Əlaqə Arxiv
news Image
2018.04.17
09:00
| A A A
Qərb ölkələrinin Yaxın Şərq siyasəti dünyanı xaosa sürükləyir
Məqsəd tək Suriya deyil, regionun və onun təbii ehtiyatlarının, var-dövlətinin davasıdır

Qərb ölkələrinin Yaxın Şərq siyasəti dünyanı xaosa sürükləyir, insan haqları və demokratiyanı kobud şəkildə pozur. Bir neçə ildir Suriyada baş verən olayların məntiqi sonluğu buna aparır. Amma hələ də müharibənin qurtaracağının simptomları gürünmür 

Suriyada kimyəvi hücum barədə hamı danışır, ancaq hələ ki, ortaya hansısa faktı qoymağa heç bir tərəf tələsmir. Qəribə mənzərə yaranıb: Suriya dövləti öz əhalisinə qarşı kimyəvi silah işlədir, bir çox ərəb ölkəsində neçə illərdir insanları qətlə yetirən Qərb koalisiyası indi bu silahın işlədilməsinə görə Suriyanı cəzalandırır. Kim bu strategiyanın məntiqini göstərə bilər? Yaxud doğrudanmı Bəşər Əsəd hökuməti bu dərəcədə dayaz düşüncəlidir ki, indiki məqamda kimyəvi silah işlədir? Ya da başqa bir dilemma: insanların kimyəvi silahdan yaxud adi güllələrdən ölməsinin fərqi nədədir? Bu, lap Amerikada ölümə məhkum edilmiş dustağın hansı yolla qətlə yetirilməsi məsələsinə bənzəyir. Halbuki bütün hallarda nəticə eynidir.
ABŞ-la Rusiya Suriyada nüfuz davası etməklə bütövlükdə regionda hegemonluq iddiasındadırlar. Məqsəd tək Suriya deyil, regionun və onun təbii ehtiyatlarının, yəni var-dövlətinin davasıdır. Lakin Türkiyə, İran və Səudiyyə Ərəbistanının da öz maraqları var. Türkiyə müdafiə olunur. Qərb çoxdan qardaş ölkənin bir güc olaraq sıradan çıxarılmasına çalışır. Lakin buna nail ola bilmir. Əksinə Türkiyə zaman geçdikcə güclənir. İran da həmçinin. Səudiyyə  Ərəbistanı isə deyəsən indi-indi ayılır, amma perspektivi düzgün qavramaqda çətinlik çəkir. Onun öz çətiri olmadığı üçün ABŞ çətiri altında hərəkət etməyə həvəs göstərir. Çünki, ərəblər heç cür anlaya bilmirlər ki, tək varlı olmaqla supergücə çevrilmək heç vaxt mümkün deyil. Amerikalılar bu ərəb ölkəsinin milyardlarını havaya sovura-sovura əslində onun özünü də göz önündə əli-qolu bağlı saxlayırlar.
Qərb Suriyanı bombalamağa cəsarət etdi. Buna rəğmən bombalayan və bombalanan tərəflərdən heç biri aydın döğru-düzgün bir məlumat vermədi. Birinci deyir vurub dağıtmışam, ikinci deyir atılan raketlərin üçdə ikisini havada məhv etmişəm. Türkiyə də aydın mövqe sərgiləmir. Rusiya təmkinli davranır. İran isə hərbə-zorba gəlir. Belə görünür ki, ilk bombardman kəşfiyyat xarakteri daşıyıb və yeri gəlmişkən, bu hücum kimyəvi silah məsələsinə bağlı deyil. Ola bilsin ki, kimyəvi silah söhbəti var. Amma bu bəhanədir və bu silahı hücuma atılan tərəf özü əldə bəhanə olsun deyə təşkil edə bilərdi.  
Məsələ burasındadır ki, Böyük Britaniya, Fransa və ABŞ-ın Suriyaya qarşı hazırkı koalisiyası çətin ki, hadisələrin sonu gələnədək qala bilsin. Çünki, hərəsinin öz maraqları var və onların maraqları toqquşur, məqsədləri isə bir-birini itələyir. Britaniya Aİ-dən ayrılmaqla itirdiklərini başqa yerdən qazanmaq istəyir. ABŞ Suriya məsələsində tək olmadığını nümayiş etdirmək, eyni zamanda qələbəni tək həzm-rabedən keçirmək arzusundadır. Fransa isə Böyük Britaniyadan sonra Aİ-nin yeganə təmsilçisi olmağı planlaşdırıb. Burada bir məsələ hələ ki, açıqdır. Rusiyanın son reaksiyası necə olacaq və onun reaksiyasına koalisiya cavab verməyə cəsarət edəcəkmi? Aydındır ki, böyük münaribə olmayacaq. Buna heç bir tərəfin cəsarəti və gücü çatmaz. Amma nəzərə almaq lazımdır ki, koalisiya dövlətləri Suriyaya əlavə yemdir, Rusiya üçün isə Yaxın Şərqdəki son məntəqədir. Demək, rusların mübarizə əzmi daha yüksəkdir. Bu mənada Qərbin bombardmanı cavabsız qalmayacaq. Iks halda koalisiya daha çox irəliləmək istəyəcək ki, bu da rusların marağına cavab vermir. Türkiyə öz müdafiəsinin möhkəmləndirilməsində qətiyyətlidir və geri çəkiləcəyi mümkün görünmür. Onun coğrafi məkanı geostrateji əhəmiyyətini və əlverişli platformasını elə uyğunlaşdırıb ki, mövqeyini qorumaq üçün imkanları genişdir. İranın mövqeyi nisbətən zəif olsa da resursları hesabına Qərbə ciddi müqavimət göstərər və hətta mövqeyini qorumağa qadirdir. Bu balans hesabına Suriya bataqlığının qurudulması tez bir zamanda reallaşa bilməyəcək. Adıçəkilən tərəflər mübarizə aparacaq, dağılan isə Suriya olacaq. Sadəcə olaraq, ümumi bir hipotez sözləmək olar ki, Qərb axırda yorulacaq və iki-üç il sonra koalisiya ölkələrində mümkün hakimiyyət dəyişikliklərindən sonra ölkədə barışdırıcı sülhə nail olunacaq.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz