Əlaqə Arxiv
news Image
2018.04.19
08:00
| A A A
İkili standartlar Azərbaycan və Ermənistan nümunəsində yenə özünü qabarıq büruzə verir
Azər Həsrət: “Beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə qərəzli yanaşmanı davam etdirirlər” Elman Məmmədov: “Xalqla hakimiyyətin vəhdəti fonunda onların bu şər və böhtanları əhəmiyyətsizdir”

Azərbaycanda son seçkilərdə heç bir pozuntu olmadığı halda bəzi qərəzli qurumlar ölkəmizə irad tutmağa başladılar. Ermənistanda isə hakimiyyət müxalifələri ən sərt şəkildə cəzalandırır. Zor tətbiq edir. Amma buna görə onlara heç nə deyilmir. Səbəb nədir?

Siyasi icmalçı Azər Həsrət düşünür ki, bəzi xarici qurumların ölkəmizdə keçirilən şəffaf seçkilərə qərəzli münasibəti, bunun müqabilində Ermənsitanda hakimiyyətin xalqa qarşı zor tətbiq etməsinə susmalarının kökündə onların yürütdüyü ikili standart siyasəti durur: “Azərbaycanda keçirilən prezident seçkiləri doğrudan da ümumi nəticələrə təsir edəcək ciddi pozuntularla müşayiət olunmadı. Yalnız hansısa texniki qüsurlar barədə danışmaq olar. Bu barədə də zatən Mərkəzi Seçki Komissiyasının özü də danışıb. Həmin səbəbdən bəzi məntəqələrin nəticələri də ləğv edildi. Amma ümumilikdə proses tam normal şəraitdə keçirildi. Nəticədə cənab Prezident İlham Əliyev and içərək növbəti prezidentlik dövrünə başladı. Bütün bunların fonunda Ermənistanda baş verən hadisələr diqqət çəkməyə bilməz. 
Serj Sarkisyanın xalqın iradəsinə zidd olaraq hakimiyyətdə qalmasını təmin etmək üçün atdığı və zorla müşayiət olunan addımları əlbəttə ki, bizim diqqətimizi də çəkir. Amma diqqətimizi həm də o çəkir ki, Azərbaycanda seçkilər, sakit, normal tərzdə, demokratik prinsiplərə uyğun şəffaf keçirildiyi halda, bəzi beynəlxalq təşkilatlar həmin seçkiyə kölgə salmaq yolunu tutdu. Ermənistanda isə etiraz edən dinc insanlar döyülür, həbs edilir. Lakin baş verən bu olaya münasibətdə həmin beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirlər. Bu hal bir daha göstərir ki, həmin beynəlxalq təşkilatlar ikili standartlardan imtina etmək fikrində deyillər. Azərbaycana münasibətdə qərəzli yanaşmanı davam etdirirlər. 
Təbii ki, Ermənistana münasibətdə də xristian təəssübkeşliyindən çıxış edərək özlərinin dost olduğunu göstərməyə çalışırlar. Bütün bunlar üzücüdür, bizi narahat edən məqamlardır. Amma buna baxmayaraq, Azərbaycan öz seçdiyi doğru yolu bundan sonra da davam etdirəcək. İstənilən beynəlxalq təşkilatın münasibətindən asılı olmayaraq, dövlət olaraq öz müstəqil siyasətimizi yürütməkdə davam edəcəyik”.    
Milli Məclisin deputatı Elman Məmmədov bu qənaətdədir ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi Qərbi narahat etdiyindən, onlar ölkəmizdə baş tutan şəffaf seçkilərə də belə kölgə salmağa çalışırlar: “Bəzi xarici təşkilatların Azərbaycanda baş tutan şəffaf seçkilərə kölgə salmaları, Ermənistanda isə insanların ən adi hüquqlarını belə tapdalayan rejimin qaniçən əməllərinə göz yummalarının əsasında onların dövlətlərə, millət və xalqlara qarşı olan ikili standart siyasətləri, qərəzli mövqe sərgiləmələri, ikiüzlü siyasətləri dayanır. Bir çox  hallarda beynəlxalq qurumlar baş verən bu və yaxud digər proseslərə obyektivliyi bir kənara ataraq, özlərinə sərf edən prizmadan yanaşırlar. Bəzən görürük ki, Afrikanın geridə qalmış hansısa bir ölkəsində seçki keçirilir, Avropadakı həmin təşkilatlar onu bəyənən bəyanatla çıxış edirlər. Ancaq hər hansı bir inkişaf etmiş ölkədə baş tutan şəffaf seçkilərə min cürə şər-böhtan yağdırırlar. Bu hal onların obyektivlikdən uzaq olduqlarını göstərməklə yanaşı, dövlətlərə olan münasibətindən irəli gəlir. 
Ermənistanda həmişə rejim tərəfindən etiraz edən xalqa münasibətdə zor tətbiq edilib. Bu ölkədə parlamentin gülləbaran edilməsinin də şahidi olduq. Ermənistan əhalisinin yarıdan çoxu heç ölkə daxilində deyil. Rəsmi rəqəmlərdə ölkədə 3 milyon insanın yaşadığını qeyd edirlər, heç 1,5 milyon əhali belə yaşamır. Heç seçkilərdə səs verənlərin böyük əksəriyyəti Ermənistanda yaşamır. Ermənistanda keçirilən seçkilərdə ən böyük saxtakarlıqlara yol verirlər. Amma buna baxmayaraq, Avropadakı qurumlar işğalçı ölkədə keçirilən seçkilərə normal baxır, onu bəyənirlər. Azərbaycan isə şəffaf, qanunun tələb etdiyi çərçivədə seçki keçirsə də, ölkəmizdə baş tutan digər məsələlər kimi, seçki prosesinə də qərəzlə yanaşırlar. Bu da ondan irəli gəlir ki, Azərbaycan onların istəyi, çubuğu və göstərişilə oturub durmur. Azərbaycan müstəqil yol tutub, öz müstəqil siyasətini yürüdür. Bu fonda da ölkəmiz inkişaf edir ki, belə vəziyyət isə xaricdəki dairələrin xoşuna gəlmir. Seçkiləri həmin qurumlar deyil, Azərbaycan xalqı keçirir. Azərbaycan xalqı öz iradəsini ifadə edir, sözünü deyir. Bu mənada kənardan nə deyirlər desinlər, onun ölkəmiz üçün o qədər də əhəmiyyəti yoxdur. Fakt odur ki, xalq yekdil olaraq İlham Əliyevə səs verdi, öz gələcəyi və inkişafını etibarlı əllərə tapşırdı. Dövlətimiz, millətimiz üçün uğurlu, düşərli olsun. Daha böyük nailiyyətlər qazanaraq, düşmən üzərində qələbə çalmaqla torpaqlarımızı işğaldan azad edək. Bunun üçün də Azərbaycan xalqı sözünə, vədinə əməl edən, stabillik və tərəqqini, inkişafı, təhlükəsizliyimizi daha da möhkəmləndirən İlham Əliyevə səs verdi. 
Kənardan kim nə deyir desin, belə şeylərə keçən əsrin 90-cı illərin əvvəllərindən öyrəşmişik. Xalqla hakimiyyətin vəhdəti fonunda onların bu şər və böhtanları əhəmiyyətsizdir”.
Rüfət NADİROĞLU    

 

Sizin Reklam Yeriniz