Əlaqə Arxiv
news Image
2018.02.22
08:00
| A A A
Düşməni lərzəyə salan mövqe
Ədalət Verdiyev: “Bu, vaxtında və yerində verilmiş bəyanatdır” Nəzakət Məmmədova: “Artıq şərait dəyişməyə doğru gedir”

Məlumdur ki, fevralın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Ekspertlərin fikrincə, nazirin bu açıqlaması Ermənistana, həm də onun havadarlarına xəbərdarlıqdır.  

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev hesab edir ki, bu, vaxtında və yerində verilmiş bəyanatdır: “Əvvəla, 2016-cı il hadisələrini zaman-zaman təkrarlamaq lazımdır. Anlayırıq ki, bəzi iri dövlətləri Qarabağın taleyi maraqlandırmır. Onlara sərf edən variant status-kvonun saxlanılması, danışıqlar, uzun get-gəllərdir. Bunlar isə Azərbaycanın maraqlarına uyğun gəlmir. Milli maraqlarımız baxımından prezident seçkilərindən sonra hərbi əməliyyatlara başlanılması mümkündür. Vaxt baxımından da düzgün olardı. 
ABŞ-ın tətbiq etdiyi  sanksiyalar fonunda Ermənistan qısa bir zaman ərzində milyonlarla vəsait tapıb silah-sursata xərcləyə bilməyəcək. Onlar məcburən yeni borc qaynaqları axtaracaqlar. Silah bazarında isə nisyə söhbəti yoxdur. Onlarda da prezident seçkiləridir. Resurslarının bir hissəsi ora işlənəcək. Pul, bazar tapana qədər əməliyyatlara başlamalıyıq. Nəticələri ciddi ola bilər. ABŞ Rusiyadan silah alan dövlətləri hədələməklə məşğuldur. Məqsəd də Rusiyanın gəlirlərini azaltmaqdan ibarətdir. Azərbaycanın pulu var. Rusiya olmayacaq, digər ölkələrdən silah ala biləcəyik. Eyni zamanda daxili istehsalımız da var. Ancaq Ermənistanın indiki vəziyyət çox ağırdır. Nağd pul, yerli istehsal yoxdur. Ermənistan həmin pulları, silahları tapana qədər biz əməliyyatlara başlamalıyıq. Bu, onları daxildən də daha çox parçalayacaq. Çünki, Rusiyaya bel bağladılar, amma Rusiya nəsə edə bilməyəcək”.
Politoloq Nəzakət Məmmədova da nazirin sözlərini xəbərdarlıq hesab edir: “Azərbaycan Prezident səviyyəsində də daim Ermənistana, eləcə də beynəlxalq təşkilatlara xəbərdarlıq edir. Sadəcə olaraq, qarşı tərəflər - həm Ermənistan, həm Minsk Qrupu həmsədrləri, həm də digər beynəlxalq təsisatlar danışıqlar prosesini mümkün qədər çox uzatmağa çalışır, bununla da status kvonun saxlanılmasını təmin edirlər. Ancaq bu, sonsuza qədər davam edə bilməz. 
Azərbaycan onsuz da 1994-cu ildən bəri səbr nümayiş etdirərək danışıqlardan çəkilmir. Ancaq bunun da sonu olmalıdır. Yəqin müəyyən bir şərait yetişməlidir ki, bu şərtlərdə istifadə edərək Azərbaycan öz torpaqlarını azad etsin. Bu şərtləri isə ən düzgün qiymətləndirə bilən şəxs Ali Baş Komandandır. O, özü də əminliklə istənilən an müharibəyə başlaya biləcəyini bəyan edib”.
Politoloq danışıqlar prosesinin uzadılmasının Ermənistana sərf etdiyi bildirdi: “Azərbaycana isə məsələnin konkret həlli lazımdır. Çünki Ermənistan bilir ki, danışıqların konkret yekunlaşması Azərbaycanın xeyrinədir və ümumiyyətlə beynəlxalq hüquq onun tərəfində deyil. O, bu əraziləri qanunsuz işğal edib və dünya ictimaiyyətini fakt qarşısında qoymaqla bu işğalı rəsmiləşdirmək istəyir. Lakin işğalın adı işğaldır və Ermənistanın bütün fəaliyyəti bu kriteriyalara tam uyğun gəlir. Odur ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi işğalçıya və onun arxasında duran qüvvələrə xəbərdarlıq edir. Ölkəmizin buna tam haqqı var. Beynəlxalq hüquq, BMT nizamnaməsi, BMT-nin qəbul etdiyi qətnamələr, digər mötəbər beynəlxalq təşkilatların nizamnamələri Azərbaycana öz ərazisini işğaldan azad etmək hüququ verir. Azərbaycan istənilən an bu hüququndan istifadə edə bilər. Sadəcə, hazırkı dünya sistemində beynəlxalq hüquq gördüyümüz kimi o zaman işlək mexanizmlə çevrilir ki, həm də böyük dövlətlərin mövqeyi burada ədalətli olsun. Böyük dövlətlər isə heç də hər zaman haqlı tərəfin yanında olmurlar. Lakin artıq şərait dəyişməyə doğru gedir. Avropada separatizm başladı və Avropa Birliyi ölkələrinin buna münasibəti çox kəskin oldu. Əsas olaraq dövlətlərin ərazi bütövlüyü götürüldü. Qarabağdakı erməni separatçıları İspaniyadakı Kataloniya separatçılarından üstün deyillər. Yaxud, bəzi ölkələr öz ərazi bütövlüyünü təhdiddən dolayı sərhədlərində antiterror əməliyyatları keçirir. Bunu Azərbaycan da Ermənistana qarşı edə bilər və s.”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz