Türkyənin Suryiada apardığı hərbi əməliyyatlar fonunda bölgədə mövqelərinin getdikcə güclənməsi müşahidə edilir. Fikir səslənir ki. belə vəziyyətdə Ankara Qafqazda da vacib oyunçulardan birinə çevriləcək.
Qeyd edək ki, Türkiyə Suriyada uğurlu əməliyyat həyata keçirərək həm İŞİD-in, həm də PKK-ya bağlı qüvvələrin məhv edilməsində mühüm rol oynayıb. Digər tərəfdən, Rəcəb Tayyip Ərdoğan hökuməti öz siyasətilə son illər Türkiyənin Yaxın Şərqdə mövqelərinin daha da möhkəmlənməsinə nail olub. Uzağa getməyək, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyini bu şəhərə köçürməklə bağlı qərarından sonra, məhz Ərdoğanın təşəbbüsü ilə Qüds çoxsaylı ölkələr tərəfindən Fələstinin paytaxtı kimi tanındı.
Siyasi icmalçı Azər Həsrətin fikrincə, Türkiyənin Qafqazda da söz sahibi olması üçün Rusiya zəifləməlidir: “Əslinə qalanda, ümumiyyətlə, Türkiyənin mövcudluğu Dağlıq Qarabağ münaqişəsində və Azərbaycanla bağlı bir sıra məqamlarda təminat rolunu oynayır. Türkiyə bölgədə aparıcı güclərdən biridir. Xüsusən də NATO üzvü olması baxımından Türkiyənin bölgədə söz sahibi olmasına imkan yaradır. Təbii ki, Türkiyənin Afrində həyata keçirdiyi uğurlu əməliyyatlar başqa qüvvələr üçün mesaj xarakteri daşıyır. Yəni, digər qüvvələr əyani şəkildə gördülər ki, Ankara istənilən an öz sözünü deməyə qadirdir. O baxımdan Türkiyənin uğurları Qafqaz və Azərbaycanla bağlı məsələləri daha aydın dəyərləndirməyə imkan verir. Gürcüstanın başına gətirilənlər onu göstərdi ki, bu dövlətin arxasında Azərbaycanın arxasında Türkyənin durduğu kimi duran bir dövlət yoxdur. Tiflislə Ankara strateji tərəfdaşdırlar, yaxın münasibətdədirlər. Amma bütün bunlara baxmayaraq, Türkiyə Gürcüstana Azərbaycana yanaşan kimi yanaşmır. Bu səbəbdən 2008-ci ildə müharibə qızışanda rus tankları hətta Tiflisin 30 km-nə qədər gəlib çıxmışdı. Ardınca Rusiya Abxaziya və Cənubi Osetiya kimi separatçı qüvvələri tanıdı. Bu da ona görə baş verdi ki, Tiflisin arxasında Bakının yanında Türkiyənin durduğu kimi hər hansı bir dövlət dayanmırdı. Azərbaycan məsələsində isə Rusiya irəli getməyə o qədər də həvəsli görünmür. Çünki Kremldə anlayırlar ki, Qarabağ məsələsinə də Abxaziya, Cənubi Osetiyada olduğu kimi yanaşarlarsa, qarşılarında təkcə Azərbaycanı deyil, Türkiyəni də görəcəklər. Bu baxımdan düşünürəm ki, Türkiyənin Afrindəki uğurlu əməliyyatı Rusiya və Qarabağı işğal altında saxlamaqda davam edən qüvvələr üçün də bir mesaj rolunu oynayır. Türkiyənin istənilən uğuru Azərbaycan üçün də uğurdur. Ona görə də hər bir azərbaycanlı Türkiyənin uğurlarına sevinməlidir. Çünki bu uğurlar Qarabağ probleminin həlli üçün də əlavə bir şans deməkdir. Ankaranın Qafqazda da vacib oyunçuya çevrilməsi üçün Moskvanın zəifləməsi lazımdır.
Son 2 əsr ərzində Cənubi Qafqazda Rusiya söz sahibi olub, birbaşa bu bölgəni nəzarəti və işğalı altında saxlayıb. Ona görə də birdən-birə Rusiyanın yerini Türkiyəyə verməsi bir qədər çətin görünür.
Ancaq mərhələ-mərhələ, tədricən, bir qədər uzaq perspektivdə Türkiyə Qafqazda da söz sahibinə çevrilə bilər. Qafqaz bütövlükdə erməniləri çıxmaq şərtilə antirus meylli xalqlarla zəngindir. Yalnız ermənilər könüllü şəkildə Rusiyanın forpostu olmağa razılıq verib. Bu da onların xain xislətindən irəli gəlir. Halbuki, ermənilər Rusiyanı deyil, Türkiyə və Azərbaycanı himayədar kimi qəbul etsəydi, indiki kimi ağır durumda deyil, qat-qat artıq yaxşı şəraitdə yaşayardılar. Belə bir vəziyyətdə uzaq perspektivdə Türkiyənin Cənubi Qafqazda söz sahibinə çevrilməsi üçün imkanlar var. Bura onu da əlavə edək ki, Rusiya böyük dövlət olmasına rəğmən, birrəngli dövlət deyil. Bu ölkə qarşıdurma mənbələrilə həddən artıq zəngindir. Proqnozlara görə Rusiya da parçalanacaq. Bunun da nəticəsində Türkiyənin bölgəmizdə bir nömrəli söz sahibi olması üçün geniş imkanlar yaranacaq”.
Politoloq Qabil Hüseynli də bildirdi ki, yalnız bölgədə Rusiyanın mövqeyinin zəifləməsi fonunda Ankara Cənubi Qafqazda aparıcı mövqeyə malik ölkələrədn birinə çevrilə bilər: “Türkiyə həqiqətən də regional dövlət olaraq gücünü xeyli dərəcədə artırıb. Bu fonda da Ankara dünya siyasətində həlledici rol oynamağa başlayır. Suriya məsələsi fonunda isə Türkiyənin Qafqazda da nə dərəcədə söz sahibi olacağı məsələsinin praktiki tərəflərini daha yaxşı görməyə başlayacağıq. Qafqazda məsələ Suriyada olduğundan bir qədər mürəkkəbdir. Cənubi Qafqaza Rusiya özünün yumşaq desək qarınaltısı kimi baxır. İndilikdə Türkiyənin Suriyada etdiyini Cənubi Qafqazda da edə biləcəyini demək çətindir. Hələlik, Rusiyanın sürüşkən mövqeyi buna imkan verməyəcək.
Yalnız Rusiyanın mövqeləri zəiflədiyi fonda Türkiyə bölgəmizə nüfuz etmək imkanlarını xeyli artıracaq. Türkiyənin hazırkı mövqeyi isə hələlik özünü diplomatik addımlar fonunda göstərir, praktik addımlar şəklində isə yox. O baxımdan da yaxın perspektivdə Türkiyənin Qarabağ məsələsində də həlledici mövqeyə malik olacağını söyləmək çətindir. Çünki, Moskva hətta ABŞ-la Fransanın da bu məsələyə müdaxiləsini demək olar ki, minimuma endirib. Ona görə də, Türkiyənin Qafqazda iqtisadi mövqeyinin artacağını gözləmək olar. Ancaq siyasi təsir gücünün artacağını indilikdə deyə bilmərik”.
Rüfət NADİROĞLU