Əlaqə Arxiv
news Image
2018.03.16
09:00
| A A A
Ermənistan Azərbaycana milyardlarla dollar ödəməli olacaq
Sahib Məmmədov: “Dəymiş maddi ziyanın ödənilməsinə nail olmaq üçün ən uğurlu yol hərbdə qalib gəlib məğlub tərəfi kompensasiya ödəməyə məcbur etməkdən keçir”

İlkin hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. Bunu Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev 1918-ci il-Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib. Bununla bağlı beynəlxalq miqyasda Ermənistana qarşı hüquqi müstəvidə hansı addımlar atıla bilər?

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsinə nail olmaq üçün hüquqi müstəvidə bir mexanizm mövcuddur: “Ona mexanizm demək mümkündürsə. Bu mexanizm BMT-nin Beynəlxalq Ədalət Məhkəməsidir. Həmin məhkəməyə istənilən dövlət beynəlxalq hüququn istənilən mövzusu, mübahisəli məsələlərlə bağlı şikayət təqdim edə bilər. Bir şərtlə ki, tərəflərdən hər ikisi məsələnin məhz həmin məhkəmədə baxılmasına razılıq versin və məhkəmənin yuridiksiyasını tanıyacaqlarını bəri başdan elan etsinlər.  Amma o məhkəmə münsiflər məhkəməsidir. Bu mənada Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə formal olaraq işğal faktı nəticəsində dəymiş maddi zərərlə bağlı şikayət vermək hüququna malikdir. Bu hüquq da BMT nizamnaməsindən irəli gəlir. Lakin praktik olaraq, həmin addımın özü heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki, Ermənistan bəri başdan elan edəcək ki, məhkəmənin hər hansı bir qərarını tanımır. Bununla da məsələyə nöqtə qoyulacaq. 
Məhkəmənin qərarı yalnız o zaman əhəmiyyət kəsb edəcək ki, tərəflər əvvəlcədən onun verəcəyi qərara hörmətlə yanaşacağı və əməl edəcəyini bəyan etsinlər. Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə bunu da gözləmirəm. Bu istiqamətdə çoxsaylı misallar da çəkmək olar. Məsələn, İsrailin Çolan təpələrində qanunsuz tikili aparılması ilə bağlı beynəlxalq məhkəməyə şikayət verilmişdi. Lakin İsrail bəri başdan bəyan etdi ki, həmin məhkəmənin qərarını tanımayacaq. Belədə, ölkəmizlə bağlı məsələdə də sözügedən məhkəmə işə baxacaq, ancaq onun əhəmiyyəti olmayacaq. 
Beynəlxalq hüquqda həmin məsələ ilə bağlı digər bir yol retorsiya və represari deyilən mexanizmlərdən ibarətdir. Bu zaman bir dövlət digər dövlətə müxtəlif yollarla təzyiq etməklə onu nəyəsə vadar edir. Məsələn, iqtisadi və digər embarqo yolu ilə buna nail olmaq olar. Hansı ki, Azərbaycan bu istiqamətdə Ermənistana qarşı addımlar atır. Bacardığımız qədər Ermənkistanı blokadaya almışıq. İşğalçı ölkəni bölgədə reallaşan böyük layihələrədn kənarda qoymuşuq. Əslində, işğal faktoru olmasaydı və İrəvanla dostluq münasibətində olsaydıq, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri, habelə Bakı-Tiflis-Qars dəmir yolu xətti üçün ən əlverişli yol məhz  Ermənistan olardı. Lakin gördüyümüz kimi, işğal faktoru ilə Ermənistan özü-özünü təcrid edib. Nəticədə dolayı yolla da olsa işğalçıya zyan vururuq. Bu istiqamətdə Türkiyə ilə də müttəfiqlik edirik. Bu da ölkəmizin həyata keçirdiyi strateji xəttdir. Bütün hallarda dəymiş ziyanın ödənilməsinə nail olmaq üçün Azərbaycanın  əlində başqa hüquq müstəvisində bir mexanizmi yoxdur.  Təkcə hərb yolu qalır. Lakin onu da həyata keçirməyin müəyyən çətinlikləri var. Çünki Ermənistan başqa dövlətlər tərəfindən himayə olunur. Amma  istənilən halda ziyan hesablanmalı və məsələ daim gündəmdə saxlanılmalıdır. Əvvəl-axır, bu zərərin əvəzi ödənilməlidir. Müharibə tarixində, beynəlxalq praktikada bu kimi məsələlər zamanı qalib gələn dövlətin məğlub olandan təzminat aldığı barədə çoxsaylı faktlar var. Birinci və İkinci dünya müharibələrindən sonra bu kimi hallarla rastlaşmışıq. Demək isətəyirəm ki, dəymiş maddi ziyanın ödənilməsinə nail olmaq üçün ən uğurlu yol məhz müharibədə qalib gəlib məğlub tərəfi kompensasiya ödəməyə məcbur etməkdən ibarətdir. Digər məsələlər isə boş şeydir. Ona görə də Azərbaycan hökuməti heç zaman boş yerə bu məhkəməyə müraciət etməz”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz