Əlaqə Arxiv
news Image
2018.03.20
11:00
| A A A
Bakı Qarabağın azad edilməsinin məşqlərini aparır
Elşən Manafov: “Azərbaycanın keçirdiyi hərbi təlimlər təkcə Ermənistana deyil, onun hamilərinə də bir mesaj kimi qəbul olunmalıdır”

Azərbaycan Ordusunun son təlimləri fonunda Ermənistanda fikirlər səslənir ki, Bakı Qarabağın azad edilməsinin məşqlərini aparır. 

Qeyd olunan məqam 12-17 mart tarixlərində Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimləri fonunda tam dəqiqliyi ilə müşahidə edildi.  Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Erməni tərəfi bildirir ki, Azərbaycan ordusunun bu təlimləri Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir. 

Ümumiyyətlə, Azərbaycan Ordusunun ötən illər ərzində keçirdiyi hərbi təlimlər göstərir ki, Silahlı Qüvvələrimiz həm peşəkarlıq, həm də hərbi texnikaya yiyələnmək baxımından dünyanın aparıcı hərbi gücləri sırasında yer alır.
Politoloq Elşən Manafov qeyd etdi ki, Azərbaycanın keçirdiyi hərbi təlimlər təkcə Ermənistana deyil, onun hamilərinə də bir mesaj kimi qəbul olunmalıdır: “Ordumuzun hərbi təlim məşqləri və əvvəlki dövrlərlə müqayisədə həmin tədbirdə daha böyük sayda hərbi kontingent və texnikanın iştirakı Azərbaycan dövləti və ordumuzun günbəgün artan qüdrəti, imkan və gücündən xəbər verir. Dəfələrlə qeyd etmişik ki, Azərbaycan dövlətinin ordunun hərbi məsrəfinə yönəltdiyi məbləğ Ermənistan kimi işğalçı ölkənin dövlət büdcəsinə bərabərdir, hətta bəzi hallarda ondan da artıqdır. 
İkincisi, son 10 ildə Azərbaycan Ordusunun silahlanması və peşəkarlıq səviyyəsinin yüksəlməsilə bağlı addımlar daim dövlətimizin diqqət mərkəzində olub. Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğu kimi, ordumuz da imkan və gücü baxımından regionun aparıcı hərbi gücüdür. Belə bir gücə malik ordu Ermənistan ordusu ilə hərbi qarşıdurmaya gedərsə, aydın məsələdir ki, qısa zaman kəsiyində işğal altında olan torpaqları azad etmək gücündədir. Hərbi ekspertlərin rəyinə görə, maksimum 2 həftəyə Azərbaycan Ordusu bu məsələni öz xeyrinə həll etmək imkanındadır. Son 5 ildə Azərbaycan təkcə Rusiyadan 5 milyard dollara yaxın silah alıb. Ermənistan ordusu isə son iki ildə cəmi 155 milyon dollarlıq silah alıb. Onu da nəzərə alaq ki, həmin silahları da Ermənistan Rusiyanın maliyyə kredit dəstəyilə alır. Həmin dəstək olmasa, deməli, ümumiyyətlə, silah ala bilməyəcək. 
Digər tərəfdən, Ermənistan ordusunun aldığı silah da müasir dövrün tələblərinə cavab vermir. Bir çox hallarda Rusiya Ermənistana istismara yaramayan silahları verir. Bu mənada Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlər onun güc və qüdrətindən xəbər verir. Bütün hallarda mövcud problemin Azərbaycan problemin dinc yolla ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib. Amma bir faktı da qeyd etməliyik ki, Ermənstanla aparılan danışıqlarda hələlik ciddi uğur və səmərə yoxdur. Bu da Ermənistanın qeyri-konstruktiv mövqeyi və onun havadarlarının tutduğu mövqe ilə əlaqədardır.  Bu mənada ordumuzun hərbi təlim məşqləri təkcə Ermənistanın özünə deyil, o cümlədən bölgədə müəyyən geopolitik maraqları olan və işğalçı ölkəyə dəstək verən məlum dövlətlərin müxtəlif dairlərinə də bir mesaj kimi qəbul olunmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ABŞ Dövlət Departamentinə göndərilən rəsmi ultimatium da göstərir ki, dövlətimiz artıq kənardan kimlərinsə bizə münasibətdə təzyiq və təhdidlə danışması mümkün olmayan  ölkələrdəndir. 
Bildiyiniz kimi, bu günlərdə Dağlıq Qarabağın  qondarma separatçı rejim rəhbəri Bako Saakyanın ABŞ Konqresində keçirdiyi görüşlər ölkəmizin haqlı narazılığına səbəb olub. ABŞ digər dövlətlərlə bahəm Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsinə cavabdeh olan vasitəçi dövlətlərdəndir. Bu mənada vasitəçi dövlətlərin zaman-zaman münaqişəyə münasibətdə ikili mövqeyi təəssüf doğurmaya bilməz. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin həmin ultimatiumu bölgədə marağı olan dövlətlərin siyasi elitası üçün bir rezonans yaratdı. Məlum oldu ki, Azərbaycan lazım gələrsə, dövlət və xalqın gücünə istinad edərək dünyanın istənilən ölkəsinə ultimatium göndərə bilər. Düzdür, ABŞ-la münasibətləri bundan sonra da qarşılıqlı əməkdaşlıq münasibətləri mövqeyində qurmaq niyyətində və ümidindəyik. Bununla belə, verilən həmin nota dövlət və ordumuzun gücündən xəbər verir. Bu mənada Azərbaycanın keçirdiyi hərbi təlimlər və ümumiyyətlə, ölkəmizin güclənməsi və beynəlxalq nefuzunun daha da artması təkcə Ermənistan deyil, hətta işğalçı ölkəyə himayədarlıq edən ölkələrdəki məlum dairələrdə rezonans və şok yaratması da anlaşılan və gözlənilən prosesdir. Ermənistan bundan nəticə çıxararaq konstruktiv mövqeyə gəlməli və işğal etdiyi torpaqları azad etməlidir. Əks təqdirdə, nəticə çıxarmasalar, Ermənistanı daha ağır nəticələr gözləyir”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz