news Image
2018.03.14
09:00
| A A A
Avropaya qaçan xəyanətkarlar yenə erməni lobbisi ilə birlikdə Azərbaycana qarşı çıxırlar
Fəzail İbrahimli: “Radikal müxalifətin erməni separtçıları ilə birgə fəaliyyəti, onu təşkil edən ABŞ-ın Azərbaycanın haqq işinə qarşı laqeyd münasibətindən qaynaqlanır” Elman Məmmədov: “Yaxşı olardı ki, radikal müxalifət Bako Saakyanın Amerika səfərinə qarşı mövqe ortaya qoysun” Məmməd Əlizadə: “Radikal düşərgə təmsilçiləri hələ də Azərbaycanı sevməyən xarici dairələrin əlində bir alət olmaqda davam edirlər”

Martın 14-də ABŞ Konqresində ABŞ-a “işgüzar səfər” etmiş Qarabağ separatçılarının lideri Bako Saakyanın iştirakı ilə görüş planlaşdırılıb. Elə həmin gün, düz həmin saata Azərbaycan səfirliyinin qarşısında ABŞ-da adını siyasi mühacir qoyan azərbaycanlıların bir qisminin aksiyası planlaşdırılıb. Vaşinqtondakı aksiyanın təşkilatçısı Azərbaycanın milli maraqlarına hər zamanzərbə vurmaağ çalışan Orduxan Teymurxandır.

Bundan əvvəl 2016-cı ilin sentyabr ayında ABŞ Konqresinin Tom Lantos adına insan haqları üzrə komissiyasının dinləmələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin oğlu Türkel Kərimli də  separatçı “DQR” rejiminin təmsilçiləri ilə birlikdə çıxış edib. Radikalların, onların Qərbdə olan üzvlərinin erməni separtçıları ilə birgə fəaliyyəti nədən qaynaqlanır? 
Milli Məclisin deputatı Fəzail İbrahimlinin fikrincə, Qərb ölkələrində özlərinə yer etmiş radikalların bir sıra hallarda erməni separatçıları ilə birgə fəaliyyəti elə həmin Qərbin göstərişilə həyata keçirilir: “ABŞ və Qərb Azərbaycanın haqq işinə qarşı laqeyd münasibət bəsləyir. Uzun illərdir ki, onlar ölkəmizə münasibətdə belə bir siyasət sərgiləyir, haqqı deyil, haqsızı dəstəkləyirlər. Bu dövlətlər bu günə qədər Azərbaycan torpaqlarını işğal edən Ermənistanın təcavüzkar siyasətinə göz yumurlar. 
Yaranmış bu vəziyyət həmçinin,  Qərbin Azərbaycana yönəlik ikili siyasətindən qaynaqlanır. Qərb belə ikili siyasətlə Azərbaycan hökumətinə təzyiq göstərib nəyisə qoparmağa çalışır. Belə vəziyyət həmçinin dünyada beynəlxalq hüququn beynəlxalq gücün yedəyində getdiyinin daha bir bariz nümunəsidir. ABŞ-da sərgilənən bu münasibət onların müsəlman, İslam və türk dünyasına olan nifrətindən qaynaqlanır. Həmin nifrət də özünü müxtəlif formalarda göstərir. Bu zaman da Azərbaycanı sevməyən xarici qüvvələr məhz bəzi soydaşlarımızdan öz maraqları naminə istifadə edirlər”. 
Milli Məclisin deputatı Elman Məmmədov isə məsələyə diplomatik tərzdə yanaşdı: “ABŞ-ın Dağlıq Qarabağ separatçılarına dəstəyi hələ 1991-ci ildən məlumdur. Hələ keçən əsrin 90-cı illərində sabiq dövlət katibi Con Kerri ermənilərin müdafiəsilə bağlı Moskvaya müraciət etmişdi. ABŞ həmin andan başlayaraq hər il separatçılara, cinayətkar qrupa olan sevgisini nümayiş etdirir. 
Digər tərəfdən, ABŞ həmsədr dövlət olaraq separatizmin qorunub saxlanılmasına da hər dəfə dəstək olub. Belədə dolayısı ilə Azərbaycan ərazilərinin işğal altında saxlanılmasına çalışıb. İndi də Xocalıda vəhşilik törədən, cinayətkar, hərbi cani Bako Saakyanı Konqresdə yüksək səviyyədə qəbul edirlər. Bu, o deməkdir ki, ABŞ həmin cinayətkarları müdafiə etməkdə davam edir. Vaşinqton hər zaman separatizmin qorunub saxlanılmasında maraqlı olub. Saakyan Azərbaycan vətəndaşı olsa da, ABŞ onu Ermənistan pasportu ilə qəbul edibsə, bu, qanun pozuntusudur. Bako Saakyan isə azərbaycanlılara qarşı soyqırımı törədən, əli günahsız insanların qanına batan hərbi canidir. Ona görə yaxşı olardı ki, özlərini radikal müxalifət adlandıranlar Bako Saakyanın Amerika səfərinə, Konqresdə qəbuluna və onun oradakı çıxışlarına qarşı mövqe ortaya qoyardılar. Nəinki Vaşinqtondakı səfirliyimiz önündə piket keçirməklə Azərbaycan dövlətinə qarşı”. 
Politoloq Məmməd Əlizadə radikal müxalifətin xaricilərin əlində alətə çevrildiklərini diqqətə çatdırdı: “Əvvəl onu qeyd edim ki, ABŞ rəsmilərinin separatçı rejim rəhbərini öz ölkəsinə dəvət etməsi Vaşinqtonun beynəlxalq hüquq normalarına yuxarıdan aşağı baxmasının göstəricisidir. Onlar bir tərəfdən bildirirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən də, Azərbaycan ərazisində separatçı quruma rəhbərlik edən birisini dəvət və qəbul edirlər. Bu, həm də sözügedən ölkənin ikili standart siyasəti yürütməsinin nəticəsidir. Bu fonda ABŞ-da məskunlaşan Azərbaycanın radikal müxalifət təmsilçilərinin eyni anda Vaşinqtonda səfirliyimiz qarşısında dövlətimiz əleyhinə aksiya təşkil etmələrini də təsadüfi saymaq olmaz. Bu addım ondan xəbər verir ki, hər iki proses, həm separatçıların liderinin qəbulu, həm də radikal müxalifətin Vaşinqtondakı Azərbaycan səfirliyi önündə eyni anda aksiya təşkil etmələri, bir sıra hallarda birgə fəaliyyət göstərmələri əvvəlcədən təşkil edilməklə eyni mərkəzdən gələn göstəriş əsasında baş verən bir prosesdir. Təəssüf ki, radikal düşərgə təmsilçiləri hələ də Azərbaycanı sevməyən xarici dairələrin əlində bir alət olmaqda davam edirlər”.
Mübariz BAYRAMOV  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs