Əlaqə Arxiv
news Image
2018.04.25
09:00
| A A A
Gözdən düşmüş rəhbər heç kimin işinə yaramır
Cinayətkar baş nazir devrildi, erməni siyasəti forpostluqdan çıxa biləcəkmi?

Serj Sarkisyanın Ermənistan rəhbərliyindən uzaqlaşdırılması demək olar ki, hamının arzusu idi. İlk növbədə Rusiya üçün o, potensialı tükənmiş və mənən kifayət qədər aşınmış kadra çevrilmişdi. Forpost olsa da, gözdən düşmüş rəhbər heç kimin işinə yaramır. Erməni xalqı və siyasi elitası üçün Sarkisyan Qarabağ klanının nümayəndəsi və onlar üçün hakimiyyət yaratmış “yadelli” hakimiyyət qəsbkarı sayılırdı. Onu İrəvanda sevmirdilər. Qərb ona açıq şəkildə qucaq aça bilmirdi, ona görə ki, Xocalı qətliamının təşkilatçısı kimi alnında cinayətkarlıq damğası vardı. Ermənistanın düşmənçilik etdiyi Azərbaycan da öz vətəndaşı olan bu erməninin hakimiyyətdən getməsini istəyirdi, çünki Qarabağ münaqişəsinin həllində bu adam istəsə də səmərəli rol oynamaq imkanından məhrum idi. Daha bir mühüm səbəb Ermənistanın Rusiyanın forpostu olmaq kimi dünya siyasətində formalaşmış mənfi imic də ümumi ab-havaya əks təsir edirdi. Buna son qoymağın vaxtı çatmışdı. 

İndi ekspertləri və politoloqları bir sual düşündürür: hadisələrin önündə gedən və xususi bir fəaliyyəti ilə fərqlənməyən Nikol Paşinyan Sarkisyan kimi qartımış bir vəzifə qurdunu necə aşıra bilib. Təbii ki, bu adamın arxasında qüvvə durur, sadəcə həmin qüvvənin kimliyi bilinməlidir ki, vəziyyətin hansı məcrada inkişaf edəcəyi barədə düşünmək mümkün olsun. Söz yox ki, Ermənistan kimi ayaqaltı dövlətdə supergüclərin kəşfiyyat xidmətləri cövlan edir. Paşinyanın mitinqçiliyinin və əhalini küçələrə çıxarmasının təşkilində bu xidmətlər əsas rol oynayır. 11 günlük etiraz nümayışlərində hadisələrin mahiyyətinə əsasən demək olar ki, aksiyalar Kremlin arzusu və idarəçiliyi ilə həyata keçirilib. Qərb faktoru indiki məqamda Ermənistanda belə geniş tədbirlərin təşkili üçün hazır deyil. Bu versiyanı yalnız forpostluq institutunun xarakteri müəyyənləşdirir. Rusiya Karen Karapetyanı göndərmişdi ki, Sarkisyanı dəyişsin. Lakin Sarkisyan vəziyyəti düzgün qiymətləndirə bilmədi və Kremlə göstərdiyi xidmətlər sayəsində daha da dərinə getməyi mümkün saydı. Daha anlaya bilmədi ki, forpostluğun çərçivəsindən kənara çıxmaq olmaz. Sadəcə, Rusiya qan tökmək yox, demokratiya pərdəsi altında istəyini həyata keçirdi və Sarkisyanın qansız devrilməsini uğurla başa çatdırdı. 
Hadisələrin bundan sonrakı gedişi də tərəflərin maraq dairəsindədir. Rusiya öz adamını baş nazir kürsüsünə asanlıqla oturda biləcəkmi? İndi bu kürsü uğrunda Qərbin adamının da mübarizə aparacağı şəksizdir. Güman ki, mübarizənin nəticəsi yaya qədər məlum olacaq. 
Azərbaycan üçün başlıca məsələ baş vermiş yeniliklərin Qarabağ münaqişəsinin həllinə nə verə biləcəyidir. Açığı, müzakirələrdə müsbər meyillərin yaranması labüddür. Çünki, danışıqlar stolu arxasında artıq Ermənistanda doğulub böyümüş və oranı özünə vətən sayan şəxs əyləşəcək. Təbii ki, yenə də siyasətin topdağıtmaz atributları ilə Qarabağ məsələsi şüarlarda öndə gedəcək. Amma yeni baş nazir yeni möhkəmlətmək, Kremlə sərf edən sakit cəmiyyət yaratmaq və müharibə səbəbinmdən ölkədən qaçanları saxlamaq üçün Moskvanın mənafeyini unutmamaq şərtilə münaqişənin sülh yolu ilə nizamlanmasına çalışacaq. Azərbaycana da bu lazımdır ki, müharibəni danışıqlarla əvəz edib torpaqları üzərində hakimiyyətini bərpa etsin. Güman olunur ki, bu yol Moskva üçün də, İrəvan üçün də məqbuldur. Dağlıq Qarabağa isə, ehtimal ki, Azərbaycanın təklif etdiyi “muxtar respublika” statusu veriləcək. 
Ola bilsin ki, Qərb bu işə mane olmağa çalışsın. Çünki, Qafqazda möhkəmlənmək və ya bu istiqamətdə Rusiyanın mövqeyini zəiflətmək üçün bir sıra tryuklarda bulunsun. Hətta danışıqları pozmaq və ya Xankəndindəki qondarma rejimə qəyyumluq etmək də Qərb üçün bir vasitəyə çevriləcək. Amma çətin ki, onun maneçiliyi ciddi əngəl olsun. Almaniyanın federal kansleri Anjela Merkelin dediyi kimi, Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir.
N.NOVRUZ    

Sizin Reklam Yeriniz