Əlaqə Arxiv
news Image
2018.03.24
14:13
| A A A
Diriikən özlərini dəfn edənlər

Vətənini, xalqını,  ruhunu bir neçə qara qəpiyə kimsəyə satmaq heç şübhəsiz, şeytanla anlaşmaq kimi bir şeydir. Sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanıb nələrinsə qarşılığında Azərbaycandan kənarda oturub Azərbaycana hər cür hədyanlar yağdıran və sayları üç cüt bir tək olanların ölkəmizə yanaşması elə bu qəbildən olan hal kimi dəyərləndirilə bilər. Əslində, pula hərislik, zəhmətsiz komfort həyat xəyalına çatmaq uğrunda hər cür naqisliyə gedənlərdən başqa nəsə gözləmək də sadəlövhlük olardı. Belələri rus yazıçısı Vasili Aksenovun təbirincə desək, özlərini diriikən dəfn edənlərdir. 

Azərbaycan mühacirətinin kifayət qədər şanlı tarixi var və təkcə bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrə nəzər salmaqla bunun kifayət qədər sanballı nümunələrini görmək mümkündür. Amma təəssüf ki, 100 il sonra o kişilərə əməlləri ilə naxələf olduqlarını göstərənlər də tapılır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov çox doğru olaraq qeyd edir ki, qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki Vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir. Amma di gəl ki bu nümunəvi irsə xəyanət edənlər tapılır, sayları az olsa belə. Məhşur məsəldir: milçək bir şey olmasa da, könül bulandırır. Elə belələrinin də milli-mənəvi dəyərləri, Vətəni bir kənara atıb hansısa maddiyyat qarşılığında Azərbaycana savaş açmaları könül bulandırmaqdan başqa bir şey deyil. Digər tərəfdən belələri  öncə vətəndaş olmağı bacarmayıb, öz seçimini yanlış müstəvidə edib, şəxsi uğursuzluqlarının günahını özündə yox, başqasında axtaranlardır. Onlar onları böyüdən bu müqəddəs torpağın, bu vətənin övladı yox, ona qarşı olanlarla bir səfdə yer alanlardır. Mənəvi- əxlaqi baxımdan da bu insanlar Azərbaycana yaddırlar. Elə bu səbəbdəndir ki, oturub Avropada sosial şəbəkələr üzərindən Azərbaycana qarşı tərbiyə və əxlaq normalarına uyğun olmayan tərzdə münasibət sərgiləyirlər. Görünür, Avropada olduqları müddətdə əxz edə bildikləri yalnız söyüş və tərbiyəsizliklər olub. 

Maraqlıdır, belələri söyüş kampaniyası ilə Azərbaycan xalqından nə gözləyirlər? Ümumiyyətlə, bu insanların məqsədi, məramı nədir? Nəyə görə, Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı çirkin kampaniyanın dozasını artırırlar?  Bu zaman nədən şərəf və ləyaqət hissələri onlara yad düşür? Şəxsin heysiyyatına toxuna bilən leksikon nədən ön plana çıxır? Əslində, bu suallara cavab sadədir. Min bir fırıldaqla siyasi mühacir adı altında özünü hansısa Avropa ölkəsinə sırıyanlar qulluğunda durduqları dairələrə xoş görünmək üçün azərbaycanlı əxlaqını, azərbaycanlı dəyərini, azərbaycanlı mənəviyyatını, azərbaycanlı şərəfini də satıblar. Ona görə belələrindən nə desən, gözləmək mümkündür. Azərbaycan vətəndaşı olmağı bacarmayanlar, çətin ki, Avropanın hansısa ölkəsinin vətəndaşı ola bilsinlər. Bu mənada tam yəqindir ki, müəyyən müddət istifadə olunduqdan sonra onlar bir kənara atılacaqlar, belə demək olarsa, tarixin zibilliyinə qovuşacaqlar. Ən böyük hakim olan zaman və xalq daim belələrinin layiqli qiymətini verir. 

Əlbəttə, bu insanların çirkin kampaniyası Azərbaycanın uğurlarına kölgə salmaq iqtidarında da deyil. Sadəcə, bu qəbildən olanlar hansısa dirəniş, müqavimət görməyəndə daha da həyasızlaşa bilir, daha böyük yalan və əxlaq normalarından çox kənarda olan leksikondan istifadə genişləndirirlər. Bu mənada Əli Həsənovun da qeyd etdiyi kimi cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar. Axı, bu cür nakəslər bütün bir millətin adına xələl gətirir, onlar kiməsə Azərbaycan cəmiyyətinin üzvü kimi təqdim olunur. Halbuki, belələrinin davranışı onların əslində, cəmiyyətimizə hansısa formada dəxli olmadığını göstərir. Bu mənada elə dünyanın da Azərbaycan cəmiyyətinin belələrinə hansı münasibətdə olmasını daha aydın görməsinə bir zərurət, ehtiyac var.

Rasim BAYRAMOV

Sizin Reklam Yeriniz