Əlaqə Arxiv
news Image
2018.03.20
10:30
| A A A
Azərbaycan cəmiyyəti dünyada sülh hərəkatı üçün nümunədir
Siyasilər və alimlər Bakıda bəşəriyyəti maraqlandıran mühüm məsələləri müzakirə ediblər

Azərbaycanın paytaxtında keçirilmiş “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunda irili-xırdalı bütün çoxsaylı ölkələrdən gəlmiş nümayəndələr sülh və əmin-amanlığın bərqərar olması üzrə müzakirələr aparıb, təcrübə mübadiləsi ediblər. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı şıxışında deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik. Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir”. 

Cəmiyyətimizdə sabitliyin təminatçısı rolunu uğurla yerinə yetirən dövlət başçısının gəldiyi nəticə müasir dövrdə xalqların ən çox arzuladığı inkişaf istiqamətidir. Təəssüf ki, bu yolda mane olan təcavüzkar qüvvələr möbcuddur. Lakin təcrübə göstərir ki, əzmkarlıq qalib gəlməyi stimullaşdırır və sadəcə bu sahədə olan mənəvi meyarların hərtərəfli stimullaşdırılması gözəl nəticələr verir. 
Cəmiyyətin inklüzivlik əmsalı yüksək olduqca bu işdə çətinlik də artır. Lakin bir məsələ var ki, müxtəlifliyin birliyi devizi həyatın özündən qaynaqlanır. Sadəcə, bu istiqaməti düzgün dəyərləndirib siyasət yürütmək gərəkdir ki, bütün tərəflərin, xalqların və etnik qrupların tələbatı ödənsin. Xüsusilə, millətlərin mədəni irsinə dövlət qayğısının göstərilməsi cəmiyyətdə ümumi razılıq tendensiyasını sürətləndirir və hamının mənəvi təlabatını ödəyən ümumi nümunələr meydana gəlir. Azərbaycanda bu sahədə o dərəcədə mükəmməl və nadir cəmiyyət formalaşıb ki, hətta müharibə şəraitində yaşayan ölkəni inkişaf yolundan sapdırmaq mümkün olmayıb. 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Azərbaycanın inklüziv cəmiyyət modeli haqda danışarkın deyib: “Auditoriya üçün qeyd edim ki, bu respublika ABŞ-dan əvvəl qadınlara səsvermə hüququ verib, məhz burada. Həmçinin qeyd edim ki, bu qədər gənc olmasına baxmayaraq, hazırda Azərbaycan dünyada 35 ən rəqabətqabiliyyətli ölkədən biridir”. 
VI Bakı Qlobal Forumunun iştirakçısı, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım isə qeyd edib ki, Nizami Gəncəvi XII əsrdə yaşamış azərbaycanlı, türk elm xadimi, şair və mütəfəkkirdir. “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi mühüm və əfsanəvi əsərləri ilə türk, fars və ərəbdilli ədəbiyyatda öz imzasını qoymuş önəmli şəxsiyyətdir. Fürsətdən istifadə edərək, böyük mütəfəkkir Nizami Gəncəvini hörmət və məhəbbətlə anırıq. Nizami Gəncəvi hazırda dünyada yaşanan problemlərin həlli üçün hələ o dövrdə qızıl açar təqdim edir və deyir ki, bağlı bir qapının açarını yalnız alimlərdə axtardığın zaman tapa bilərsən: “Hər məsələnin mərkəzində insan amili var. Hamımız gələcək nəsillərə əmin-amanlıq, rifahın olduğu dayanıqlı dünya təqdim etməkdə məsuliyyət daşıyırıq. “İnsanı yaşat ki, dövlət yaşasın, insanı yaşat ki, dünya yaşasın” prinsipinə önəm verməliyik. Buna görə də qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflərimiz arasında olmalıdır”. 
Müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə mütəmadi şəkildə qarşılıqlı əlaqə, bütün insanların bərabər ləyaqətini qəbul etmək hər yerdə sülhün və sabitliyin təmin olunması, eyni zamanda, qeyri-tolerantlıq və ekstremizm riskinin qarşısının alınması üçün əsas elementlərdir. 
Forum iştirakçıları dünyada sülhün və sabitliyin bərpasında Bakı forumunun əvəzsiz xidmətlər göstərdiyini bildirərək qarşıdakı illərdə bu sahədə əməkdaşlığın dərinləşdirməsinin və gücləndirməsinin davam etdirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıblar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz