Əlaqə Arxiv
news Image
2018.02.22
09:15
| A A A
Azərbaycanın dünya siyasi arenasında barışdırıcılıq missiyası
Supergüc dövlət mənsublarının indiyədək Bakıda baş tutan görüşləri bu qənaəti gücləndirir

“Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər” Bu sözləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İrina Zvyagelskaya deyib. Ekspertin sözlərinə görə, indi əlavə neytral danışıqlar arenasına ehtiyac var: “Azərbaycanın region üzrə tərəfdaşları ilə, xüsusilə də Rusiya, Türkiyə, İran və İsraillə, digər sözlə Suriya prosesinə cəlb olunan ölkələrlə tolerant dialoq aparmaq bacarıqlarını nəzərə alsaq, Azərbaycanın danışıqlar arenası kimi təşəbbüslərinə tələbat ola bilər”.

Rusiyalı ekspertin dediyi fikirlər əsassız deyil. Təkcə ötən il hazırda münasibətləri xeyli gərgin olan ABŞ və Rusiya hərbi qüvvələrinin rəhbərləri iki dəfə Bakıda görüşüblər.  2017-ci ilin əvvəlində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın dünyada sərgilədiyi mövqenin getdikcə daha çox optimallıq qazanmasının təzahürüdür. Təsadüfi deyil ki, iki böyük dövlətin yüksək çinli hərbçilərinin I Bakı görüşü məkan baxımından uğurlu olub ki, ilin ikinci yarısında növbəti görüş üçün də məkan kimi məhz Azərbaycan seçilib. Bu dəfə isə  NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşərək aralarında olan problemləri müzakirə ediblər. 
Hazırkı dövrdə ABŞ və Rusiyanı daha çox Yaxın Şərq, İraq, İran və Suriyada baş verən proseslər narahat etdiyindən onlar adları qeyd olunan ölkələrdə baş verənləri müzakirə etmək üçün münasib məkan axtarırlar. Regionda Azərbaycan, Gürcüstan və Ermənistan bu proseslərdən kənarda olduğu üçün görüş bu üç ölkədən birində baş tuta bilərdi. Lakin Gürcüstan məlum məsələlərə görə, Rusiya üçün uyğun deyil. Ermənistan isə Rusiyanın forpostudur. Belə olduğu halda görüşün Ermənistanda keçirilməsi ABŞ üçün məqbul deyil. Azərbaycan isə dünyəvi dövlətdir, Qoşulmama Hərəkatının üzvüdür, müstəqil siyasət yürüdür. Belə olan halda bütün diqqətlər Azərbaycana yönəlir. Təbii ki, Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsini, təhlükəsizlik və kommunikasiya baxımından əlverişli olmasını da vurğulamaq vacibdir. Həm də son zamanlar Azərbaycanda mötəbər idman, mədəni, beynəlxalq tədbirlərin də keçirilməsini bura əlavə etmək olar. Bu baxımdan, digər ölkələr arasında görüş üçün ən əlverişli ölkə statusundadır.
Bundan başqa ölkəmizdə çoxlu sayda beynəlxalq forumlar, tədbirlər keçirilib. “Bakı prosesi”  adını almış forum, Bakı Sivilizasiyalararası multikultural əlaqələr mövzusunda keçirilən tədbirlər, yüksək səviyyəli idman yarışları sayəsində Azərbaycana dünyanın hər yerindən siyasətçilər, dövlət rəhbərləri və ictimai xadimlər, alimlər, jurnalistlər təşrif buyurur və onlar buradan zəngin təəssüratlarla gedirlər. Azərbaycanın ictimai-siyasi həyatının humanist mahiyyəti dünyada nüfuz və hörmət qazanır. 
Daha bir mühüm məsələ ölkə üçün son dərəcə ağır və aktual olan Qarabağ münaqişəsinin həllində qətiyyətli və səbirli mövqe göstərməsidir. Baxmayaraq ki, Azərbaycan ərazi bütövlüyünün bərpasını cəsarət və qətiyyətlə müdafiə və tələb edir, baxmayaraq ki, ərazilər müharibə yolu ilə zəbt edilib, ölkə rəhbərliyi insan tələfatına yol verməmək üçün danışıqlar yolu ilə haqq-ədaləti bərpa etməyə səy göstərir. Düzdür, müharibə versiyası da aktuallığını saxlayır. Lakin sülh danışıqlarını sona qədər davam etdirmək cəhdi bütün dünya ölkələri tərəfindən məqbul sayılır və təqdir edilir. 
Görünür, Moskvada səslənən fikirlər Yaxın Şərq problemlərinin həllində Azərbaycanın neytral mövqeyindən məkan qismində istifadə etmək arzusunu ehtiva edir. Bəlkə də Rusiya-Ukrayna münasibətlərinin çözülməsində də Bakının səmərəli vasitəçi ola biləcəyinə işrə edilir. Amma bütün hallarda bu missiyanı daşımaq Azərbaycanını nüfuz və beynəlxalq siyasi, iqtisadi və hərbi mövqeyinin hamılıqla qəbul edilməsi anlamındadır.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz