Əlaqə Arxiv
news Image
2018.04.21
09:30
| A A A
İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
Elşən Mustafayev: “Hakimiyyət “Qarabağ klanı”nın əlindən çıxarsa, bu halda Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində də müəyyən irəliləyişlər ola bilər”

Ermənistanda son hadisələr göstərir ki, İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir. Qeyd edək ki, uzun illərdir Ermənistanı məhz işğalçılıq siyasəti aparan “Qarabağ klanı” idarə edir. Əvvəlcə Robert Köçəryan, indi də Serj Sarkisyanın timsalında. İkincisi hətta prezidentlik müddəti başa çatandan sonra Konstitusiyada edilən dəyişiklikdən “yararlanmağa” çalışaraq indi də baş nazir qismində ölkəni idarə etməkdə davam edir. “Qarabağ klanı”nın hakimiyyətdə olması isə Ermənistanın əksər yerli vətəndaşlarının heç də marağına cavab vermir. Həmçinin onu da qeyd edək ki, “Qarabağ klanı” hər vəchlə çalışır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvo vəziyyəti dəyişməsin. 

Sarkisyanın baş nazir olmasına qarşı çıxan kütlənin çıxışı həm də ondan xəbər verir ki, budəfəki etiraz aksiyası əvvəlkilərlə müqayisədə daha ciddiliyilə seçilir. Etiraz aksiyasında çıxış edənlər əsasən tələbələrdir ki, onlar da əvvəlki dövrlərə nisbətən mübarizədə daha qətiyyətli görünürlər. Bu fonda isə istər-istəməz “Qarabağ klanı”nın hakimiyyətdəki mövqeyi laxlaya bilər. Bəs, Ermənistanın “Qarabağ klanı”ndan xilas olması baş verərsə, Dağlıq Qarabağ münaqişəsinin gedişində hansısa dəyişikliklərin olacağını gözləmək olarmı?
Politoloq Elşən Mustafayevin fikrincə, “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Qarabağ münaqişəsinin həlli prosesinə yeni çalarlar gətirə bilər: “Sözsüz ki, hər birimizə əvvəldən də aydındır ki, Ermənistan daxilində Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasında maraqlı olmayan əsas qüvvə məhz “Qarabağ klanı”dır. Çünki, Qarabağ müharibəsi dalğasında hakimiyyətə gələn həmin klan məhz bu mövzu ətrafında populist patriotizm çıxışları nəticəsində hakimiyyətlərini qoruyub saxlaya biliblər. Ermənistanda həmin klandan ciddi narazılığın olması da heç kimə sirr deyil. Dəfələrlə bu qeyd olunub. Sarkisyan özü də rəsmən açıq şəkildə etiraf edib ki, əhalinin yarıdan çoxu onların əleyhinədir. 
Məlumdur ki, Sarkisyanın bu mövqeyi Rusiyanın mövqeyilə üst-üstə düşür. Bu günə qədər Sarkisyanı hakimiyyətdə saxlayan da məhz Moskvadır. Əks halda, Sarkisyan çoxdan narazı kütlə tərəfindən hakimiyyətdən salınmışdı. Prosesin gedişi belə deməyə əsas verir ki, Kreml hələlik Sarkisyanı dəstəkləmək qərarındadır. Onu da bildirim ki, Ermənistanda Sarkisyana qarşı yönələn hazırkı etiraz aksiyası bu günə qədər olanlardan daha genişmiqyaslı və yeni baş nazir üçün daha təhlükəlidir. Bu etiraz aksiyasının parlament müxalifəti tərəfindən təşkil edildiyi və onun bütün ölkəyə yayıldığını nəzərə alsaq, Sarkisyanın çıxılmaz duruma düşdüyü bütün çılpaqlığı ilə üzə çıxır. 
Hazırda əsas məsələ, etiraz edənlərin istəklərinə çatıb-çatmayacaqları ilə bağlıdır. İndilikdə onlar Sarkisyanın baş nazir olmasına qarşı çıxırlar. Sözsüz ki, buna nail olsalar, növbəti mərhələdə parlamentin buraxılmasını tələb edəcəklər. Axı, Sarkisyan etirazların təsiri altında hakimiyyətdən getməli olsa, hazırkı parlamentin strukturuna baxanda, baş nazir postuna yenidən “Qarabağ klanı”nın öz namizədliyilə çıxış edəcəyi və buna nail olacaqları da istisna deyil. Etirazçıların öz istəklərinə tam nail olacağını demək olmaz. Ola bilsin, buna nail olsunlar. Amma böyük ehtimalla Moskva müdaxilə edərək, prosesin nəzarətindən çıxmasına imkan verməsin. Rusiyanın siyasi maraqlarının Cənubi Qafqazda təmin edilməsində forpost qismində bilirsiniz ki, məhz Ermənistan çıxış edir. Kreml Cənubi Qafqaqza məhz Ermənistan vasitəsilə təsir göstərir. Bu mənada Ermənistanın itirilməsi Moskva üçün Cənubi Qafqazın tamamilə itirilməsi anlamına gələcək. Fikrimcə, Ermənistanda baş verən hadisələrə yaxın günlərdə Qərbin də müdaxiləsi olacaq. Bildiyimə görə, həmin etirazın başında dayananlar Qərbə müsbət münasibətdə olan insanlardır. Onlar da bu məsələ ilə bağlı bəlkə də Qərbin müəyyən dəstəyini alıb. Sarkisyan iqtidardan salınarsa, sözsüz ki, Rusiyanın da “b” planı ola bilər. Ermənistanda yeni qüvvənin gəlməsilə Dağlıq Qarabağ konfliktinin həllində nələrin baş verə biləcəyinə gəldikdə, sözsüz ki, yenilərlə bu münaqişənin çözümü prosesində dəyişikliklərin ola biləcəyi ehtimalı daha böyükdür. Nəinki, hakimiyyətdə olan “Qarabağ klanı”nın öz iqtidarını yenidən saxlaması fonunda. Bu gün Ermənistanda xeyli sayda siyasətçi var ki, Dağlıq Qarabağ probleminin Ermənistana vurduğu ziyanı açıq şəkildə etiraf edir və problemin həllinin ölkələri üçün xeyirli olduğunu bildirirlər. Yəni, həmin qüvvələrdə Sarkisyandan fərqli olaraq məsələyə yanaşmada müəyyən qədər yumşalma hiss olunur. Ona görə də dəyişiklik olarsa, üzdə deyil, sözün əsl mənasında hakimiyyət “Qarabağ klanı”nın əlindən çıxarsa, bu halda Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı məsələdə müəyyən irəliləyişlərin ola bilməsi ehtimalı vardır. Lakin əsas məsələ odur ki, ortada olan Rusiya faktoru qalmaqdadır. Rusiya həll prosesini istəməsə, onun əldə edilməsi də çətin olacaq. Ermənistanda vəziyyət o qədər gərgindir ki, silah tətbiq edilməsi də baş verə bilər. Yəni, ortalığa qan düşərsə, ölüm hadisəsi baş verərsə, bu zaman Sarkisyanı heç nə xilas etməyə bilər. Hər halda proseslər Ermənistanda artan istiqamətdə gedir, bu fonda hələlik enişin olduğunu görmürəm”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz