Əlaqə Arxiv
news Image
2018.04.17
12:35
| A A A
ATƏT DTİHB yenə köhnə şakərindən əl çəkmir

Məmməd Əlizadə: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gördükləri reallığı deyil, öz marağına cavab verən, amma həqiqət olmayan nüansları qabardaraq yenə də ölkəmizdə keçirilən seçkilərə kölgə salmaqla məşğuldur”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkiləri ilə bağlı bu qurumun yenə qərəzli mövqedə olduğunu sərgilədi. Azərbaycana qarşı uzun müddətdir davam edən və bitməyən bu qərəzin səbəbi nədir?

Politoloq Məmməd Əlizadənin fikrincə, xaricdəki bir sıra dairələr, ermənipərəst qüvvələr Azərbaycanın inkişafı, əldə etdiyi uğurları həzm edə bilmədiklərindən bütün fürsətdə çalışırlar ki, ölkəmizə xələl gətirsin, ona qara yaxsınlar. Həmsöhbətimiz onu da qeyd etdi ki, bu kimi çirkin hərəkətlərilə Qərb dövlətləri həmçinin Azərbaycandan nəsə qoparmağa çalışırlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu müstəvidə məhz həmin dairələrin göstərişlərini həyata keçirir: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu təəssüf ki, yenə də ölkəmizə qarşı qərəz və yalan mövqelər yaymaqla məşğuldur. Azərbaycanda baş tutan prezident seçkiləri yüksək səviyyədə keçirilib. Namizədlər üçün tam bərabər şərait və imkanlar yaradılıb. Seçki prosesi də tam şəffaf olması ilə yadda qaldı. Seçicilər istədiyi namizədə kənardan hər hansı bir müdaxilə olmadan sərbəst şəkildə səs verdilər. Bu proses özü də həmin qurumdan və Avropadan gələn digər müşahidəçiləri gözü qarşısında baş verdi. Amma təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gördükləri reallığı deyil, öz marağına cavab verən, amma həqiqət olmayan nüansları qabardaraq yenə də ölkəmizdə keçirilən seçkilərə kölgə salmaqla məşğuldur. Bu hal onu göstərir ki, sözügedən qurum hələ də bir sıra ölkələrə münasibətdə qərəzli siyasət yürütməkdə davam edir. Görünür, həmin qurumda təmsil olunan bir çox ölkələr Azərbaycanın əldə etdiyi uğurları, həm daxili, həm də xarici siyasətdə qazandığı nailiyyətləri həzm edə bilmirlər.

Azərbaycan son illər öz həyatının yeni bir mərhələsinə qədəm qoyub. Ölkəmiz ötən illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib. Bütün sahələr üzrə Azərbaycanda bir nüans qeydə alınır, o da ancaq və ancaq inkişafdan ibarətdir. Azərbaycan demokratik dəyərlərin oturuşması sahəsində də uğurlara imza atıb. Ölkəmizdə heç kim öz fikrinə görə təqib edilmir. Bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb. Bu isə görünür, Azərbaycanı sevməyən dairələrin ürəyincə deyil. Ona görə də bu dairələr Azərbaycanda digər məsələlərdə olduğu kimi, demokratik şəraitdə keçirilən seçkilərə də belə qərəzli mövqe sərgiləyirlər. Bu qərəzin arxasında duranlar əminəm ki, ermənipərəst qüvvələrdir. Yəni, sərgilənən qərəzin arxasında bəzi dairələrin Azərbaycana yönəlik düşmənçilik və ermənipərəst mövqe dayanır. Erməni diasporasının təsiri altına düşüblər.

Digər tərəfdən, Qərbdə bu kimi addımlarla Azərbaycan kimi ölkələrə təsir edərək, ondan nəyisə qoparmağı düşünürlər. Amma unudurlar ki, Azərbaycan artıq keçən əsrin 90-cı illərin əvvəlində olan ölkə deyil. Azərbaycanla heç kim güc dilində danışa bilməz. Bunu edənlər sonda özləri peşman olacaqlar, necə ki, olurlar.  Bütün hallarda, kənarda kim nə düşünməsindən asılı olmayaraq, Azərbaycan öz yolu ilə gedir və gedəcək. Gedilən bu yolda hər zaman ölkəmizdə demokratik dəyərlərə önəm verilib və bundan sonra da veriləcək. Ölkəmizdə baş tutan seçkilər şəffaf və demokratik müstəvidə keçirilib. Xalq istədiyi namizədini seçib. Bu, Azərbaycan dövlətinin və xalqının qələbəsidir. Həmin qələbədən narahat olan anti-Azərbaycan qüvvələri nə qədər çabalasalar da, xeyri yoxdur, istədiklərinə nail ola bilməyəcəklər”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz