Əlaqə Arxiv
news Image
2018.04.16
14:12
| A A A
Qərblə Rusiya arasında güclənən qarşıdurma Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək
Natiq Miri: “Vaşinqtonla Moskva arasında bazarlığın çətin olacağı birmənalıdır”

ABŞ başda olmaqla Qərblə Rusiya arasında qarşıdurma getdikcə daha kəskin xarakter almağa başlayır. Suriyada kimyəvi silah işlədilməsi məsələsindən sonra ABŞ-ın hərbi dəniz donanması Suriya sahillərinə yaxınlaşıb. Fransa və Böyük Britaniya da həmin əraziyə donanma göndərmək niyyətindədir. Bu fonda Rusiyanın Suriyada cəmləşdiyi hərbi hissələr də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hər iki tərəf vəziyyətin bu hala gəlməsində hələlik sözdə bir-birini ittiham etməklə məşğuldur. Bu arada bir sıra ekspertlər Suriya ətrafında yaşanan vəziyyəti Karib böhranı ilə əlaqələndirməyə başlayıb.

Aydın məsələdir ki, sözügedən məkanda dünya gücləri arasında yaşanan gərginliyin inkişafından asılı olaraq, proses digər bölgələrdə mövcud olan münaqişə və hadisələrə də öz təsirini göstərə bilər. Yaşadığımız bölgə də münaqişələrdən xilas ola bilməyib. Cənubi Qafqazda Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində bölgədə hələ də gərginlik ocağı qalmaqdadır. Digər tərəfdən, Gürcüstanın ərazi bütövlüyü də hələlik təmin olunmayıb. Bu mənada maraqlıdır ki, Qərblə Rusiya arasında kəskinləşən qarşıdurma Cənubi Qafqazda hadisələrin inkişafına, buradakı münaqişələrin taleyinə necə təsir edəcək?

Politoloq Natiq Mirinin fikrincə, Qərblə Moskva arasında güclənən qarşıdurma Cənubi Qafqazda da yeni hərbi təxribatlara yol açacaq: “Hələlik Suriyadakı hadisələrin konkret hansı nəticələr doğuracağı birmənalı bəlli deyil. O baxımdan burada dünya gücləri arasında cərəyan edən gərginliyin digər regionlara, o cümlədən yaşadığımız Cənubi Qafqaza hansı təsirinin olacağını bəri başdan proqnozlaşdırmaq çətindir.

Ola bilsin, ABŞ öz müttəfiqlərilə birlikdə Suriyada keçirmək istədikləri əməliyyat gününə qədər Rusiya ilə hansısa bazarlığa gedə bilsin. Bu istiqamətdə artıq Türkiyənin vasitəçiliylə ABŞ-la Rusiya arasındakı təmas vasitələri açıq şəkildə tutulur. Bu da o anlama gəlir ki, hələ də müəyyən mənada həm diplomatik, həm də hərbi cəhətdən danışıqlar gedir. Belədə ortalıqda müəyyən bazarlıqların olduğunu görə bilərik. Ona görə də bu bazarlıq kontekstində ABŞ-la Rusiyanın anlaşa bilib-bilməyəcəyini bəri başdan demək çətindir.

Digər tərəfdən bu anlaşmanın əldə olunacağı da çətin məsələdir. Çünki, Rusiya Suriyada var olmaqla əlsində, müəyyən mənada dünya gücü imicini qazandı. Rusiya bu fonda indiyə qədər Suriyada qazandığını təbii ki, ABŞ-ın bir əməliyyatı ilə ona təhvil vermək niyyətində deyil. Ona görə də Vaşinqtonla Moskva arasında bazarlığın çətin olacağı birmənalıdır. Həmçinin, ABŞ-ın Suriyada həyata keçirmək istədiyi əməliyyatla hansı məqsədə nail olmaq istəyinə də baxmaq lazımdır. ABŞ əslində, Suriyada hərbi əməliyyat keçirməklə bir neçə hədəfə çatmağı qarşıya məqsəd qoyub. Bunlardan biri də təbii ki, Rusiyanı birdəfəlik Suriya və Yaxın Şərqdən çıxarmaqdan ibarətdir. Rusiyanın Yaxın Şərqdəki hərbi bazası məhz Suriyada yerləşir.  Buradakı Tartus limanında Moskvanın böyük hərbi-dəniz donanması var. ABŞ-da keçirəcəyi əməliyyatla birdəfəlik Rusiyanı Tartusdan çıxarmaq isətyir. Rusiya bu limanı tərk edəcəyi təqdirdə isə bölgədə ABŞ-ın qarşısına çıxa biləcək ikinci bir güc qalmayacaq. Bu isə təbii ki, İsrailin işinə yarıyır. ABŞ-la Rusiya arasında danışıqların bu fonda baş tutması, hətta olsa belə onun hansısa bir nəticə verəcəyi çox çətin məsələdir. Rusiya bu istiqamətdə ağıllı siyasət yürüdür. Suriya və digər bölgələrdə böyük bir şahmat oyunu oynanılır. Putin də bu oyunu gözəl bacarır. Ancaq onu da nəzərə alın ki, Suriya məsələsində danışıqlar nəticəsində hər hansı bir müsbət nəticə əldə olunmasa, bu fonda Rusiya manevr imkanlarını heç zaman əldən verməyəcək. Fikir verirsinizsə, Moskva bir tərəfdən Suriyada hərbi varlığını sürdürürkən, digər tərəfdən də Ukranya cəbhəsində zaman-zaman aktivləşir. Eyni zamanda, Şimali Qafqazda ciddi hərbi təlimlər keçirir. Bütün bunların hamısı Qərb ölkələrinə, o cümlədən Vaşinqtona mesajdır. Yəni Suriyada hərbi proseslər Rusiyanın istəmədiyi fonda davam edərsə, Moskva tərəfindən Ukrayna və Cənubi Qafqazda, xüsusilə Gürcüstan və Dağlıq Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatların qızışdırılması ehtimalı yüksəkdir. Çünki, diqqəti Suriya məsələsindən yayındırmaq üçün Kreml bu kimi təxribatlara əl ata bilər. Bunu isə Rusiya gözəl bacarır. Bu səbəbdəndir ki, Rusiya Suriyaya paralel olaraq digər münaqişə ocaqlarını hələ də gözərmiş vəziyyətdə saxlayır. Belədə Qərb dünyasına təzyiq imkanlarını Rusiyanın elə-belə əldən buraxacağını düşünmək yersizdir. Məhz ABŞ-ın müttəfiqlərilə birlikdə Suriyada həyata keçirmək istədiyi hərbi əməliyyat Rusiyanın istəyinə müvafiq olmasa və onun maraqlarına toxunsa, əmin olun ki, Ukrayna, Gürcüstan və Dağlıq Qarabağ cəbhəsində yeni hərbi təxribatların meydana çıxması ehtimalı böyük olacaq. Buna əmin ola bilərsiniz”.

Rüfət NADİROĞLU     

 

 

Sizin Reklam Yeriniz