Əlaqə Arxiv
news Image
2018.03.20
10:00
| A A A
“Meydan” TV-nin çirkin iş mexanizmi
Niyaməddin Orduxanlı: “Bu qurum müstəqil Azərbaycanın milli maraqlarına kölgə salmaq, dövlətimizi dünyada nüfuzdan salmaq üçün yaradılıb” Azər Həsrət: “İçimizdən çıxıb, ruhunu şeytana tapşırmış bəzi adamları əldə vasitə edərək, ölkəmiz əleyhinə təbliğat qururlar”

"Meydan" TV-nin hər il 600 min avro qrant aldığı üzə çıxıb. Bu pullar aydındır ki, havayı verilmir və əsasən anti-Azərbaycan dairələrdən gəlir. 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, “Meydan” TV-də qurulan çirkin iş mexanizmi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq və onun milli maraqlarına kölgə salmağa hesablanmış addımlardan ibarətdir: “Həmin qüvvələrin yaratdığı “Meydan” TV əslində, “Şeytan TV“dir. Bu qurum konkret olaraq müstəqil Azərbaycanın milli maraqlarına kölgə salmaq, Azərbaycan dövlətini dünyada nüfuzdan salmaq üçün yaradılıb. Onlara ayrılan pul müqabilində həmin qüvvələrin əsas istiqamət olaraq fəaliyyətləri də dövlətimizin imicinin korlanmasına yönəlib və fəaliyyətləri bütünlüklə milli maraqlar, xüsusən də Dağlıq Qarabağ məsələsində erməni diaspor və lobbiçilərini dəstəkləməkdən ibarətdir. Bunu açıq və dolayı şəkildə edirlər. Bilirsiniz ki, “Meydan” TV-də bəzi hallarda erməni bloqqer və siyasətçiləri də yazıları ilə çıxış edir. Yəni, onların erməni mövqeyini müdafiə etmələri faktlarla dəfələrlə sübut olunub. Bu ayrılan qrantlarda əsas məqsəd dediyimiz kimi, Azərbaycanı zərbə altına qoymaqdan, çirkaba bulaşdırmaq, öllkəmizin imicini korlamaqdan ibarətdir. Həmin vəsait də əsasən məhz bunun üçün ayrılır. 
“Meydan” TV yarandığı gündən əsas fəaliyyətləri məhz buna yönəlib. Orada çalışanların bütün fəaliyyəti gecə-gündüz Azərbaycan dövləti və onun Prezidentinin əleyhinə yönəlib. Onlar bəzən Azərbaycana antipatiyası olan beynəlxalq qurumlardan, erməni diasporasına yaxın təşkilatlardan maliyyələşdiklərini də gizlətmirlər”.  
Siyasi icmalçı Azər Həsrət də qeyd etdi ki, “Meydan”TV-nin bütün fəaliyyəti Azərbaycana ləkə salmaqdan ibarətdir: “İllərdir bəyan edirik ki, “Meydan” TV və ona bənzər qurumlar anti-Azərbaycan mərkəzləri tərəfindən maliyyələşir. Ona görə də bu olay məqsədli şəkildə qurulub və Azərbaycan daxilində xaos yaratmaq, vətəndaş qarşıdurması toxumu səpmək, ümumiyyətlə, ölkəmizin normal demokratik inkişafını əngəlləmək məqsədi güdülür. 
“Meydan” TV-yə ayrılan vəsaitin aşkarlanması da bu mənada dediklərimizi təsdiq edir. Bu addımlar ona hesablanıb ki, Azərbaycan bir dövlət olaraq zəifləsin. Zəifləməklə də Qərbin ələbaxımına çevrilsin, onun dedikləri ilə oturub-dursun. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq öz müstəqil siyasəti olan bir dövlətdir. Heç bir digər dövlət və beynəlxalq qurumun təzyiq və təsiri ilə oturub durmur. Bu isə təbii ki, dünyanı idarə etməyə öyrəşmiş müəyyən dairələrə xoş gəlmir. Ona görə də içimizdən çıxıb, ruhunu şeytana tapşırmış  bəzi adamları əldə vasitə edərək,  ölkəmiz əleyhinə təbliğat qururlar. Bu quruma verilən pullar təbii ki, çirkli pullardır və çirkli adamlar vasitəsilə Azərbaycana qarşı istifadə edilr. “Meydan”TV-də təəssüf ki, həmin cəbhədə yer alır. Azərbaycan xalqı onların yalan təbliğatına uymayacaq”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz