Əlaqə Arxiv
news Image
2018.03.13
09:00
| A A A
Qarabağda yaxınlaşan savaş
Fərəc Quliyev: “Beynəlxalq ictimai rəy də birmənalı şəkildə problemin həll olunmasını dəstəkləyir” Elçin Mirzəbəyli: “Ermənistan öz mövqeyində düzəliş etməyərək, indiki kimi qeyri-konstruktiv davranış tərzini davam etdirsə, müharibə qaçılmaz olacaq”

İddialar səslənir ki, cari ilin aprelindən sonra Qarabağ məsələsində danışıqlar yolu ilə irəliəlyiş olmasa, onda savaş qaçılmazdır. Bu xüsusda Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, nəticəsiz davam edən danışıqlar fonunda proses əvvəl-axır gətirib torpaqlarımızın hərbi yolla azad edilməsindən keçəcək: “Azərbaycanın milli hədəfi təbii ki, ərazi bütövlüyümüzün təmin edilməsindən ibarətdir. Bu, bütün hallarda dəyişməyən bir hədəfdir. 

Dinc vasitələrlə buna nail olmaq yetərli olmayacaqsa, müddətdən asılı olmayaraq, bütün hallarda hərbi vasitələrdən istifadə olunacaq. Çünki, beynəlxalq hüquq, beynəlxalq konvensiyalar ölkəmizin xeyrinə işləyir. BMT, Avropa Birliyinin bu istiqamətdə verdiyi qətnamələr, İslam Əməkdaşlıq Təşkilatının sərgilədiyi münasibət onu göstərir ki, beynəlxalq ictimai rəy də birmənalı şəkildə problemin həll olunmasını dəstəkləyir. 
Hesab edirəm ki, istər aprelə qədər, istər aprel ərəfəsində, istərsə də seçkidən sonra torpaqların azad edilməsi mütləqdir və hansı hakimiyyət olmasından asılı olmayaraq, Azərbaycan xalqının iradəsini ifadə edən dövlət rəsmiləri bu hədəfdə fərqli düşünmürlər. Yəni, burada hansısa bir müxalifətçilik, hansısa siyasi qrupun fərqli düşüncəsi yoxdur. Prezident seçkilərində də dəyişiklik olub-olmamasından asılı olmayaraq, fikrimcə, bu reallaşacaq”.  
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də qeyd etdi ki, danışıqlar prosesinin nəticə verməyəcəyi fonunda hərbi əməliyyatların yenidən alovlanması qaçılmazdır: “Aprel seçkilərindən sonra Dağlıq Qarabağ ətrafında gedən danışıqlarda irəliləyiş olmadığı təqdirdə, müharibənin qaçılmaz olduğu barədə fikirlər əslində, daha çox rus ekspertləri tərəfindən səslənir. Maraqlıdır ki, Rusiyadan olan hərbi ekspertlər tərəfindən bu səpkidə fikirlər daha geniş yayılır. Görünür, həmin ekspertlər vasitəsilə Rusiya müəyyən mesajlar vermək istəyir. 
ABŞ kəşfiyyat strukturlarının da bu istiqamətdə müəyyən açıqlamaları var. Reallıq isə ondan ibarətdir ki, Ermənistan öz mövqeyində düzəliş etməyərək, indiki kimi qeyri-konstruktiv davranış tərzini davam etdirsə, şübhəsiz, müharibə qaçılmaz olacaq. Dünyanın istənilən ölkəsində hər kəsə bəllidir ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə barışmaq niyyətində deyil və proses nəhayət başa çatmalı, işğala son qoyulmalıdır. Proses danışıqlar vasitəsilə tənzimlənir və bir tərəf qeyri-konstruktivlik nümayiş etdirib, mövcud status-kvonu qoruyub saxlamağa çalışırsa, o zaman həmin tərəfə qarşı beynlxalq hüquqdan gələn müvafiq sanksiyalar tətbiq olunmalıdır. Amma indiki şəraitdə sanksiya gördüyümüz kimi, tətbiq olunmur. Belə olduğu təqdirdə, şübhəsiz ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hərbi yola əl atmağa məcburdur. Çünki başqa çıxış yolu qalmır. Çox güman ki, rusiyalı ekspertlər də məhz bu amili nəzərə alaraq, sözügedən fikri səsləndiriblər. İstənilən an münaqişə yeidən alovlana bilər”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz