Əlaqə Arxiv
news Image
2018.02.22
07:00
| A A A
ABŞ sanksiyaları hələ tətbiq edilmədən Ermənistanı çökdürür
Fikrət Sadıxov: “Yaranmış situasiyada düşmən ölkə tam olaraq dalana dirənəcəksə, Qarabağ məsələsində müəyyən güzəştlərə getməyə məcbur olacaq” Aydın Ağayev: “ABŞ-la Rusiya arasında gərginlik yüksələn xəttlə davam etsə, sanksiya siyasəti dərinləşsə, bu vəziyyət İrəvana da ciddi problemlər gətirəcək”

ABŞ-ın Rusiyanın hərbi sənayesinə sanksiya tətbiqindən ən çox əziyyəti İrəvan çəkəcək. Bunu “1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan deyib: “Silahlanma yarışı konfliktlərdə ciddi komponentlərdən biridir. 2016-cı ildə Ermənistana 100%-lik silah tədarükçüsü Rusiya idi. Əgər Rusiyaya bu istiqamətdə sanksiyalar tətbiq edilirsə, demək ki, Ermənistan əsas silah mənbəsindən məhrum olur. Azərbaycana isə Rusiyadan silahın 60-65%-ni tədarük edir. Yerdə qalanları isə o, Ukrayna, Belarus, İsrail və Türkiyədən alır. Əgər bu silah alışı iki ölkəyə də qadağan olunsa, o zaman bundan Ermənistan tərəfi əziyyət çəkəcək. Azərbaycanın bundan sonra problemləri olmayacaq, amma Ermənistanın həm də maliyyə baxımından problemləri yaranacaq”. 

Politoloq Fikrət Sadıxov da bildirdi ki, Vaşinqtonun Rusiyanın hərbi sənayesinə qoyacağı sanksiyalardan sözsüz ki, silah baxımında tam olaraq Moskvadan asılı olan Ermənsitan da əziyyət çəkəcək: “Erməni eksperti Məlikyanın ABŞ-ın Rusiyaya tətbiq edəcəyi növbəti hərbi sanksiyadan Ermənistanın əziyyət çəkəcəyilə bağlı səsləndirdiyi fikirlərlə əlbəttə ki, tam razıyam. Çünki Rusiyaya edilən bu sanksiyalar ondan silah alan digər ölkələrə də şamil olunacaqsa, bu hal birmənalı olaraq Ermənistana vurulan zərbə olacaq. Ona görə ki, Ermənistanın hərbi sahədə yeganə təminatçısı Rusiyadır. Onlar özləri də bunu etiraf edirlər. Ola bilsin, üçüncü ölkələr vasitəsilə çalışacaqlar ki, Rusiyadan silah alınmasını davam etdirsinlər. Amma üçüncü ölkə vasitəsilə alınan silah birmənalı şəkildə ermənilərə daha baha başa gələcək. Ermənistan artıq güzəştli kreditlər əsasında silah ala bilməyəcək. 
Ermənistan bildiyiniz kimi, iqtisadi cəhətdən olduqca bərbad durumdadır. Sözügedən addımla isə düşmən ölkənin onsuz da aşağı səviyyədə olan hərbi potensialına daha ciddi zərbə vurulacaq. Yaranacaq bu vəziyyət də hər halda münaqişə ətrafındakı prosesə öz təsirini göstərə bilər. Çünki iqtisadi və hərbi potensial baxımından zəif olan ölkə kimi Ermənistan təbii ki, Azərbaycanın gücünə tab gətirməyəcək. Düşünürəm ki, yaranmış situasiyada hərbi texnika məsələsində düşmən ölkə tam olaraq dalana dirənəcəksə, Qarabağ məsələsində müəyyən güzəştlərə getməyə məcbur olacaqlar. Əgər onları dəstəkləyən olmayacaqsa”. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev də bildirdi ki, Rusiyaya Ağ Evin tətbiq etdiyi növbəti sanksiyalar şimal ölkəsindən silah alan Ermənistanı daha ağır durumla üz-üzə qoyacaq: “Erməni ekspertinin ABŞ-ın Rusiyaya tətbiq edəcəyi növbəti sanksiyalardan Ermənistanın da ziyan çəkəcəyilə bağlı dediklərində həqiqət var. Ermənistanın bütün hərbi imkanları bir dövlətə bağlıdır. Azərbaycan isə çoxdandır bu istiqamətdə digər mənbələrdən də istifadə edir. Hətta istəsək, başqa digər mənbələrin imkanlarından da yararlana bilərik. Bu mənada da ABŞ-ın Rusiya hərbi sənayesinə qoymaq istədiyi yeni sanksiyaların ölkəmiz üçün heç bir təhlükəsi yoxdur. Yəni ölkəmizin belə bir problemlə üzləşəcəyini düşünmürəm. Amma ABŞ-la Rusiya arasında gərginlik yüksələn xəttlə davam etsə, sanksiya siyasəti dərinləşsə, bu vəziyyət  İrəvana da ciddi problemlər gətirəcək. Hər gün daxil olan informasiyalar isə Moskva  ilə Vaşinqton arasında münasibətlərin daha da sərtləşməsindən xəbər verir. Hətta Rusiyanın rəsmi qaynaqları hesab edir ki, iki dövlət arasındakı münasibətləri normallaşdırmaq çox mürəkkəb iş olacaq. Azərbaycan özündə olan mövcud silahlarla istənilən an Qarabağ və digər işğal olunmuş ərazilərimizi ermənilərdən təmizləyə bilər. Buna heç kəsin şübhəsi yoxdur, nəregionda, nə xaricdə. Bununla bağlı hansı problemin olduğunu da bilirik”. 
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz