Əlaqə Arxiv
news Image
2013.04.04
17:24
| A A A
Prezident İlham Əliyevə "İlin adamı" mükafatı təqdim olunub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də "The Business Year" jurnalının baş direktoru xanım Ayse Nazir Valentini, jurnalın baş redaktor Ceyson Conu və buraxılışa məsul əməkdaşlarını qəbul edib.

İnvestisiyaların təşviqi və nəşrlər üzrə ixtisaslaşan "The Business Year" jurnalının baş direktoru xanım Ayse Nazir Valentin ölkəmizlə bağlı layihələrə ilk dəfə 2010-cu ildə başladıqlarını məmnunluqla qeyd etdi. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20 illiyi və 2012-ci ildə isə "Eurovision" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı buraxılışlarının maraqla qarşılandığını qeyd edən qonaq bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı xüsusi material hazırladıqlarını dedi.

Dövlətimizin başçısı jurnalın Azərbaycanın təşviqi ilə bağlı gördükləri işləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev "The Business Year" jurnalının ingilis dilində Azərbaycanla bağlı geniş auditoriya üçün nəzərdə tutulan və müxtəlif yanaşmalarla zəngin olan bu nəşrinin ölkəmizin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün yaxşı imkan yaratdığını dedi. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlərin jurnalda ətraflı təhlil olunmasını yüksək qiymətləndirən dövlətimizin başçısı "The Business Year: Azerbajan-2013" xüsusi buraxılışının əhəmiyyətini qeyd etdi.

"The Business Year" jurnalının Prezident İlham Əliyevi "İlin adamı" seçdiyini qeyd edən jurnalın baş redaktoru Ceyson Con bunun Azərbaycanda iqtisadi artımın yüksəlişi, ümum daxili məhsulun son 5 ildə sürətlə artaraq 4-5 milyard dollardan 25 milyard dollara çatması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə edilən böyük uğurlarla bağlı olduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Prezident "İlin adamı" mükafatına görə təşəkkürünü bildirdi. Sonra dövlətimizin başçısı Azərbaycanda əldə olunan bütün uğurların əsasında ölkənin sürətli iqtisadi inkişafının dayandığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində neft-qaz amilindən asılılıq azalıb, neft gəlirlərinin şəffaf şəkildə insanların və ölkənin mənafeyi naminə istifadə olunması nəticəsində son 10 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə qədər enib. İnformasiya-kommunikasiya texnologiyaları sektorundakı sürətli inkişafa toxunan dövlətimizin başçısı Azərbaycanın kosmik ailənin üzvü olmasının önəmini qeyd etdi. 2013-cü ilin ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu deyən Prezident İlham Əliyev bu sahədə əldə edilən uğurlardan danışdı. Dövlətimizin başçısı ölkəmizin nüfuzunun beynəlxalq aləmdə getdikcə möhkəmləndiyini xüsusi vurğuladı.

Prezident İlham Əliyev "The Business Year" jurnalının enerji, ticarət, biznes, investisiya, mədəniyyət və digər sahələrdə Azərbaycanı olduğu kimi təqdim etdiklərinə görə təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Sizin Reklam Yeriniz