Əlaqə Arxiv
news Image
2018.04.17
09:30
| A A A
Manat qonşu ölkələrin valyutalarından fərqli olaraq daha güclü mövqedədir
Əli Əlirzayev: “Ölkədə gedən inkişaf prosesi, neft qiymətinin yüksək olması axan valyuta manatın kursunun sabit qalmasına şərait yaradır” Cəfər İbrahimli: “Mərkəzi Bank manat üzərinə basqı olacağını görsəydi, yumşaq pul siyasətini stimullaşdırmazdı”

Qonşu ölkələrə, məsələn, Rusiya, İrana, Türkiyəyə nisbətdə Azərbaycanda milli valyutanın məzənnəsi sabitdir və qarşıdakı dövr ərzində də bu sabitlyin qorunması gözlənilir. 

Qeyd edək ki, ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi yeni sanksiyaları və Suriyada həyata keçirdiyi əməliyyat fonund bu iki ölkə, habelə Türkiyədə milli valyutalar olan, rubl, rial və lirə dollarla müqayisədə kəskin  şəkildə mövqelərini itiriblər. Buna baxmayaraq, Azərbaycan manatı öz sabit səviyəsini qoruyub saxlayır. Belə ki, sözügedən hadisələrdən əvvəl olduğu kimi, ondan sonra da manatın dollara nisbətən məzənnəsi əvvəlki tək qalıb. Bunun səbəbələri nədir və Azərbaycan bundan hansı üstünlüklər əldə edir?
İqtisadçı Əli Əlirzayevin fikrincə, qonşu ölkələrlə müqayisədə manatın məzənnəsinin sabit olaraq qalmasında dövlətin apardığı siyasətin mühüm rolu vardır: “Azərbaycan manatının kursunun dollara nisbətdə sabit qalmasında təbii ki, dövlətin oynadığı rolun böyük əhəmiyyəti vardır. Hazırda hökumət kursun sabit qalması üçün manatı müəyyən mənada tənzimləyir. Çünki hazırkı situasiyada stabilliyin itməsi ölkə iqtisadiyyatı üçün müəyyən fəsadlar əmələ gətirə bilər. 
Digər tərəfdən, ölkədə gedən inkişaf prosesi, Azərbaycanın geniş ehtiyatlara, daxili imkanlara malik olması, investisiya qoyuluşu baxımından xarici ölkələrdən asılılığın azalması, neftin qiymətinin yüksək olması ilə ölkəyə valyuta axını da manatın kursunun sabit qalmasına şərait yaradır. Yəni, Azərbaycan bu fonda valyutaya olan tələbatı tam ödəmək gücündədir. Belə olan halda da manatın məzənnəsinin sabit qalması qanunauyğun prosesdir. Burada bəzi məhsulların istehsalının artması, idxaldan asılılığın azalması, ixracat potensialı üzrə imkanların genişlənməsi ölkəmizdə sabitliyin təmin edilməsini şərtləndirir. Milli valyutanın məzənnəsinin sabit qalması həmçinin dövlətimizin nüfuzuna da müsbət təsir göstərir. Milli valyutanın alıcılıq qabiliyyəti yüksəlir. Bu fonda da iqtisadiyyatın daha da inkişaf etməsinə şərait yaranır. Əhalinin rifahı yüksəlir. 
Milli valyutanın mövqeyi zəifləsə, ancaq manatla iş görən ölkə vətəndaşlarının vəziyyəti pisləşə bilər. Ölkə əhalisinin 70-80 faizi isə öz gündəlik tələbatını ödəmək üçün ancaq milli valyutadan yararlanır. Dolların mövqeyinin möhkəmlənməsi fonunda bu insanlara zərər dəyməsə də, məsələ ondadır ki, belədə dollaırn bahalaşması gətirilən malın, əmtəənin qiymətinə bahalaşma fonunda təsir edəcək. Ona görə də indiki halda manatın məzənnəsinin sabit qalması əhalinin bütün təbəqələri üçün əlverişlidir”. 
«PSG Kapital Menecment» İnvestisiya şirkətinin direktor müavini Cəfər İbrahimli bildirdi ki, manatın stabilliyini qoruyub saxlamasında bir sıra amillərin rolu olub: “Hazırkı situasiyada son bir həftə ərzində cərəyan edən proseslərə əsasən onu deyə bilərəm ki, Mərkəzi Bank (MB) uçot dərəcəsini aşağı salıbsa, deməli. onlar manatın üzərinə hər hansı bir basqının olacağını düşünmürlər. İnflayasiya səviyyəsi də Mərkəzi Bankı qane edən səviyyədədir. MB manat üzərinə basqı olacağını görsəydi, yumşaq pul siyasətini stimullaşdırmazdı. 
Azərbaycanda devalvasiya baş verəndə ona Rusiya və Türkiyə ilə paralel aspektdə yanaşırlar. Onların fikrincə, Türkiyə lirəsi və rus rublunun dəyər itirməsi eyni qaydada manata da təsir etməlidir. Bu fikirlə razılaşmıram. Çünki türk lirəsi demək olar ki, mütəmadi olaraq dəyər itirib. Son iki ildə də türk lirəsinin ciddi dəyər itirdiyini müşahidə etsək də onun manata təsir etdiyini görmədik. İkincisi, Rusiyadakı siyasi-iqtisadi mühit valyutalar üzərində təzyiq yaradır. Azərbaycan isə bu hadisələrdən kənardadır. Azərbaycan nə Rusiya kimi sanksiyalara məruz qalmayıb. Nə də ölkəmiz Suriyadakı geopolitik məsələlərdə yer almır. Həmin iki ölkə valyutaları nə qədər dəyər itirsə də, onun manata ciddi təsiri olmayacaq. Azərbaycan Rusiyadan əsasən xammal məhsulu alır. Rus rublunun dəyər itirməsi də həmin xammalı alıb sənayeyə daxil etməyimiz üçün yaxşı haldır. Çünki bu halda istehsalı stimullaşdıracağıq. 
Türkiyəyə gəldikdə, ora daha çox neft və qaz məhsulları ixrac edirik. Onun da qiyməti dünya bazarında formalaşır. Belədə, türk lirəsinin dəyər itirməsi Azərbaycandan ora olan ixracın və gəlirlərin azalması anlamına gəlmir. Son illər həmçinin Azərbaycanda tədiyyə balansı müsbət saldoda qalır. Daxili bazarla bağlı əksəriyyət düşünür ki, guya dollar çatışmamazlığı olacaq. Lakin bu il Neft Fondu büdcəyə transfer çərçivəsində 6 milyard dollar verəcək. Azərbaycan bazarının da bu il ancaq elə 6 milyard dolları realizə etmək imkanı vardır. Belə vəziyyətin özü də dollar qıtlığının yaranmasına imkan vermir”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz