Əlaqə Arxiv
news Image
2018.02.24
10:00
| A A A
Minsk qrupunun fəaliyyəti ATƏT Parlament Assambleyasında da sərt tənqid olunur
Nazim Cəfərsoy: “Minsk qrupunun fəaliyyətsizliyi onun burada tənqid olunmasına rəvac verən amillərdəndir” Elman Nəsirov: “Minsk qrupunun keyfiyyət baxımından fəaliyyətinin heç bir nəticəsi olmadığından ATƏT PA ilə təmaslardan da yayınmağa çalışırlar”

ATƏT Parlament Assambleyasının  istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib.

ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim. Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı. Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”. Burada maraqlı məqamlara toxunulub və belə məlum olur ki, ATƏT-in Minsk qrupu ATƏT PA-ya işi barədə hesabat, məlumat verməkdən qaçır. Bu nədən qaynaqlanır və ATƏT PA-nın regionda fəaliyyətini artırmaq niyyəti Qarabağ məsələsinin həllində hansı rol oynaya bilər?
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoyun fikrincə, Minsk qrupuna daxil olan həmsədr ölkələr ATƏT PA-ya ciddi qurum kimi yanaşmadıqlarından onun işinə də ümumən ciddi baxmırlar. Digər tərəfdən, ekspertə görə, Minsk qrupunun fəaliyyətsizliyi də onun burada tənqid olunmasına rəvac verən amillərdəndir: “ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini davamlı olaraq müşahidə edirik. Bununla bağlı dəfələrlə narazılığımızı da bildirmişik. Burada maraqlı olan məqamlardan biri də odur ki, ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigeni Minsk qrupunu öz işi barədə quruma  hesabat verməkdən yayınmasını niyə əvvəlki fəaliyyəti dönəmində bildirmirdi. Yalnız indi, istefa verəndən sonra deyir?  
Əslində, Avropa qurumları yetərincə ciddi və xarizması aydın qurumlardır. Amma gördüyüm odur ki, Minsk qrupu daha çox qlobal aktorların vasitəçi qrupu olaraq ümumən ATƏT-dən müstəqil hərəkət etməyə çalışır. Xüsusən Minsk qrupunun tərkibinə diqqətlə baxanda bunu görmək mümkündür. Hesab edirəm ki, Minsk qrupunun ATƏT PA-ya hesabat verməkdən ümumən yayınması ilk növbədə məhz bu amildən qaynaqlanır. Hesabat verməkdən yayınması səbəbləri arasında Minsk qrupunun səmərəsiz fəaliyyəti də göstərilə bilər. Həmçinin, ən azından həmsədr ölkələr tərəfindən ATƏT-in ciddi qurum kimi nəzərdən keçirilməməsi də burada yəqin ki, öz sözünü deyir. Belə ki, bir sıra hallarda həmsədr ölkələrinin ATƏT PA-ya etinasız yanaşdığı üzə çıxır. ATƏT PA adətən münaqişə zonalarında yaranan problemlərin həllində deyil, həll prosesinə nəzarət və ya onun fəallaşması istiqamətində aktivlik nümayiş etdirə bilər. Onun konkret olaraq problemin həllilə birbaşa məşğul olmaq və bu istiqamətdə çalışmaq kimi funksiyası yoxdur.  Ona görə də ATƏT PA-nın Qarabağ münaqişəsinin həllində hansısa bir rol oynaması istiqamətində ciddi dəyişiklik olacağını gözləmirəm”.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov qeyd etdi ki, real fəaliyyətləri olmadığından Minsk qrupu ATƏT PA-ya hesabat verməkdən də qaçır: “ATƏT PA-nın Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsinin ATƏT-in Minsk qrupunu öz fəaliyyəti barədə hesabat verməməkdə tənqid etməsi müəyyən mənada obyektiv reallığı əks etdirir. Çünki 26 il ərzində Minsk qrupunun fəaliyyətinə kəmkiyyət ölçüsü nöqteyi-nəzərdən qiymət versək bir problemin olmadığını gərərik. Əksinə, intensiv səfərlər, görüşlər, bunlar hamısı faktdır. Amma keyfiyyət nöqteyi-nəzərdən xoş sözlər deməyə heç bir əsas yoxdur. Bu nöqteyi-nəzərdən Minsk qrupu həmsədrlərinin fəaliyyətinin tənqid edilməsi anlaşılandır. Xüsusilə də tənqid edən tərəfin özü həmin prosesin içində olub. O, münaqişənin mahiyyətini də gözəl bilir. Sadəcə, onun indi istefaya gedəndən sonra tənqid etməsi bir qədər sual doğurur. Hansı ki, bu tənqidi çıxışları o vəzifədə olarkən də edə bilərdi. 
Ancaq bütövlükdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir real nəticəsinin olmadığını görürük. Təəssüf doğuran cəhət odur ki, Minsk qrupu atəşkəsin qorunub saxlanılmasını hər zaman özünün nailiyyəti hesab edir. Qeyd edirlər ki, bu fəaliyyətləri olmasaydı, çoxdan müharibə başlayardı. Aprel döyüşləri isə göstərdi ki, onların bu istiqamətdə öyünmələri üçün də əsaslar yoxdur. Aprel döyüşü başqa bir həqiqəti üzə çıxartdı ki, münaqişə dondurulmuş münaqişə deyil. İstənilən an müharibə alovlana bilər. Bu da ATƏT-in Minsk qrupunun effektsiz fəaliyyəti kimi göstərilə bilər. Minsk qrupunun ən mənasız fəaliyyəti odur ki, ünvansız bəyanatlar verir. Yəni elə bəyanatlar verir ki, məsuliyyəti həm işğalçı Ermənistanın üzərinə qoyur, həm də işğala məruz qalan Azərbaycan da İrəvanla eyni məsuliyyəti daşımalı olub. Belə bir yanaşma ilə isə münaqişəni həll etmək mümkün deyil. Eyni zamanda hesab edirəm ki, ATƏT PA-nın münaqişənin həllilə bağlı prosesə daha yaxından cəlb olunması olduqca faydalı olardı. Məlum olur ki, Minsk qrupu həmsədrləri təmsil olunduqları ATƏT-in qanunverici orqanına belə hesabat verməyə lüzum görməyiblər. Bu da ondan irəli gəlir ki, Minsk qrupunun fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bu nöqteyi-nəzərdən ATƏT PA-da hesabat verilərkən uzun illərdir Minsk qrupunun fəaliyyətinə maliyyə ayrılmasına rəğmən nədən nəticə olmaması istiqamətində çoxsaylı  suallar yarana bilərdi. Hesab edirəm ki, məhz fəaliyyətlərinin heç bir keyfiyyət baxımından nəticəsi olmadığından ATƏT PA ilə təmaslardan yayınmağa çalışırlar.  Ona görə də Minsk qrupunun ünvanına öz tərəfdaşlarından birinin səsləndirdiyi həmin fikirlər əslində, real obyektivliyi əks etdirir. ATƏT PA deputataları münaqişənin həlli istiqamətində ortaya obyektiv mövqe qoyaraq, Minsk qrupundan hesabat tələb edərsə və bu hesabatların heç bir nəticəyə gətirib çıxarmadığı barədə iradlarını bildirərlərsə, bu halda həmsədrlərdə də bir məsuliyyət hissi yarana və onlar başa düşər ki, onların fəaliyyətindən təkcə Azərbaycan deyil, eyni zamanda təmsil etdikləri təşkilatın parlament assambleyası da narazıdır. AƏT-in Minsk qrupunda 3  məsələ çatmır. Məsuliyyət, prinsipiallıq və iradə. Bunlar olmayan yerdə isə biganəlik və laqeydlik yaranır, hansı ki, hazırda onun acı təcrübəsini görürük”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz