Əlaqə Arxiv
news Image
2018.02.23
07:00
| A A A
Avropa İttifaqı Qarabağ məsələsində Azərbaycanın yanında yer alır
Qabil Hüseynli: “Mogerini və digər Avropa İttifaqı rəsmilərinin ərazi bütövlüyü məsələsində Azərbaycanı müdafiə etməsi dünyanın əsas hissəsinin ikili standartlardan uzaqlaşması və artıq həqiqəti söyləməyə başladıqları anlamına gəlir”

 “Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və Aİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyir”. Bunu Brüsseldə baş tutmuş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə xidmətinin rəhbəri Federika Mogerini deyib. Artıq son bir neçə ayda Avropa İttifaqı əvvəlki mövqeyindən fərqli olaraq daha konkret şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir. Bunu şərtləndirən səbəblər hansılardır? 

Politoloq Qabil Hüseynlinin fikrincə, Avropa İttifaqı rəsmilərinin son zamanlar tez-tez Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarla çıxış etməsi onun göstəricisidir ki, Avropa Azərbaycanla bağlı artıq bütün həqiqətləri dərk etməyə başlayır: “Artıq Avropa Komissiyasının sədri də daxil olmaqla qurumun yüksək rütbəli bir neçə şəxsi, eləcə də Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərilə bağlı xüsusi bəyanatlarla çıxış ediblər. Avropa İttifaqının xarici əlaqələrə baxan xanım siyasətçi də bu məsələdə prinsipial, ardıcıl və həqiqəti sevən bir insan kimi davranmaqdadır. 
Nəzərə alaq ki, Avropa Şurası da başqa bir formada Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyərək, erməni qoşunlarının işğal etdiyi torpaqlardan çıxarılmasının zəruriliyini söyləyib. Bir sözlə, «köhnə dünya»nı təmsil edən aparıcı qurumların hamısı, Avropa Parlamenti, Avropa Komissiyası, qurumun xarici əlaqələr komitəsinin rəhbəri, Avropa Şurası Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edirlər. Mogerinin Azərbaycanla bağlı söylədiyi sözlər cəmiyyətimizdə xoş bir aura yaradır və Avropanı xalqımızın gözündə xeyli dərəcədə yüksəldir. Avropa kimi qüdrətli, dünya siyasətində mühüm rol oynayan qurumun Azərbaycanın ərazi bütövlüyünü birmənalı qaydada dəstəkləməsi çox böyük hadisədir. Bu o deməkdir ki, bir qədər də intensiv çalışmaqla ABŞ-ı da Avropa İttifaqının  sözügedən fəaliyyətinə qoşa bilsək, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində mühüm addımlar atılmış olacaq. Bu prosesin hüquqi siyasi bazası artıq formalaşmaqdadır. 


Mogerini və digər AB rəsmilərinin ərazi bütövlüyü məsələsində ölkəmizi müdafiə etmələri dünyanın əsas hissəsinin ikili standartlardan uzaqlaşması və artıq həqiqəti söyləməyə başladıqları anlamına gəlir. Bu isə Dağlıq Qarabağ probleminin siyasi perspektivi üçün nikbin ovqat yaradır”.
Əslində, rəsmi Bakı da Avropa İttifaqının Qarabağ məsələsində daha aktiv rol oynamasında maraqlıdır. Ən azından ona görə ki, qurumun işğalçı Ermənistana real təzyiq üçün imkanları kifayət qədər böyükdür. Həmçinin, Qarabağ məsələsində qurum ərazi bütövlüyü prinsipini ön planda tutur ki, bu da Azərbaycanın mənafelərinə tamamilə uyğundur. Qeyd olunan məsələ ötən ilin noyabrında  Avropa İttifaqının Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Sammitində qəbul olunan Birgə Bəyannamədə öz əksini tam tapdı. Burada  Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, "Şərq Tərəfdaşlığı"na qoşulan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Bəyannamədə birmənalı şəkildə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. Bundan başqa, sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir. Elə Azərbaycanın da əvvəldən istədiyi məqamlar məhz bunlardır. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz