Əlaqə Arxiv
news Image
2018.04.19
09:30
| A A A
Qarabağ münaqişəsinin dinc yolla həllinin optimal yolu
Akademik Ramiz Mehdiyevin yeni məqaləsində sülh yolunun iqtisadi anatomiyası dəqiqliklə verilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin qələmə aldığı “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsi elmi təhlilçiliyi və konseptual proqnozları ilə seçilir. Respublikanın son 15 illik iqtisadi tərəqqisinin konturlarını müəyyənləşdirən məqalə həm də ölkənin ən ağrılı məsələsi olan Qarabağ probleminin həllində iqtisadi amillərin oynadığı rolun əhəmiyyətindən bəhs edir. 

Beynəlxalq təşkilatların illik hesabatları və statistik məlumatlar təsdiq edir ki, Azərbaycanın 2003-cü ildən başlayan yeni inkişaf mərhələsi öz sürətinə görə nəinki keçmiş sovet respublikalarını, hətta dünyanın digər bölgələrindəki inkişaf etməkdə olan ölkələri və bir sıra inkişaf etmiş ölkələri də qabaqlayıb. Təsadüfi deyil ki, beynəlxalq aləmin bəzi iqtisadçı alimləri bu fenomenal hadisənin mahiyyətini öyrəniblər. Çünki, müharibə vəziyyətində olan ölkənin bu cür nailiyyətə imza atması asan məsələ deyil və iqtisadi siyasətin kamillik və məqsədyönlülük dərəcəsinin yüksəkliyini göstərir. Üstəlik, bu siyasətin çox mühüm qollarından biri Qarabağ münaqişəsinin həllinə yönəlir.  
Ramiz Mehdiyev məqaləsində İlham Əliyevin iqtisadi siyasətinin müasir dövrdə oynadığı roldan yazır: “Milli iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil artır. Ali Baş Komandan ordu potensialımızın gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə bəyan edir. İqtisadi müharibədə Azərbaycanın mövqeyinin getdikcə güclənməsini nəzərə alaraq, onun daha sərt və sistemli bir şəkildə davam etdirilməsini zəruri hesab edirik. Artıq dünyada əks mövqedə dayanan ölkələr bir-birlərini silahla deyil, əsasən iqtisadi vasitələrlə zəiflətməyə üstünlük verirlər”. 
Dövlət başçısının iqtisadi siyasətinin çoxvektorlu istiqaməti məqalədə faktlarla göstərilir və onun anatomiyası açılır. Yəni, eyni zamanda xalqın maddi-rifah halının yüksəldilməsi ilə yanaşı ordunun gücləndirilməsi, məcburi köçkünlərin mənzillə təmin edilməsi, düşmənə qarşı informasiya müharibəsinin genişləndirilməsi zərurəti uğurla həyata keçirilir. Bu zəhmətin nəticəsi isə göz qabağındadır. Bununla bağlı məqalədə deyilir: “Hər bir dövlətin başlıca vəzifəsi ölkə vətəndaşları üçün layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Lakin Ermənistan hökuməti bu vəzifəni yerinə yetirmək əvəzinə, işğalçı və separatçı mövqeyi ilə öz vətəndaşlarını məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə “Dağlıq Qarabağ uğrunda mübarizə”yə qalxmış ermənilər, indi öz fiziki mövcudluğunu qoruyub saxlamaq üçün mübarizə aparırlar. Sosial vəziyyəti kəskinləşməkdə olan ermənilər vaxt gələcək özləri Ermənistan rəhbərliyini işğalçı və separatçı mövqedən çəkindirməyə məcbur edəcəklər. Əks halda, Azərbaycan tərəfdən Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam etdirilməsi işğalçı ölkəni sosial partlayış həddinə gətirib çıxaracaq. Bunun da acı nəticələrini həm Ermənistan rəhbərliyi, həm Ermənistan vətəndaşları, həm də Qarabağ erməniləri hiss edəcək…”. 
Faktlar akademikin təhlil edərək ortaya çıxardığı nəticəni təsdiqləyir. Bu günlərdə Ermənistanda baş verən proseslər dübut edir ki, ölkədə vəziyyət həddən ziyadə acınacaqlı və çıxılmaz durumdadır. Azərbaycana qarşı təcavüzkar əməllərindən əl çəkməyib düşmənçilik edən erməni siyasi isteblişmentinin xalqın güzəranını yaxşılaşdırmaq üçün yeganə məqbul yolu Azərbaycanla münasibətləri yoluna qoymaqdan keçir. Əks halda ağır həyat tərzi, iqtisadiyyatın dağılması ölkənin mövcudluğunu təhdid etməkdə davam edəcək. İlham Əliyevin iqtisadi diplomatiyasının  dinc yolla təsir gücü bu dərəcədə səmərəli və həlledicidir. 
“Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” məqaləsində iqtisadi diplomatiyanın mahiyyətinin açılıb göstərilməsi bu sahədə daha sistemli şəkildə fəaliyyət göstərməyi ehtiva edir bu işləri elmi cəhətdən stimullaşdırır. Bu nəticə həm də ona dəlalət edir ki, dövlət başçısının diplomatik gedişlərinin yeni, daha səmərəli nəticələri qarşıdakı illərdə vəziyyəti ölkəmizin xeyrinə sanballı formada dəyişəcəkdir.
N.NOVRUZ
 

Sizin Reklam Yeriniz