Əlaqə Arxiv
news Image
2018.04.21
11:00
| A A A
Hegemon güclərdən Azərbaycana böyük etimad
Hikmət Babaoğlu: “Bu, dünya dövlətləri tərəfindən ölkəmizin nüfuzlu, etibarlı tərəfdaş kimi qəbul edilməsinin bir nümunəsidir” Asim Mollazadə: “Bu görüşün ölkəmizdə baş tutması etibarlı tərəfdaş kimi Azərbaycanın yürütdüyü strategiyanın qəbul edilməsi deməkdir”

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti Bakıda görüşdülər. Yüksəkçinli hərbçilər arasında sayca üçüncü görüşün növbəti dəfə Bakıda keçirilməsi xüsusi maraq doğurur. 
Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, ABŞ-la Rusiyanın yüksəkçinli hərbçiləri arasında növbəti görüşün də Bakıda baş tutması Azərbaycanın beynəlxalq miqyasda artan nüfuz və çəkisilə bağlıdır: “Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində ziddiyyətli qütblərin maraqlarının uzlaşdırıldığı, əməkdaşlıq üçün platformanın yaradıldığı bir məkan kimi qəbul olunur. Bilirik ki, artıq ən müxtəlif mövqelərdə dayanan beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzləri nümayəndələrinin Bakıda görüşərək əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə etməsi bir ənənə halını alıb. Bu da Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Ona görə də həm NATO-nun əsasını təşkil edən ABŞ, həm də Rusiya ilə Azərbaycanın xüsusi münasibətlərinin olması və xüsusi həssaslıq tələb edən məsələlərlə bağlı hegemon güc mərkəzləri arasında ölkəmizin qızıl ortanı tapmaq bacarığı belə görüşlərin məhz Bakıda keçirilməsini şərtləndirir. Bu, Azərbaycan diplomatiyasının, Prezidentimizin həyata keçirdiyi xarici siyasətin milli maraqlarımız baxımından nə qədər önəmli olduğunu ortaya qoymaqla yanaşı, həmçinin dünya dövlətləri tərəfindən ölkəmizin nüfuzlu, etibarlı tərəfdaş kimi qəbul edilməsinin bir nümunəsidir. 
Generallar həmçinin Azərbaycan Prezidenti tərəfindən də qəbul olunub. Azərbaycan güc mərkəzləri arasında bir növ koordinəedici funksiyanı həyata keçirməyi bacarır. Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə yaxşı münasibətləri var. Eyni zamanda, hər iki güc mərkəzinin Azərbaycana etibar etməsi də görüşün Bakıda olması və prezidentimizin onları qəbul etməsində mühüm faktor kimi çıxış edib. Heç şübhəsiz ki, NATO və Rusiya generalları ilə görüş barədə Azərbaycan Prezidenti məlumatlandırılıb. Bundan sonra ölkəmizin də mənsub olduğu Yaxın Şərq regionu və MDB məkanında Rusiya- Amerika münasibətlərinin necə olması yeni keyfiyyət yaradacaq. Burada heç şübhəsiz, Azərbayan Prezidentinin də öz mövqeyi olacaq”.
Milli Məclisin deputatı Asim Mollazadə də vurğuladı ki, həmin görüş Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi anlamına gəlir: “Yaxşı haldır ki, Rusiya və NATO-nun ən yüksək hərbi rütbəli şəxsləri öz aralarındakı görüşləri məhz Bakıda keçirirlər. Burada da aydın məsələdir ki, mühüm və təhlükəli məsələləri müzakirə edirlər. 
Belə bir görüşün Bakıda baş tutmasının əsas səbəbi isə Azərbaycanın etibarlı tərəfdaş olması ilə bağlıdır. Azərbaycan həm ABŞ, həm də Rusiya üçün etibarlı tərəfdaş olduğunu təsdiq edə bilib. Ölkəmiz artıq öz strategiyasını dünyaya və bəşəriyyətin ən nüfuzlu ölkələrinə izah edə bilir. Məhz Azərbaycana inam olduğundan görüşün də Bakıda keçirilməsi ənənəsi formalaşıb. Əminəm ki, ənənənin davamı da olacaq. Azərbaycan çalışır ki, bütün ölkələrlə məhz tərəfdaşlıq müstəvisində öz siyasətini həyata keçirsin. Bu görüşün ölkəmizdə baş tutması həm də etibarlı tərəfdaş kimi Azərbaycanın yürütdüyü strategiyanın qəbul edilməsi deməkdir”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz