Əlaqə Arxiv
news Image
2018.04.20
09:00
| A A A
Ermənistanın hərb müstəvisində də Azərbaycanda çox geridə qaldığı növbəti təsdiqini tapdı
Ədalət Verdiyev: “Rusiyanın 102-ci bazasının silahlarını öz silahları kimi parada çıxardıb nümayiş etdirməsə, Ermənistanın siyahıda yeri daha da aşağıda olar” Abuzər Əbilov: “Rusiyadan asılı olduğuna görə Ermənistan son model silahlardan çox uzaqdır”

Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur. Bu barədə "Global Firepower Index" (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında bildirilir. Başqa sözlə, Azərbaycan ötən illə müqayisədə (59-cu yer) mövqeyini möhkəmləndirib. Reytinqə əsasən, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir. 

Qeyd edək ki, bundan əvvəl açıqlanan müxtəlif hesabtalarda da Azərbaycan Ermənistandan çox irəlidə olub. Ekspertlərin sözlərinə görə, bütün bunlar beynəlxalq miqyasda Ermənistana xəbərdarlıqdır. 
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirir ki, Ermənistanın 84, Azərbaycanın isə 53-cü yerdə qərarlaşması normal haldır: “Lakin Ermənistanın daha da aşağıda olması gərəkirdi. Sadəcə, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının silahlarını hərbi paradda nüşayiş etdirməsi xarici müşahidəçiləri bir qədər çaşdırır. 
Rusiyanın 102-ci bazasının silahlarını öz silahları kimi parada çıxardıb nümayiş etdirməsə, Ermənistanın siyahıda yeri daha da aşağıda olar. Hamı da bilir ki, Azərbaycan Ordusu Ermənistan ordusu ilə müqayisəedilməyəcək qədər güclüdür. Ən azından hərbi büdcədə 4 dəfədən çox üstünlüyümüz var. Hətta hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycanın tək İsraillə 5 milyard dollarlıq silah ticarəti Ermənistanın 10 illik hərbi büdcəsinə bərabərdir. Bu yetərlidir. 
Üstünlüyümüzü sübut etmək üçün digər arqumentlərə o qədər də ehtiyac qalmır. Üstəgəl, son illərin əməliyyatları həmin rəqəmlərin təsadüfi olmadığını göstərir. O baxımdan da Ermənistan öz gücü ilə qalarsa, bu ərazilərdə heç bir iddiası ola bilməz. Ağlı başında olan dövlət ən azından öz imkan və gücünü real olaraq dəyərləndirməlidir. Sadəcə, Rusiyanın regionda olan maraqları Ermənistanı bəzən başından böük danışmağa icazə verir”. 
Ekspert əlavə etdi ki, Ermənistan bu rəqəmlərdən bir dərs çıxartmazsa, Ordumuz onların yadına bəzi detalları xatırlada bilər: “Ən azından bir-iki istiqamətdə müdafiəni yarmaqla, müəyyən strateji yüksəklikləri əldə etməklə Ermənistanın yaddaşını təzələmək lazımdır”.
Hərbi məsələlər üzrə digər ekspert Abuzər Əbilov bildirdi ki, artıq Azərbaycan Ordusu dünyanın ən güclü ordular sırandadır: “Lakin bunu silah rəqabətində yox, Ordunun müasirləşməsi, standartlara cavab verməsi kimi qəbul etmək lazımdır. Müstəqil dövlət dünyada müasir ordu quruculuğunda da yerini tuta bilməlidir. Ermənistan onsuz da bu kimi reytinqlərdən dərs çıxardır. Ancaq hansı səviyyədə? 
Ermənistan siyasətdə olduğu kimi ordusunu müasirləşdirmək istiqamətində də səhv addımlar atır. Rusiyadan asılı olduğuna görə Ermənistan son model silahlardan çox uzaqdır. Ölkənin hərbi sistemi bütövlükdə Rusiyadan asılıdır ki, nəticədə müasir silahlara yolu bağlanıb. Ermənistan bundan dərs çıxartmaq istəyəcək. Lakin bu gün iqtisadi cəhətdən elə də yaxşı vəziyyətdə deyil ki, Azərbaycanın aldığı silah qədər keyfiyyətli silah ala bilsin. Həm də Rusiya onun qarşısını alır. Odur ki, bu mövzuda Ermənistanın Azərbaycana yaxınlaşması mümkün deyil. Lakin düşməni qiymətləndirəməmək də səhvdir. Ona görə də Azərbaycan bundan sonra da Ordusunu gücləndirməlidir. Nəzərə alaq ki, Ermənistan Qarabağ məsələsinin həllində konstruktiv mövqe tutmaqdan çox uzaqdır. Ona görə də torpaqların azad olunması silahdan keçəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz