Əlaqə Arxiv
news Image
2018.04.20
08:44
| A A A
NATO və Rusiya barışıq məkanı kimi yenə Bakını seçirlər
Azərbaycan paytaxtı Qərb və Rusiya generalları arasında görüşlərin daimi dislokasiya yerinə çevrilib

Artıq bir neçə ildir ki, beynəlxalq təşkilatlar Azərbaycanın qısa zaman kəsiyində uğur qazanmasının əsas səbəbləri  ilə maraqlanır, qaynar bir regionda asayişin və təhlükəsizliyin qorunmasının başlıca prinsiplərini bilmək istəyirlər. Bəli, torpaqlarının 20 faizinin işğal altında olması səbəbilə müharibə şəraitində yaşayan dövlətimizdə sabitlik və firavanlıq inkişafımızın əsas alibidir. Bununla yanaşı, Azərbaycanın, böyüklüyündən yaxud kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə dil tapıb dostluq əlaqələri qurması, qarşıya çıxan siyasi problemlərin həllində optimal variantları tapması dünyanın mövcud siyasi durumunda maraqlı  təsir bağışlayır.

Qazanılan uğurlarda Azərbaycanın lideri Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi balanslı siyasətin rolu böyükdür. İlham Əliyev 15 illik rəhbərliyi dövründə Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirib, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verib.

NATO qüvvələri ilə birgə sülhməramlı tədbirlərdə iştirak etmək, ölkənin silahlı qüvvələrini NATO standarlarına uyğunlaşdırmaqla müasirləşdirmək və eyni zamanda öz döyüş təcrübəsi ilə seçilən Rusiya ordusunun bölmələri ilə fikir mübadiləsi etmək, bu ölkənin ali hərbi məkrəblərində təhsil almaq Azərbaycan rəhbərliyi tərəfindən yaxşı tarazlaşdırılır. Tarazlaşdırma adətən barışdırıcılıq missiyasının birinci mərhələsi sayılır. Bu mənada Bakı sülhsevərlik missiyasının daşıyıcısı rolunda çıxış edir. Və təsadüfi deyil ki, Qərb və Rusiya generalları son il yarımda artıq 3-cü dəfədir ki, paytaxtımızda görüşürlər.  

Ötən il fevralın 18-də Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda görüşü keçirilib. Bu mühüm görüşün üçün niyə məhz Bakının seçilməsinin səbəbi haqda o vaxt “Nyu York Times” qəzeti məlumat vermişdi. ABŞ-ın rəsmi hərbi dairələrinə istinadən qəzetin yazdığına görə  görüş yerinin seçimi asan olmayıb: Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib. Görüşdə tərəflər müxtəlif məsələlər, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə edilib.

2017-ci ilin sentyabrında isə Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib və bu görüşlə ölkəmizin dünyadakı nüfuzu və oynadığı rolun əhəmiyyəti artıb.
Bu görüşlərdə müxtəlif məsələlər, o cümlədən ABŞ və digər Qərb ölkələri ilə Rusiya arasında hərbi əlaqələrin mövcud durum və potensial böhranların qarşısının alınması üçün hərbi idarələr arasında ardıcıl və dəqiq kommunikasiya məsələləri, hərbi dialoqun yenilənməsi, olduqca gərgin olan Rusiya-NATO münasibətləri, Rusiya-ABŞ münasibətləri, Suriya ətrafında və Yaxın Şərqdəki böhran kimi məsələlər əsas diqqətdə saxlanılıb. Azərbaycan prezidentinin generallarla görüşlərində isə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün tərəflərin təklifləri müzakirə mövzusu olub.

NATO və Amerika ordu komandanlarının indiki gərgin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşı duran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Belə görüşlərdə generallar hansısa lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparır. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkir və qeyd olunur ki, iki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilməsi o deməkdir ki, geosiyasi proseslərin dinamikasında Azərbaycan daha böyük önəm kəsb etməyə başlayıb. Bu səbəbdəndir ki,  Qafqaz regionunda etibarlı ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqam regional və qlobal siyasətdə Bakının rolunun artmasının da real təsdiqidir.

Təbii ki, diqqət mərkəzində saxlanılan məsələlərdən birinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olması şübhəsizdir. Çünki, bu görüşlər Azərbaycan tərəfinin dünyanın fövqəldövlətlərinin yüksək rütbəli generallarına münaqişə ilə bağlı real vəziyyət, Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələri ilə bağlı birbaşa məlumat vermək imkanı yaradır. Generalların Bakıya budəfəki səfərində baş tutan görüşlər də istisna deyil.

Ümumilikdə isə belə yüksək səviyyəli görüşlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə rolu, vəzifələri və bununla paralel nüfuzu daha da yüksəlir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz