik olmağa əsas verir.
VI. Azərbaycan xalqının xüsusiyyətlərindən biri də onun ana dilidir. Milli Konqres Milli Heyətə tapşırır ki, Azərbaycanın bütün dövlət orqanlarında rəsmi dil kimi Azərbaycan dili işlədilsin.
VII. 700 nümayəndənin iştirak etdiyi Milli Konqres daxili işlərin idarə olunması üçün 39 nəfərdən ibarət Milli Heyət təsis etdi. Milli Heyət Azərbaycan Milli Məclisinə və İran Məclisinə seçkiləri təşkil edəcəkdir.
Yemelyanovun M.C.Bağırova verdiyi məlumatla tanışlıqdan sonra bir daha aydın olur ki, Təbrizdə baş verən bütün proseslərə M.C.Bağırov Bakıdan bir başa rəhbərlik edir. 


F № 1, siy. № 89, iş № 97

AZƏRBAYCAN K(b)P MK-nın KATİBİ 
BAĞIROV yoldaşa

“İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında” məruzənin layihəsini Sizə göndərirəm. 
Əlavə: 2 nüsxə

AZƏRB.SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK XALQ
KOMİSSARI GENERAL-MAYOR (YEMELYANOV)

Bakı şəhəri, 20 dekabr 1945-ci il

Ardı var...

 

Tədqiqatçı - Adıgözəl Məmmədov

 

Sizin Reklam Yeriniz