Əlaqə Arxiv
news Image
2018.03.16
12:47
| A A A
Radikal düşərgənin addımları ermənilərin maraqları ilə sinxronlaşır
Nəzakət Məmmədova: “Xaricdəki erməni diasporu ölkəmiz əleyhinə daima çirkin kampaniya aparır və həmin bu şəxslərdən də bu məqsədlə istifadə edir” Elçin Mirzəbəyli: “Azərbaycana qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsində yer almaları ilə bağlı kifayət qədər faktlar var”

Radikal düşərgə təmsilçilərinin Azərbaycanı dünyada nüfuzdan salmaq cəhdləri nədənsə milli maraqlar ətrafında daha sıx birləşmək zərurəti yaranan vaxtlara təsadüf edir. Məsələn,  Xocalı soyqırımı ərəfəsində Avropada ölkənin əleyhinə təbliğat aparan bu düşərgə 31 Mart Soyqrımı ərəfəsində yenidən ölkəmizə qarşı fəallaşıb. Beləliklə, onların hər addımı ermənilərin maraqları ilə sinxronlaşdığı ortaya çıxır. 

Politoloq Nəzakət Məmmədovanın fikrincə, bunun səbəbi ondan ibarətdir ki, xaricdəki erməni diasporu ölkəmiz əleyhinə daima çirkin kampaniya aparır və həmin bu şəxslərdən də bu məqsədlə istifadə edir: “Bu insanlar bir dəfə də olsa, ermənilərin xalqımıza qarşı 100 ildir apardığı işğal, soyqırımı, deportasiya haqqında bir kəlmə də xatırlamırlar. Əgər özlərini siyasi fəal şəxs hesab edirlərsə, ilk olaraq bir azərbaycanlı kimi xalqımıza əbədi və əzəli düşmən olan ermənilər, onların mənfur diasporasının əməlləri haqda danışmalı, bu barədə olduqları ölkələrin siyasi təsisatlarına müraciətlər etməli, Azərbaycan üçün iş görməlidirlər. Hər bir azərbaycanlının borcu ilk növbədə Azərbaycanın üzləşdiyi bu problemin aradan qaldırılması üçün əlindən gələni etməkdir. İsraili bugünkü kimi dünya siyasətində söz sahibi edən, onunla düşmənçilik münasibətində olan 22 ərəb ölkəsinin əhatəsində qoruyub-saxlayan yəhudi lobbisidir. Diaspora öz dövlətinə, xalqına kömək etməlidir, nəinki düşmənlərinin əlində alətə çevrilmək, yaxud onların dəyirmanına su tökmək. Elə Ermənistana da kömək edən, onu dirçəldən məhz Spryük - diaspora olub. Erməni diasporası Serj Sarkisyan kimi bir quldur prezidenti tənqid etməkdən daha çox, öz ölkəsinə necə yardım etmək barədə düşünüb. Hər halda ermənilər gedib xarici ölkələrin siyasi dairələri ilə sövdələşmə aparıb ölkələrinin əleyhinə iş görməyiblər. Halbuki, S.Sarkisyan həm şəxsiyyət etibarilə, həm də ölkəni geri salmaq baxımından Ermənistanı bütün önəmli layihələrdən kənar qoyan səriştəsiz bir prezident olub. Diaspora onunla bağlı heç bir zaman xarici dairələrdə və xalq arasında gözdənsalma kampaniyası aparmayıb. Halbuki, o, buna layiq idi. Bizim xaricə gedənlər isə ayaqlarını sərhəddən bir addım kənara qoyan kimi ağıllarına gələn ilk fikir ölkə iqtidarını tənqid etmək olur. Bununla bu nalayiq, həyatda heç bir sahədə özlərini təsdiq edə bilməmiş şəxslər sanki öz natamamlıq komplekslərini təmin etmiş olurlar. 
Onlar normal diaspora formalaşdırmaq əvəzinə ancaq Prezidentin gördüyü böyük işlərə kölgə salmağa çalışırlar. Yüksək təhsilli, ziyalı, Azərbaycan üçün böyük işlər görən, qlobal layihələrdə ölkəmizi təşəbbüskar dövlətə çevirən Azərbaycan Prezidentini tənqid edirlər. Dediyim kimi, heç ermənilər öz səriştəsiz prezidentlərini elə tənqid etməyiblər. Bunun səbəbi də budur ki, İlham Əliyev Azərbaycana ləyaqətlə xidmət edən dövlət başçısı, Qarabağı bizdən qoparmaq istəyən erməni diasporası qarşısında öz ağlı, yüksək diplomatik bacarığı ilə sinə gərən şəxsiyyətdir. Erməni diasporası və onların havadarları başa düşür ki, nə qədər İlham Əliyev var, onların heç bir mənfur niyyəti baş tuta bilməz. 
İlham Əliyev nəinki Qarabağın bir qarşısını da onlara verməyəcək, hətta ölkəmizin strateji hədəfi kimi tarixi torpaqlarımız olan İrəvanı, Zəngəzuru qaytarmağı qarşıda hədəf qoyan böyük liderdir və böyük ideoloqdur. İlham Əliyev bu dövlətin başında olduğu müddətdə Azərbaycan inkişaf edəcək, beynəlxalq aləmdə nüfuzu getdikcə artacaq, Ermənistanı hər sahədə diz çökdürəcək. Məhz buna görə də bu satqın, mənəviyyatını itirmiş insanlardan istifadə edirlər. Erməni diasporası niyə belə edib? Çünki başa düşürlər ki, ölkənin nüfuzunu artırmaq, onun güclənməsinə çalışmaq lazımdır və bu cür addımlar dövləti nüfuzdan salıb zəiflədə bilər. Bunun sayəsində işğalçı ölkəyə milyardlarla dollar kapital axıb. Onlar hətta işğal olunmuş ərazilərimizdə də investisiya yatırıblar. Bir erməninin ölkədən gedən kimi məqsədi olduğu ölkədə özünə mövqe qazanıb, ölkəsinə yardım etməkdir. Bizdən gedən bəzi üzdən iraq şəxslərin isə işi hakimiyyəti tənqid etməkdir. Guya bununla dönüb demokrat olurlar. Akademik Ramiz Mehdiyevin gözəl bir fikri var. O deyir ki, biz hamımız sovet dövlətinin şinelindən çıxmış insanlarıq: “Hamımız eyni ideologiya əsasında yaşamış, fəaliyyət göstərmişik. Necə ola bilər ki, bir qrup insan birdən-birə dönüb demokrat olsun və digərlərini demokrat olmamaqda ittiham etsin?!”. Həqiqətən də, bu belədir. Avropaya gedən kimi, ölkəmizi tənqid etməklə dönüb demokrat olmaq olmaz. 
Demokratiya yaxşı təhsildən, mədəniyyətdən, başqalarının hüquqlarına və qanunun aliliyinə hörmətdən başlayır. Söyüşlə, iftira ilə demokrat olmaq olmaz. Bu cür insanlar başa düşmürlər ki, onları öz ölkəsinə qarşı istifadə edən dairələr sonradan onları birdəfəlik bir kənara tullayacaqlar. Onlara tövsiyə edərdim ki, erməni lobbisinin əlində alət olmaqdansa, onların öz ölkəsi üçün etdikləri canfəşanlıqdan nümunə götürüb ölkəsinə kömək etməsə də, heç olmasa araqarışdıranlıqla məşğul olmasınlar. Onlar əlbəttə ki, bu cür çirkli oyunlara girdikləri üçün nə vaxtsa peşman olacaqlar. Lakin bu, çox gec olacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki,  bu şəxslərin ermənilərlə dəfələrlə ortaq tədbirlər keçirdiklərinin şahidi olmuşuq: “Ayrı-ayrı beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Parlamentində Azərbaycana qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsində yer almaları ilə bağlı kifayət qədər faktlar var. Həmçinin onları maliyyələşdirən bir sıra donor təşkilatlar var. Hansı ki, onların da idarə heyətində eməni mənşəli insanlar yer alırlar. Bu aspektdən onların vahid mövqedən çıxış etmələrində təsadüfi hal yoxdur. Hər iki qrup Azərbaycanın düşmənləridir. Onlar konkret olaraq siyasi hakimiyyətə qarşı deyil, bütövlükdə Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı mübarizə aparırlar. Məqsəd Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu zədələmək, aqressiya, kin kimi əxlaqi davranışları Azərbycan cəmiyyətinə transfer etməkdir. 
Məqsədyönlü şəkildə həyata keçirilən bir siyasətdir. Bunun qarşılığında Azərbaycan dövləti, cəmiyyəti vahid mövqedən çıxış edərək, onları cəmiyyətin bətnindən virus kimi kənara ata bilir. Həmin şəxslərin kimliyini ortaya qoymaqla yanaşı, hüquqi addımların atılmasına ehtiyac var. Azərbaycanda məhkəmələr ölkə qanunverciliyin və beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq qərarlar çıxara və həmin şəxslərin hərəkətlərinə məhdudiyyət qoya və ya Azərbaycana gətirilməsi ilə bağlı müvafiq addımlar ata bilər. Bu istiqamətdə addımların atılmasına ehtiyac var. Çünki bu, artıq siyasi mübarizə davranışları deyil. Dövlətə, xalqa qarşı düşmənçilik davranışlarıdır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz