Əlaqə Arxiv
news Image
2012.04.27
22:39
| A A A
Cəbhə xəttindən
Elxan Şahinoğlu: Akif Nağı:

Cəbhə zonasında diqqət çəkən hadisələrdən biri də işğalçı Ermənistanın Silahlı Qüvvələrinin atəşkəs rejimini son günlər daha intensiv şəkildə pozmalarıdır. Ümumiyyətlə, son günlərdə ermənilərin cəbhə boyu fəallaşdığı hiss olunur. Aprelin 23-dən etibarən Ağdam ərazisindəki mövqelərimiz mütəmadi olaraq atəşə məruz qalır.

Ermənistan ordusunun təmas xətti boyu atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etdiyi bir vaxtda cəbhənin qərb istiqamətində də ciddi gərginlik hökm sürdüyü barədə xəbərlər gəlir. Son məlumata görə, Qazax rayonunun Kəmərli kəndi istiqamətində Ermənistan Ordusunun Azərbaycanla dövlət sərhədi boyu daha bir təxribatının qarşısı alınıb. Aprelin 25-də səhər saatlarından Ermənistan ordusunun üzbəüz Dovex kəndi sahəsində cəbhə xətti boyu qazıntı işləri aparması və mövqeləri önə çəkmə cəhdi aşkarlanıb. Buna cavab olaraq Azərbaycan əsgərlərinin həyata keçirdikləri tədbirlər nəticəsində ərazidəki erməni bölmələrinin istifadə etdiyi bir avtomaşın vurularaq sıradan çıxarılıb. Düşmənin mühəndis-istehkam bölüyünün bir əsgəri isə yaralanıb. Azərbaycan tərəfi itki verməyib. Müşahidələr zamanı Ermənistan tərəfinin mövqelərin dəyişdirilməsi işlərinə mülki geyimli şəxslərin və nəqliyyat vasitələrinin cəlb olunduğu qeydə alınıb. Bildirilir ki, son həftələrdə qeyd olunan istiqamətdə düşmənin Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə ələ keçirmək, dövlət sərhədində vəziyyəti öz xeyrinə dəyişmək cəhdlərinin qarşısı alınıb. Ümumilikdə, aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı düşmən tərəfindən 20-yə yaxın təxribat cəhdinə son qoyulub. Görəsən, son günlər ermənilər tərəfindən atəşkəs rejiminin pozulması və mövqelərində irəliləmək cəhdlərinin arxasında nə dayanır? Olmaya onlar real hərbi əməliyyatlara keçməyi düşünürlər? Yoxsa bu Ermənistanda mayda baş tutacaq parlament seçkiləri ərəfəsi Sarkisyan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən uzaqlaşdırmaq üçün atdığı manevr tədbirlərindən biridir?

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının bir hissəsidir: "Ermənilər yaxşı başa düşürlər ki, Azərbaycan işğal olunan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Bundan əndişələnən ermənilər xüsusən, Tovuz-Qazax istiqamətində atəşkəs rejimini intensiv pozaraq demək istəyir ki, əgər Azərbaycan bu fikrə düşərsə, onda bütün sərhəd boyu problemlə üzləşə bilər. Yəni bu bir növ rəsmi Bakıya mesajdır. İkinci əsas səbəb kimi isə mayda Bakıda keçiriləcək "Eurovision" mahnı yarışmasını əngəlləməkdir. Bununla da Ermənistan dünyaya Azərbaycanda hələ də, guya, atəş səslərinin eşidildiyini göstərməyə çalışırlar. Digər tərəfdən erməni silahlı qüvvələrin mövqelərimizə yaxın ərazilərə gəlmələrində Ermənistandakı daxili amillərin də rolu az deyil. Belə ki, mayda bu ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsi müxalifətin fəallaşdığı hiss olunur. Əhalinin də Sarkisyandan narazılığı günü-gündən artır. Belə bir şəraitdə Sarkisyan rejimi diqqəti daxildə cərəyan edən problemlərdən yayındırmaq üçün cəbhə xəttində təxribatlara yol verir. Bununla da əhalisinin diqqətini ən azından seçkilərin sonuna qədər daxili problemlərdən uzaqlaşdıra biləcəyini düşünür. Bütün hallarda baş verən olaylar Ermənistan tərəfinin təxribatının nəticəsidir".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ermənilər atəşkəsi intensiv olaraq pozmaqla Azərbaycana meydan oxuyurlar: "Bəziləri deyirlər ki, guya, ermənilər atəşkəsi pozmaqla diqqəti parlament seçkiləri öncəsi Ermənistandakı yaranmış vəziyyətdən yayındırır. Bu düzgün deyil. Ermənilər bu prosesi həyata keçirməklə bir daha rəsmi Bakıya demək istəyir ki, işğal etdikləri torpaqlardan xoşla geri çəkilən deyillər. Digər tərəfdən, beynəlxalq təşkilatlarda belə bir rəy formalaşdırırlar ki, artıq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından usanıb. Fikir verin, qondarma rejimin Miqrasiya Xidmətinin rəhbəri ötən gün belə bir açıqlama verdi ki, son ayda Ermənistandan Qarabağa 600 ailə köçürülüb. Onlar sərhədə yaxın ərazilərdə yerləşdiriliblər. Yəni artıq ermənilər bu torpaqları bir daha Azərbaycana qaytarmayacaqları ilə bağlı mövqelərini möhkəmləndiriblər. Ermənilər atəşkəsi pozmaqla öz güclərini göstərirlər. Ermənistan yaxşı başa düşür ki, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytarmağa qadirdir. Ona görə də güclərini göstərməklə yanaşı qorxuya düşdüyünü də bildirir. Ermənilərin istifadə etdikləri silahların hamısı Rusiyanındır. Rusiyadan sifariş gəlməsə ermənilər silaha əl atmazlar. Onları ruhlandıran Moskvadır. Amma bir şey bəllidir ki, ermənilərin açdığı atəş hərbçilərimizi heç vaxt qorxutmayıb. Azərbaycan ermənilərə layiqli cavab verməyə hazırdır və verir də".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz