Əlaqə Arxiv
news Image
2018.03.17
11:17
| A A A
Azərbaycan və Türkiyənin Qarabağda mümkün antiterror əməliyyatlarının ilkin anonsu verildi
Aydın Ağayev: “Bu istiqamətdə dəstək verən dövlətlər bizi başa düşür və dəstəklərini ifadə edirlər” Natiq Miri: “Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə antiterror əməliyyatı keçirə bilər”

Dağlıq Qarabağ məsələsində Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, bu məsələ Azərbaycanın haqlı məsələsidir. B.Yıldırım deyib ki, Dağlıq Qarabağda yerləşən terrorçulardan Azərbaycana və ya Türkiyəyə qarşı təhdid olarsa, Türkiyə hərəkətə keçə bilər. Həmin fikri Azərbaycan və ya Türkiyənin Qarabağda mümkün birgə antiterror əməliyyatının anonsu kimi qəbul etmək olar?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Azərbaycanın haqlı mübarizəsində dəstək olan dövlətlər bizi başa düşür və ölkəmizə dəstəklərini ifadə edirlər: “Bakıda olan Türkiyənin hörmətli baş naziri Binəli Yıldırımın Dağlıq Qarabağdakı terrorçulardan Türkiyə və Azərbaycana qarşı təhdid olarsa, Ankaranın hərəkətə keçə biləcəyini deməsi ilə dərhal ermənilər hay-küyə başlayıb. Türkiyənin Azərbaycanla qardaş dövlət olduğuna və Dağlıq Qarabağ probleminin Ankara üçün də problem olduğuna düşmən dövlətin şübhəsi yoxdur. Onlar bunu yaxşı bilir. Deməli, bu amil ermənilərə təsir edir, işğalçını düşünməyə məcbur edir. 
Problemlə bağlı indiki şəraitdə bəzi hallarda yaşanan biganəlik, bəzi hallarda ikili standartlar, bəzi hallarda isə ümumiyyətlə fəaliyyətsizlik fonunda qardaş dövlət tərəfindən bu cür siyasi dəstəyin verilməsi çox mənalı və əhəmiyyətlidir. Türkiyə tərəfindən Azərbaycana belə bir dəstəyin ifadə olunması Ermənistanı, işğalçı tərəfi çoxdan düşündürür. Bu fonda da informasiya müharibəsində təşviş və yaxud qorxuya düşdüklərini dərhal büruzə verirlər. Digər maraqlı dövlətlərdə də bunu eşidirlər. Dünyada və regionda ikinci elə bir dövlət yoxdur ki, Türkiyə qədər Azərbaycana belə bir dəstəyi versin. Bu da bizim Türkiyə ilə münasibətlərimizin əsl mahiyyətinin göstəricisidir. 
İndi dünyanın bir sıra məkanlarında antiterror əməliyaytları aparılır. Terrorizmlə  mübarizə dünya üçün aktual məsələdir. Azərbaycanın üzləşdiyi problemə münasibətdə də məhz belə bir münasibət olmalıdır. Azərbaycan da bunun üçün çalışır. Bu istiqamətdə  dəstək verən dövlətlər də bizi başa düşür və dəstəklərini ifadə edirlər”. 
Politoloq Natiq Mirinin fikrincə, ilk növbədə sözügedən istiqamətdə beynəlxalq miqyasda ictimai rəy formalaşmalı, ardınca iki qardaş ölkə terrorçuları qovmaq üçün birgə əməliyyatlara başlaya bilsinlər: “Qarabağda yerləşən terrorçulara qarşı Azərbaycan və Türkiyənin mümkün birgə antiterror əməliyyatı həyata keçirməsi sıradan adi bir məsələ deyil. Çünki bu cür antiterror əməliyyatının Rusiyanın əhatə dairəsi olan Cənubi Qafqazda keçirməsinə nail olmaq üçün mütləq mənada Türkiyənin ciddi diplomatik fəaliyyət yürütməsi lazımdır. Bu baxımdan düşünürəm ki, həmin məsələni Ankaranın əvvəlcə Moskva ilə razılaşdırmasına böyük ehtiyac var. Hətta Suriyada Türkiyə sərhədləri boyunca terrorla mübarizə aparmaq üçün uzun müddət ərzində Rusiya ilə danışıqlar aparıldı. Ən azından hava məkanından təhküləsiz istifadə etmək üçün bir sıra məsələlərdə razılıq əldə olundu. Ona görə də fikrimcə, Türkiyə baş naziri Yıldırımın bu yöndə açıqlamalarını sadəcə, ilkin açıqlama və xəbərdarlıq kimi dəyərləndirmək lazımdır. Bu xəbərdarlıq da ilk növbədə işğalçı Ermənistana yönəldilmiş xəbərdarlıqdır.  Bundan sonra təbii ki, işğalçı Ermənistanın havadarı olan Rusiya kimi digər ölkələr də həmin mesajdan öz paylarını almalıdır. Ancaq məsələni sadəcə, suala cavab olaraq düşünmək doğru olmazdı. Bu açıqlamanın gərəyini bundan sonra Azərbaycan dövləti daha da inkişaf etdirməlidir. 
PKK terrorçularının həqiqətən də Azərbaycanın işğal olunmuş ərazilərində varlığı ilə bağlı konkret görüntü və sənədləri beynəlxalq səviyyədə ictimailəşdrməliyik. Yıldırımın həmin açıqlamasını inkişaf etdirərək, bu istiqamətdə beynəlxalq ictimai rəy yaradılmalıdır ki, ardınca işğal ərazilərində antiterror əməliyyatının başlanması üçün ən azından hüquqi, həm də siyasi zəmin yaradıla bilsin. Yalnız bundan sonra Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə antiterror əməliyyatı keçirə bilər”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz