Əlaqə Arxiv
news Image
2018.04.21
11:21
| A A A
Azərbaycanda inkişafdan doğan islahatlar mərhələsi
Prezident tərəfindən anons edilən dəyişikliklər ölkənin qüdrətini daha da artıracaq

Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı hökumətin əldə edilmiş nailiyyətlərlə kifayətlənməli olmayacağıni bildirib: “Biz gələcəyə baxmalıyıq və baxırıq.  Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Bu, o deməkdir ki, qarşıdakı 7 illik prezidentlik dövründə dövlət başçısı ciddi siyasi, sosial-iqtisadi islahatlar, layihələr həyata keçirəcək. Bəs, bu proses ilk növbədə hansı sahələri əhatə edəcək? Bir məsələ var ki, sürətli inkişaf yolunda hər bir sahədə dəyişiklik qaçılmaz prosesdir. Həyat Azərbaycanda öz dinamikası ilə seçilir. Bu isə dailm yeniləşmə, təkmilləşmə və müasirləşmə hesabına təmin edilir. Ancaq hər bir halda elə sahələr var ki, ümumi tendensiya ilə uzlaşmır və həmin sahələrdə radikal dəyişikliklər etmək lazım gəlir. 
İlk növbədə islahatları həyata keçirməyə imkan verən kadrlardan ibarət komandanın formalaşdırılmasıdır. Məsələ burasındadır ki, komandanın tərkibinin işgüzarlıq əmsalını saxlamaq üçün o daim yenilənməli, daha gənc və perspektivli mütəxəssislər hesabına dolğunlaşdırılmalıdır. 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliklərə uyğun idarəetmə aparatının çevikləşdirilməsi və təkmilləşdirilməsi tədbirləri, yəqin ki, islahatların önündə gedəcək. İşi ləngidən, yeni siyasi durumda özünü doğrulda bilməyən bəzi dövlət strukturlarında ixtisarların aparılması yaxud hansısa idarələrin birləşdirilməsi bu mərhələdə başlayacaq və daimi xarakter daşıyacaq. 
Korrupsiyaya qarşı mübarizə daha operativ mərhələsinə qədəm qoyacaq və islahatlarla müşayiət olunacaq. “ASAN Xidmət” layihəsinin bütün bölgələrdə daimi şöbələrinin açılması bu işdə geniş vüsət alacaq. Vətəndaşların ictimai məmnunluğu korrupsiyanın kökünün kəsilməsində barometr rolunu oynayacaq. 
Gənc Azərbaycan demokratiyasının inkişafı, insanların hüquq və azadlıqlarına sadiqlik daha möhkəmlənəcək. Ermənistanın işğalının davam etməsi, xaricdəki bəzi düşmən qüvvələrin təxribatları fonunda demokratik quruculuğun davam etməsi siyasi islahatların özəyini təşkil edəcək. Əldə edilmiş sabitliyi qorumaq və islahatlar fonunda daha da möhkəmləndirmək hazırkı dövrün başlıca vəzifələrindəndir. Prezident İlham Əliyevin bu sahədəki qətiyyəti məlumdur və qeyd etmək lazımdır ki, nailiyyətlərin qazanılması üçün bu faktor cəmiyyətdə sanballı çəkiyə malikdir. Bu amili xarici partnyorlar da daim vurğulayırlar. 
İqtisadi islahatlar daha böyük miqyasda həyata keçiriləcək. Bu vaxtadək ölkədə  yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə, işsizlik 5 faizə düşüb. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycanın iqtisadi uğurları dünyanın aparıcı maliyyə, o cümlədən iqtisadi təsisatlarının hesabatlarında geniş yer alır. Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyəti baxımından Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişaf edən ölkələr sırasında üçüncü yerdədir.
Bu faktlar beynəlxalq aləmə inteqrasiya üzrə sanballı göstəricilər sayılır və o demək dir ki, qarşıdakı illərdə ölkəmizin beynəlxalq layihələrdə, enerji təhlükəsizliyi işində rolu xeyli  genişlənəcək. 
Beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinin təkmilləşdirilməsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, daxildə qeyri-neft sektorunun çiçəklənməsi üçün sahibkarlıq fəaliyyətinin daha da sadələşdirilməsi və onun səmərəliliyin artırılması iqtisadi islahatların önündə gedəcək. 
Prezidentin andiçmə mərasimindən iki gün sonra islahatlara start verilib. İlk addım ölkədə siyasi mədəniyyətin yeni fazaya keçilməsi ilə bağlıdır. Belə ki, seçki təbliğatı dövründə digər namizədlər tərəfindən irəli sürülən təkliflərə dövlət başçısı tərəfindən göstərilən diqqətdir. Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.  İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. Həmin kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq.
Beləliklə, qarşıda Azərbaycan vətəndaşlarını sosial-iqtisadi vəziyyətin yüksəldilməsi, mədəniyyətin inkişafı ilə bağlı hərarətli çağırışlarla zəngin tərəqqi islahatları gözləyir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz